"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 134-cü teatr mövsümünün açılışı olub

Oktyabrın 5-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı Nəriman Nərimanovun “Nadir şah” tarixi faciəsi əsasında hazırlanmış tamaşa ilə 134-cü teatr mövsümünə başlayıb. 

Tamaşadan əvvəl Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək Naxçıvan teatrının keçdiyi inkişaf yolundan danışıb, bu sənət ocağının tamaşaçıların maariflənməsindəki xidmətlərindən söhbət açıb. Qeyd olunub ki, Naxçıvan teatrı həmişə Azərbaycan teatr hərəkatının önündə gedərək tamaşaçıların mənəvi və estetik tərbiyəsində mühüm rol oynayıb, insanları işıqlı amallar uğrunda səfərbər edə bilib, milli dirçəliş və oyanışın carçısına çevrilib. Teatr heç zaman dar sənət çərçivəsində qalmayıb; böyük bəşəri və milli məsələləri səhnəyə gətirməklə Naxçıvan teatrı daim tamaşaçı sevgisi qazanıb. Sənət məbədinin tarixinə nəzər salarkən aydın görünür ki, dramaturgiyamızın elə bir görkəmli sənətkarı yoxdur ki, onların əsərləri teatrın səhnəsində tamaşaya qoyulmasın.

Azərbaycan, eləcə də Naxçıvan teatrının inkişaf tarixindən bəhs edən nazir vurğulayıb ki, teatrlarımızın yaradıcılıq axtarışlarının genişləndirilməsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu öndər Heydər Əliyevin diqqət və qayğısı ilə ötən əsrin 70-ci illərindən etibarən Naxçıvan teatrı davamlı inkişaf yoluna çıxıb, tariximizi, mədəniyyətimizi, milli dəyərlərimizi təbliğ edən tamaşalara daha çox diqqət yetirməyə başlayıb. Müstəqillik illərində də teatrımız daim dövlət qayğısı ilə əhatə olunub, teatrın maddi-texniki bazası gücləndirilib, yaradıcılıq imkanları genişləndirilib. “Teatrlarımıza göstərilən dövlət qayğısı bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir”, – deyən Natəvan Qədimova bildirib ki, 2006-cı ildə qəbul olunmuş “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu, ölkə başçısının “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 19 fevral tarixli Sərəncamı, 2009-cu ildə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı milli teatrlarımızın maddi-texniki bazasının möhkəmləndirilməsi, kollektivlərin yaradıcılıq potensialının inkişaf etdirilməsi baxımından mühüm dövlət sənədləridir. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında teatrların fəaliyyətinə hərtərəfli qayğı göstərilir. Son illər muxtar respublikada teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, teatr binalarının hamısı yenidən qurularaq və ya əsaslı təmir olunaraq istifadəyə verilib. Bu gün muxtar respublikada fəaliyyət göstərən C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, 5 xalq teatrı, Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyası tamaşaçıların mənəvi və estetik zövqünün formalaşmasında, asudə vaxtın mənalı təşkilində əhəmiyyətli rol oynayırlar. 

Sonra Nəriman Nərimanovun “Nadir şah” tarixi faciəsi əsasında hazırlanmış tamaşa göstərilib. Tamaşada XVIII əsrin I yarısında İranda Səfəvilər sülaləsindən sonra xalqın və ordunun köməyi ilə taxta çıxıb 11 il (1736-1747) hökmranlıq edən Nadir şahın ailəsinin faciəvi taleyi və acı həyatı, eləcə də tarixi şəxsiyyət kimi hökmdarlıq fəaliyyəti canlandırılır. Xalq içərisindən çıxmış bir şəxsin taxt-taca varisliklə deyil, mübarizə ilə sahib olması, saraya, digər şahlardan fərqli olaraq, həyati əhəmiyyətli mühüm yeniliklər gətirməsi Nadir şah obrazını səciyyələndirən əsas məziyyətlərdəndir. Tamaşada teatrsevərlər Nadirin dayısı Cavadla dialoqundan sonra quldurluq həyatından əl çəkib Vətənin, xalqın tərəqqisi naminə mübarizə aparan igid bir sərkərdə, sonra isə ədalətli və mütərəqqi fikirli Nadir şah obrazı ilə qarşılaşırlar. Səhnə əsərində Nadir şahın və onun ailəsinin faciəsi despotizm quruluşu şəraitində xalqa kömək etmək istəyən bütün xeyirxah, qeyrətli insanların faciəsi kimi ümumiləşdirilir. Mütləqiyyət hakimiyyəti şəraitində xalqla dövlət arasındakı uçurumun islahatlar yolunda mühüm maneə olduğunu və onun demokratik xalq quruluşu ilə əvəz edilməsinin zəruriliyi ideyası tamaşanın əsas qayəsidir. Tamaşanın quruluşçu rejissoru Tofiq Seyidov, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov, musiqi tərtibatçısı isə Azərbaycan Respublikasının Əməkdar artisti Mübariz Əsgərovdur. “Nadir şah” tamaşasında Xalq artistləri Rza Xudiyev (Nadir şah), Həsən Ağasoy (Cavad), Şirzad Abutalıbov (Cəfər xan), Azərbaycan Respublikasının Əməkdar artisti Bəhruz Haxverdiyev (Rza xan), Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Səməd Canbaxşıyev (Mirzə Mehdi xan), Vüsal Rzayev (Heydər xan), aktyorlardan Nurbəniz Niftəliyeva (Gülcahan), Səyyad Bayramov (Rzaqulu), Nəsimi Məmmədzadə (Təhmas şah), Zakir Fətəliyev (Məhəmməd xan), Cəbrayıl Nəbiyev, Rəhman Dünyamalıyev (yolçular), Uğur Nəsirli (Saleh – Nadir şahı qətlə yetirən), Alim Alışov (Musa – Nadir şahı qətlə yetirən) və Anar Eyvazov (fərraş) rol alıblar.

00350259
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
180
203
383
3064
350259

Tarix: 17-09-2019
Biz, sosial şəbəkələrdə: