"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Xalq mahnı və təsniflərinin ifaçılıq müsabiqəsinin 7-ci mərhələsi başa çatıb

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin təşkilatçılığı ilə keçirilən “Xalq mahnı və təsniflərinin ifaçılıq müsabiqəsi – 2016”nın VII mərhələsi Şərur şəhərindəki Mədəniyyət Sarayında keçirilib.

Aparıcılar bildiriblər ki, müsabiqənin əsas turunun birinci mərhələsinə aprel ayının 29-da Naxçıvan şəhərində start verilib. Əsasnaməyə əsasən, müsabiqənin təşkilat komitəsi və muxtar respublikanın tanınmış incəsənət xadimlərindən ibarət münsiflər heyəti yaradılıb. Müsabiqədə iştirak edənlərə yaş həddi və təhsil məhdudiyyəti qoyulmayıb. Müsabiqədə münsiflər heyətinin üzvü olan müəllimlərin öz tələbələrinə səs verməsi məhdudlaşdırılıb. Müsabiqənin gedişində konsertə qədər iştirakçılar həftədə iki dəfə olmaqla, peşəkar müəllimlərin rəhbərliyi altında ansamblla məşq ediblər. Əsas tur ayda bir dəfə olmaqla, 6 mərhələdə və hər mərhələ növbə ilə muxtar respublikanın bir rayonunda təşkil edilib.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Xalq mahnı və təsniflərinin ifaçılıq müsabiqəsi”nin təşkilində məqsəd milli-mənəvi sərvətlərimizi yaşatmaq, gənclərdə xalq mahnı və təsniflərinə məhəbbət oyatmaq, həmin inciləri gələcək nəsillərə ötürməkdir. Bu gün müsabiqənin sonuncu – VII mərhələsi keçirilir. Müsabiqənin şərtlərinə görə, dördüncü mərhələdən başlayaraq müsabiqənin növbəti keçiriləcək hər mərhələsində 1 nəfər olmaqla, ən az bal toplayan ifaçı müsabiqəni tərk edir. 15 nəfər ifaçı ilə başlanan müsabiqənin sonuncu turuna 10 nəfər qalıb. 

Sonra müsabiqənin münsiflər heyəti tamaşaçılara təqdim edilib, əsas turun altıncı mərhələsində iştirak etmiş ifaçılar haqqında qısa məlumat verilib, onların əsas turun altı mərhələsi üzrə topladıqları ümumi ballar elan olunub. Diqqətə çatdırılıb ki, müsabiqə iştirakçılarının repertuarında xalq mahnıları ifa ediləcək.

Tarda Cəlil İsmayılovun, kamançada Nurlan Nuri­yevin, udda Elməddin Axundovun, qanunda Günel Fərəc­ovanın, balabanda Nihad Quliyevin, nağarada Mahir Rüstəmovun müşayiəti ilə müsabiqə iştirakçıları Fuad Qədimov (Sədərək rayonu, Qaraağac kəndi, 341 bal) “Ceyran”, Təyyar Mədətli (Şahbuz rayonu, Kolanı kəndi, 344 bal) “Niyə gəlməz oldun?”, Fərman Allahverdiyev (Şərur rayonu, Tənənəm kəndi, 347 bal) “Ahu kimi”, Bəhruz Quliyev (Culfa rayonu, Saltaq kəndi, 347 bal) “Ay qara qız”, İlham Məmmədov (Kəngərli rayonu, Böyükdüz kəndi, 352 bal) “Qara tellər”, Rəşad Nəcəfov (Culfa şəhəri, 353 bal) “Gəl məni aldatma, gözəl”, Əsmər Hüseynova (Ordubad şəhəri, 357 bal) “Mən aşiq gözlərinə”, Elmar Qasımov (Naxçıvan şəhəri, 358 bal) “Aşiqəm”, Səfər Cəfərov (Babək rayonu, Nehrəm kəndi, 360 bal) “Əlində sazın”, Yusif Hacıyev (Naxçıvan şəhəri, 390 bal) “A Leyli” Azərbaycan xalq mahnılarını ifa ediblər.

İfalar başa çatdıqdan sonra iştirakçıların əsas turun VII mərhələsində topladıqları ballar elan edilib. Naxçıvan şəhərindəki Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin kamança ixtisası üzrə I sinif şagirdi Yusif Hacıyev ən yüksək bal toplayıb. 

Müsabiqənin yekun konserti dekabr ayında Naxçıvan şəhərində keçiriləcək.

 

00350262
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
183
203
386
3067
350262

Tarix: 17-09-2019
Biz, sosial şəbəkələrdə: