"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvan şəhərindəki Gənclər Mərkəzində “Lira” musiqili-intellektual oyunu keçirilib

Naxçıvan şəhərindəki Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri arasında növbəti “Lira” musiqili-intellektual oyunu keçirilib. 

Oyun başlanmazdan əvvəl Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Leyla Əlimərdanova çıxış edərək bildirib ki, 2016-2017-ci tədris ili ərzində keçirilən oyunların nəticəsinə əsasən, I yer tutan komandalar 2017-ci ilin ortalarında keçiriləcək final oyununda iştirak edəcəklər. Bu oyunların keçirilməsində məqsəd şagirdlərin biliyinin artırılmasına, onların intellektual səviyyəsinin yüksəldilməsinə kömək göstərməkdir. 

Sonra oyunda yarışacaq “Dəstgah” (Babək Rayon Cəhri Kənd Uşaq Musiqi Məktəbi), “Ovşarı” və “Köçəri” (Şərur Rayon Ələkli və Şəhriyar Kənd Uşaq Musiqi məktəbləri), “Nuh yurdu” (Kəngərli Rayon Qıvraq Qəsəbə Uşaq Musiqi Məktəbi), “Ballada” və “Ruhani” (Naxçıvan Şəhər 1 nömrəli və Qaraçuq Kənd Uşaq Musiqi məktəbləri), “Melodiya” (Ordubad Şəhər Uşaq Musiqi Məktəbi) komandaları iştirakçılara təqdim edilib.

Oyunun şərtlərinə görə, komandalar arasında seçim turunun keçirilməsi haqqında məlumat verilib. Bildirilib ki, burada ən çox bal toplayan 4 komanda oyunun əsas turunda iştirak edəcək. Seçim turu 2 mərhələdən ibarət olmaqla, I mərhələdə 4 komanda, II mərhələdə 3 komanda gücünü sınayacaq. Hər mərhələdə iştirakçılara 25 sual veriləcək və ən çox bal toplayan komandalar oyunun əsas turunda iştirak etmək hüququ qazanacaqlar. 

Əsas tur hər biri 5 nəfərdən ibarət olan 4 komanda arasında keçiriləcək və 3 mərhələdən ibarət olacaq. I mərhələdə görkəmli bəstəkarların həyat və yaradıcılığı barədə, II mərhələdə musiqi əsərlərini dinləmə yolu ilə təyinetmə formatında, III mərhələdə isə ümumi musiqi dünyagörüşünə dair suallar veriləcək. Hər sualın düzgün cavabı 100 balla qiymətləndiriləcək. 

Maraqlı və gərgin keçən musiqili-intellektual oyunda musiqi məktəblərinin şagirdləri bəstəkarlarla bağlı sualları cavablandırmaqda fəallıq göstəriblər. Onlar görkəmli Azərbaycan və dünya bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev, Motsart və Bethovenin əsərlərini dinləmə yolu ilə təyin ediblər, musiqinin ümumi-nəzəri məsələləri ilə bağlı sualları cavablandırıblar. 

Bütün suallar cavablandırıldıqdan sonra ən yüksək bal toplamış komandalar mükafatlandırılıblar. “Nuh yurdu” komandası I, “Ballada” komandası II, “Melodiya” komandası III dərəcəli diploma layiq görülüb. 
Qeyd edək ki, “Nuh yurdu” komandası “Lira” musiqili-intellektual oyununun finalında iştirak etmək hüququ qazanıb.

 

00365125
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
52
382
1386
4269
365125

Tarix: 16-11-2019
Biz, sosial şəbəkələrdə: