"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinə yeni eksponatlar təqdim olunub

Maddi-mədəni irsimizin qorunmasında və təbliğində muxtar respublika sakinləri də səylərini əsirgəmir, bu istiqamətdə həyata keçirilən tədbirlərdə fəallıq göstərir, əldə olunan maddi-mədəniyyət nümunələrini muzeylərimizə hədiyyə edirlər.

Noyabrın 30-da Nehrəm kənd sakinləri, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyev tərəfindən qədim mədəniyyətimizi əks etdirən dekorativ- tətbiqi sənət nümunələri – 1 ədəd xalça və 8 misgərlik nümunəsi, kənd ziyalılarından Həsən Həsənov və Mehralı Cəfərov tərəfindən isə 1 ədəd qədim xalça “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinə təqdim edilib. 

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova bildirib ki, muxtar respublikada bütün sahələr, o cümlədən mədəniyyət sahəsi də inkişaf etdirilir. Qeyd edilib ki, bu gün tariximizin, mədəniyyətimizin, adət-ənənələrimizin qorunub gələcək nəsillərə çatdırılması daim diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikasında 29 muzey və muzeytipli müəssisə fəaliyyət göstərir.

Həmin mədəniyyət müəssisələrində xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən 112 mindən çox maddi-mədəniyyət nümunələri qorunub saxlanılır. Müstəqillik illərinə qədər muxtar respublika ərazisində 13 muzey fəaliyyət göstərirdisə, ötən dövrdə Naxçıvanın tarixini və görkəmli şəxsiyyətlərinin yaradıcılığını əks etdirən 16 muzey yaradılıb.

Artıq 5 ilə yaxındır ki, Naxçıvan Dövlət Universitetində muzey işi sahəsində ixtisaslı kadrlar yetişdirilir. Bu gün muzeylərimizi ziyarət edənlərin sayı əhəmiyyətli dərəcədə artıb və muzey işçilərinin öhdəsinə daha böyük vəzifələr qoyulub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına əsasən, muxtar respublikanın nazirlik, komitə və təşkilatlarının kollektivləri mütəşəkkil şəkildə muzeylərimizi ziyarət edirlər. Bundan başqa, muxtar respublikada təhsil alan tələbələrin, gənclərin, həmçinin şagirdlərin, taksi sürücülərinin də muzeylərə gedişi təmin olunub. Təkcə bu ilin 10 ayı ərzində muxtar respublikanın muzeylərini 273 minə yaxın insan ziyarət edib ki, bunların arasında həm yerli sakinlər, həm Azərbaycanın digər regionlarından muxtar respublikamıza gələn qonaqlar, həmçinin xarici vətəndaşlar olublar. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən, bu gün muxtar respublikamızda olan muzeylər ilə orta məktəblər arasında distant dərslər təşkil olunur, yetişməkdə olan gənc nəsil üçün açıq dərslər təşkil edilir.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mütəşəkkil şəkildə muzeylərimiz üçün maddi-mədəniyyət nümunələrinin toplanması işi də diqqətdə saxlanılır. Bu işdə muxtar respublika sakinləri öz köməkliklərini göstərirlər. Təkcə 2016-cı il ərzində muzeylərə 1500-ə yaxın yeni eksponat daxil olub. Bu tədbirlərin davamı olaraq bu gün “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinə yeni eksponatlar təqdim edilir. 
Natəvan Qədimova maddi-mədəniyyət nümunələrini muzeyə hədiyyə etdiklərinə görə Akif Hacıyevə, Həsən Həsən­ova və Mehralı Cəfərova təşəkkür edib.

Akif Hacıyev çıxış edərək deyib: Bu gün muxtar respublikada maddi-mədəni irsimizin qorunub yaşadılması sahəsində ardıcıl tədbirlər görülür. Muzeylərin eksponatlarla zənginləşdirilməsi, yeni muzeylərin yaradılması sahəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən həyata keçirilən tədbirlər minnətdarlıqla qarşılanır. Hər kəs mədəni irsimizin qorunub yaşadılması sahəsində həyata keçirilən tədbirlərə öz töhfəsini verməyə çalışır. Sakinlər tərəfindən qədim məişət əşyalarının, xalçaların muzeylərə təqdim edilməsi də bu mənada mühüm əhəmiyyətə malikdir. Bu eksponatların muzeylərimizə verilməsi zəngin mədəni irsimizin qorunub yaşadılmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edir. Muxtar respublikada maddi-mədəniyyət nümunələrinin toplanmasında bundan sonra da fəal iştirak edəcəyik. 

Sonda tədbir iştirakçıları muzeylə tanış olublar.

 

00357719
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
4
249
253
4654
357719

Tarix: 22-10-2019
Biz, sosial şəbəkələrdə: