"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Əməkdar artist, tarzən Zöhrab Axundovun 70 illik yubileyi qeyd olunub

Naxçıvan Musiqi Kollecində Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, tanınmış tarzən Zöhrab Axundovla görüş keçirilib. 

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı, Xalq artisti Kamran Quliyev açaraq Zöhrab Axundovu anadan olmasının 70 illik yubileyi münasibətilə təbrik edib, ona yaradıcılıq uğurları arzulayıb. Qeyd edilib ki, Zöhrab Axund­ov tar ifaçılığı sahəsində seçilən sənətkarlardan olmaqla gənc tar ifaçılarının yetişməsinə böyük zəhmət sərf edib. 

Sonra Naxçıvan Dövlət Filarmoniyasının direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti Elman Əliyev “Zöhrab Axundovun həyat və yaradıcılığı” mövzusunda çıxış edib. Bildirilib ki, Zöhrab Axundov 1946-cı ildə Naxçıvan şəhərində dünyaya göz açıb. Onun atası muxtar respublikanın tanınmış tarzənlərindən olub, həm də bəstəkarlıq edib, gözəl mahnılar müəllifi kimi tanınıb.

Zöhrab Axundov 1966-cı ildən “Araz” mahnı və rəqs ansamblında çalışıb. 2001-ci ildən 2016-cı ilə qədər Zöhrab Axundov Naxçıvan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblının bədii rəhbəri işləyib. Zöhrab Axundov ustad tarzən kimi ansamblın tərkibində Rusiya, Gürcüstan, Türkiyə, İran, Polşa və başqa ölkələrdə qastrol səfərlərində olub, qədim diyarımızın musiqi mədəniyyətini layiqincə təmsil edib. Zöhrab Axundovun əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, ustad tarzən bir sıra dövlət mükafatlarına, Prezident mükafatına və 2002-ci ildə “Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb. Zöhrab Axundov bu gün də musiqimizin inkişafı üçün çalışır, xalq musiqisini, muğamı gənclərə həvəslə öyrədir. 

Tədbirdə Zöhrab Axundovun müşayiəti ilə ifa olunan musiqi nömrələri alqışlarla qarşılanıb. Zöhrab Axundov çıxış edərək onun sənətinə verilən yüksək qiymət üçün minnətdarlığını ifadə edib və bildirib ki, bundan sonra da musiqi mədəniyyətimizin inkişafı üçün əlindən gələni əsirgəməyəcək.

 

00350259
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
180
203
383
3064
350259

Tarix: 17-09-2019
Biz, sosial şəbəkələrdə: