"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“Peşəkar ofisiant” startap layihəsi üzrə sertifikatların təqdimat mərasimi keçirilmişdir

28 fevral 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Turizm Departamenti tərəfindən hazırlanmış “Peşəkar ofisiant” startap layihəsi üzrə sertifikatların təqdimat mərasimi keçirilmişdir.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov açaraq bildirmişdir ki, “Peşəkar ofisiant” startap layihəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamına əsasən təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq hazırlanmışdır.

Qeyd olunmuşdur ki, muxtar respublikamızda vüsət almış abadlıq və quruculuq işləri turizm sahəsinin də inkişafına əhəmiyyətli dərəcədə təsir etmişdir. Son illər muxtar respublikanın tarixi-mədəni irsinin tanıdılması, müalicə mərkəzlərinin yenidən qurulması, yeni hotellərin və ictimai-iaşə obyektlərinin istifadəyə verilməsi, ümumilikdə həyata keçirilən abadlıq-quruculuq işləri turizmin inkişafına təkan vermiş, muxtar respublikaya gələn turistlərin sayı ilbəil artmışdır. Bütün bunlar isə Naxçıvan Muxtar Respublikasının geniş turizm potensialından ən səmərəli şəkildə istifadəyə hesablanmışdır.

Əkbər Novruzov “Peşəkar ofisiant” startap layihəsinin  turizm sahəsində xidmətin keyfiyyətinə müsbət təsir göstərəcəyinə əmin olduğunu bildirərək qeyd etmişdir ki, ötən dövr ərzində layihə çərçivəsində ofisiantların həm nəzəri biliklərinin artırılması, həm də praktik bacarıqlarının təkmilləşdirilməsi istiqamətində bir sıra təlimlər keçirilmişdir. Mənimsənilmiş biliklərin qiymətləndirilməsi məqsədilə 25 fevral 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində “Peşəkar ofisiant” startap layihəsi üzrə sertifikasiya imtahanı keçirilmişdir. İmtahanın tam şəffaf keçirilməsi məqsədilə Departamentdə İmtahan komissiyası yaradılmış və imtahanın gedişinə ciddi nəzarət edilmişdir. Vurğulanmışdır ki, ilk dəfə keçirilməsinə baxmayaraq layihə iştirakçılarının imtahan nəticələri olduqca ürəkaçandır. İmtahanın nəticələrinə görə digər həmkarlarından daha yüksək nəticə göstərmiş ofisiantlar üçün xüsusi sertifikatlar hazırlanmışdır. Qeyd olunmuşdur ki, təqdim edilən sertifikatlar ofisiantların gələcəkdə işlə təmin olunmasını asanlaşdırmaqla yanaşı, onların gələcək karyerası üçün də əhəmiyyətli olacaq.

Turizm sahəsində xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərin davamlılığını təmin etmək məqsədilə bu tipli layihələrin gələcəkdə də mütəmadi olaraq keçiriləcəyini vurğulayan Əkbər Novruzov bildirmişdir ki, muxtar respublikamızda fəaliyyət göstərən hotellərdə və ictimai iaşə obyektlərində sertifikatlı personalın sayının artması turist məmnunluğunun yüksəlməsinə, həm də gəlmə turizmin inkişafına müsbət təsir göstərəcəkdir.

Təqdimat mərasimində “Nəqşicahan Holdinq Şirkətlər Qrupu” MMC-nin iqtisadi məsələlər üzrə direktor müavini Rifat Mahmudov çıxış edərək bu cür layihələrin işçilərin peşə hazırlığının yüksəldilməsi və turizm xidmətlərinin keyfiyyətinin artması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd etmiş, gələcəkdə də bu cür layihələrin davamlı olaraq keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu vurğulamışdır.

Sonra sertifikasiya imtahanında uğurlu nəticə göstərən 6 nəfər layihə iştirakçısına Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin müvafiq Sertifikatı təqdim edilmişdir.

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov təqdimata yekun vuraraq qalibləri bir daha təbrik etmiş və fəaliyyətlərində uğurlar arzulamışdır.

00447426
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
434
187
1662
1193
447426

Tarix: 04-04-2020
Biz, sosial şəbəkələrdə: