"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“Xalq mahnı və təsniflərinin ifaçılıq müsabiqəsi – 2016” başa çatıb

Dekabrın 6-da Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin təşkilatçılığı ilə keçirilən “Xalq mahnı və təsniflərinin ifaçılıq müsabiqəsi – 2016”nın yekun mərhələsi olub.

Tədbirin aparıcıları bildiriblər ki, muxtar respublikamızda istedadlı yeniyetmə və gənclərin yaradıcılıq potensialının üzə çıxarılması, inkişaf etdirilməsi, onların müsabiqə və festivallarda fəal iştiraklarının təmin edilməsi istiqamətində məqsədyönlü işlər görülür, müxtəlif layihələr həyata keçirilir. Müsabiqənin də əsas məqsədi xalq mahnı və təsniflərinin ifaçılığı üzrə istedadlı gənclərin aşkara çıxarılması, onların yaradıcılıq potensialının düzgün istiqamətləndirilməsindən ibarət idi.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova deyib ki, Azərbaycan xalqının bədii yaradıcılığının və musiqi mədəniyyətinin zəngin bir hissəsi olan mahnı və təsniflərimiz əsrlərdən bəri cilalana-cilalana dövrümüzə qədər gəlib çatmış nadir sənət nümunələridir. Bu sənət inciləri xalqımızın pak, yüksək mənəviyyatını, daxili aləmini, arzularını, ümidlərini özündə əks etdirərək onun məişəti, zəngin mədəniyyəti ilə bağlı olub və xalqın mədəni inkişafında əvəzsiz rol oynayıb. Xalq mahnılarında, təsniflərdə, eləcə də muğam və aşıq yaradıcılığında xalqımızın müdrikliyini, gələcəyə inamını, məhəbbətini, düşüncə və təfəkkürünü, mübarizə və döyüş ruhunu görmək mümkündür. Qeyd edilib ki, 2002-ci ilin noyabr ayında YUNESKO tərəfindən Azərbaycan muğamı “Bəşəriyyətin qeyri-maddi mədəni irs reprezentativ siyahısı”na daxil edilib. Ulu öndər Heydər Əliyevin 2003-cü il 16 may tarixdə imzaladığı “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, muğam-dəsgahlar, zərb muğamlar, təsnif və rənglər də qorunan folklor nümunələri siyahısına salınıb. Bu gün Azərbaycanda muğam sənətinin, musiqimizin inkişafına böyük diqqət və qayğı göstərilir. 

Naxçıvan Muxtar Respublikasında da xalq musiqisinin, muğam sənətinin yaşadılması istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 7 fevral tarixli “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” Sərəncamına əsasən, hər il keçirilən xalq yaradıcılığı günlərində zəngin folklor nümunələri ilə yanaşı, milli musiqimiz, muğamlarımız da səslənir. 2012-ci ilin muxtar respublikamızda “Milli dəyərlər ili” elan edilməsi, həmin il keçirilən “Milli dəyərlərimiz – milli sərvətimiz” folklor və muğam müsabiqəsi yaddaqalan tədbirlərdən biri kimi əlamətdar olub. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin təşkilatçılığı ilə bu ilin aprel ayından “Xalq mahnı və təsniflərinin ifaçılıq müsabiqəsi”nə start verilib. 

Müsabiqənin əsasnaməsinə əsasən, təşkilat komitəsi, seçim qrupu və münsiflər heyətinin tərkibləri təsdiq olunub. Bundan başqa, hər bir mərhələnin keçirilməsi üçün müsabiqə iştirakçılarına müəllim və müşayiətçi ansambl ayrılıb. Müsabiqə seçim turu və əsas turdan ibarət olub. Seçim turu bu ilin mart ayında mədəniyyət və incəsənət xadimlərindən ibarət seçim qrupu tərəfindən muxtar respublikanın bütün rayonlarında keçirilib. 

Diqqətə çatdırılıb ki, qısa müddət ərzində müsabiqədə iştirak etmək üçün muxtar respublikanın bütün rayonlarından və Naxçıvan şəhərindən, ümumilikdə, 101 nəfər təşkilat komitəsinə ərizə ilə müraciət edib. 10-11 mart tarixlərində keçirilən I seçim turunda iştirak edən 95 nəfərdən 51 nəfəri II seçim turunda, aprel ayında keçirilən II seçim turunda iştirak edən 51 nəfərdən 16 nəfəri əsas turda iştirak etmək hüququ qazanıb. Müsabiqənin gedişi zamanı bir nəfər iştirakçı Bakı şəhərində fəaliyyət göstərən Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə qəbul olunub və növbəti turlarda iştirak edə bilməyib. 

Müsabiqənin əsas turu 7 mərhələdə davam etdirilib. Mərhələlər Naxçıvan şəhəri və muxtar respublikanın rayonlarında keçirilib. Dördüncü mərhələdən etibarən iştirakçının çıxışına görə münsiflər heyəti tərəfindən aparılmış qiymətləndirmənin nəticəsi olaraq bir nəfər müsabiqədən çıxarılıb. Beləliklə, əsas turun son mərhələsində 9 nəfərin ifası dinlənilib və iştirakçıların birinci mərhələdən sonuncu – yeddinci mərhələyə qədər yekun balları əsasında qalib müəyyənləşib.

Müsabiqə iştirakçılarının ifalarının qiymətləndirilməsi münsiflər heyəti tərəfindən on ballıq sistem üzrə aparılıb, münsiflər heyətinin üzvü olan müəllimlər öz tələbələrinə səs verməyiblər. Bu gün əsas turda iştirak etmiş ifaçıların yekun kon­ser­ti olacaq və müsabiqə qalibləri mükafatlandırılacaqlar. 

Natəvan Qədimova çıxışının sonunda mədəniyyət və incəsənətimizə göstərilən qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını ifadə edib. 

Sonra Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli çıxış edərək bildirib ki, müsabiqə keçirildiyi dövrdə Naxçıvan Muxtar Respublikasının Dövlət Tele­viziya və Radiosu ilə geniş işıqlandırılıb. Muxtar respublikanın rayonlarında keçirilən müsabiqənin mərhələlərindən hazırlanmış verilişlər geniş ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Bu verilişlər muğam sənətimizi, mahnı və təsniflərimizi geniş təbliğ etməklə yanaşı, istedadların tanıdılması baxımından da əhəmiyyətli olub. 

Qeyd edilib ki, aprel ayından noyabr ayına qədər keçirilmiş və muxtar respublikanın mədəni həyatında əlamətdar hadisə kimi dəyərləndirilən “Xalq mahnı və təsniflərinin ifaçılıq müsabiqəsi – 2016” muxtar respublikada yaşayan istedadlı şəxslərin aşkar edilməsinə, onların yaradıcılıq potensiallarının düzgün istiqamətləndirilməsinə, həmçinin milli musiqimizin təbliği və yaşadılmasına dəyərli töhfə olub.

Aparıcılar bildiriblər ki, “Xalq mahnı və təsniflərinin ifaçılıq müsabiqəsi – 2016”nın qalibləri bir I yer, iki II yer və iki III yer olmaqla, üç yer üzrə müəyyənləşdirilib.

Qaliblər elan olunduqdan sonra Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova və Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli diplom və mükafatları təqdim ediblər. 

Birinci yerin qalibi 470 balla Yusif Hacıyev olub. Müəllimi Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Zülfüqar Mahmudovdur. Müsabiqəyə Naxçıvan şəhərindən qatılan Yusif I dərəcəli diplom və pul mükafatı ilə təltif edilib.

İkinci yerin qalibi Səfər Cəfərov Babək rayonunun Nehrəm kəndindən müsabiqəyə qatılıb. O, 431 bal toplayıb. Müəllimi Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Hünər Əliyevdir. 

İkinci yerin digər qalibi Elmar Qasımov Naxçıvan şəhərindən müsabiqəyə qatılıb. Müəllimi Azərbaycan Respublikasının Əməkdar artisti Vilayət İsmayılovdur. 

Üçüncü yerin qalibi isə müsabiqənin yeganə qadın iştirakçısı Əsmər Hüseynova olub. Onun müəllimi isə Azərbaycan Respublikasının Əməkdar artisti Qurban Qasımovdur. 429 bal toplayan Əsmər müsabiqəyə Ordubad rayonundan qatılıb. 

Üçüncü yerin daha bir qalibi­ İlham Məmmədov müsabiqəyə Kəngərli rayonunun Böyükdüz kəndindən qatılıb. O, 427 bal toplayıb. Müəllimi Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Hünər Əliyevdir. 
Qaliblərə diplom və pul mükafatı verilib.
Müsabiqə müddətində ifaçılarla məşq aparan müəllimlərin də zəhməti təşkilatçılar tərəfindən qiymətləndirilib, onlar diplom və hədiyyələrə layiq görülüblər. Qeyd edək ki, müsabiqənin başqa iştirakçılarına da diplom və fəxri fərmanlar təqdim olunub. 

Münsiflər heyətinin üzvlərinə müsabiqədə fəal iştiraklarına görə təşkilatçılar tərəfindən güllər təqdim edilib və ansamblın üzvləri diplomlarla təltif olunublar. 

Sonra müsabiqənin yekun konserti olub. İlk olaraq Məhərrəm Quliyev, Rəşad Nəcəfov, Səfər Cəfərov və Elmar Qasımov “Mənim Azərbaycanım” mahnısını ifa ediblər. 

Fuad Qədimovun, Əsmər Hüseynovanın, Yusif Hacıyevin ifa etdikləri “Gedirəm axı”, “Ay qız”, “A Leyli” Azərbaycan xalq mahnıları, Araz Cabbarov, Təyyar Mədətli və İlham Məmmədovun birgə ifa etdikləri “Qarabağ şikəstəsi”, başqa mahnı və təsniflər alqışlarla qarşılanıb. 

Konsert müsabiqə iştirakçılarının ifa etdikləri “Naxçıvan” mahnısı ilə başa çatıb.

 

 

00357720
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
5
249
254
4655
357720

Tarix: 22-10-2019
Biz, sosial şəbəkələrdə: