"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“Əlincəqala” kitabının və “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin İnternet Saytının təqdimatı olub

Dekabrın 6-da AMEA Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına uyğun olaraq nəfis tərtibatla çap olunmuş “Əlincəqala” şeir, poema, pyes kitabının və “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin internet saytının (elinceqala.naxcivan.az) təqdimatı olmuşdur.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qeyd etmişdir ki, muxtar respublika ərazisində yerləşən tarix və mədəniyyət abidələri bu gün tariximizin daş yaddaşı kimi qorunur, onların bərpası diqqət mərkəzində saxlanılır. Son 20 ildə muxtar respublikada 70-ə yaxın tarix və mədəniyyət abidəsi əsaslı təmir və bərpa edilmiş, 1200-dən çox dünya, ölkə və yerli əhəmiyyətli tarixi abidə qeydə alınaraq pasportlaşdırılmışdır. Həmin abidələrdən Azərbaycan xalqının əyilməzlik simvolu olan Əlincə qalasının bərpa edilməsi və yenidən ölkəmizə qazandırılması çox mühüm tarixi hadisədir. Bu gün təqdimatına toplaşdığımız “Əlincəqala” şeir, poema, pyes kitabı və “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin internet saytı bərpa edilən tarixi abidə haqqında əsərlərin, məlumatların daha geniş kütləyə çatdırılmasına xidmət edir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov bildirmişdir ki, son vaxtlar muxtar respublikamızda tarixi abidələr dövlət qayğısı ilə əhatə olunmuş, onların pasportlaşdırılması, bərpası, tədqiqi və təbliği sahəsində ardıcıl tədbirlər görülür. Belə abidələrdən biri də Əlincəqaladır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamına əsasən, muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələri qeydə alınıb pasportlaşdırılarkən Əlincəqala haqqında da məlumatlar toplanmış və bu abidə 2007-ci ildə dünya əhəmiyyətli abidələrin siyahısına daxil edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” 11 fevral 2014-cü il tarixli Sərəncamına əsasən isə Əlincəqalada bərpa işləri aparılaraq möhtəşəmliyi özünə qaytarılmış, burada “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi yaradılmışdır.

“Yazılı mənbələrdə ilk dəfə “Kitabi-Dədə Qorqud” dastanında xatırlanan Əlincəqala Azərbaycan xalqının əyilməzlik və mübarizlik rəmzi kimi böyük şöhrət qazanmışdır”, – deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri diqqətə çatdırmışdır ki, Əlincəqalanın iki min ildən artıq tarixi vardır. Qala I-VI əsrlərdə yerli hökmdarların əsas iqamətgahlarından biri olmuş, qala-şəhər kimi formalaşmışdır. 14 il Əmir Teymurun qoşunlarına müqavimət göstərən qala şair və yazıçıların ilham qaynağı olmuş, qalanın möhtəşəmliyi, qəhrəmanlığı, tarixiliyi haqqında müxtəlif əsərlər yazılmışdır. Bu gün təqdimatına toplaşdığımız “Əlincəqala” şeir, poema, pyes kitabı da yazıçıların Əlincəqalaya həsr etdikləri əsərlərin toplusundan ibarətdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının Tədbirlər Planına əsasən, nəfis tərtibatda hazırlanan kitabda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” Sərəncamı və “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin açılışı zamanı etdiyi dərin məzmunlu çıxışı, tədbirdən çəkilmiş fotoşəkillər, Əlincəqalaya həsr olunmuş 31 şeir, 4 poema və 1 pyes, eləcə də Əlincəqala ilə bağlı 31 fotoşəkil və 11 rəsm əsərinin fotosu verilmişdir.

Qeyd olunmuşdur ki, kitabla yanaşı, təqdimatına toplaşdığımız “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin internet saytı da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı əsasında hazırlanmışdır. Xüsusi tərtibatla hazırlanan saytda Əlincəqalanın tarixi, Əlincəqala haqqında yazılan məqalələr, bədii ədəbiyyat nümunələri, qalada bərpa proseslərini və bərpadan sonrakı görüntüləri əks etdirən şəkillər və videomateriallar yerləşdirilmişdir. Bununla yanaşı, saytda “Virtual səyahət” vasitəsilə istifadəçilər muzey də daxil olmaqla, bütövlükdə, qala-abidəyə virtual səyahət edə biləcəklər. İnternet saytının istifadəyə verilməsi Əlincəqalanın təbliğində mühüm rol oynayacaqdır.
Naxçıvan Muxtar Respublikasının tarix-mədəniyyət abidələrinin özlərinin ikinci həyatını yaşadığını vurğulayan Rəhman Məmmədov bildirmişdir ki, həmin abidələr heç vaxt indiki qədər diqqət və qayğı ilə əhatə olunmamış, xalqımıza tanıdılmamış, təbliğ edilməmişdir. Bütün bunlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tarixi-mədəni irsimizə göstərdiyi diqqət və qayğının ən yüksək ifadəsidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri “Əlincəqala” şeir, poema, pyes kitabının nəşri və “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin internet saytının istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, yaradıcı ziyalılara uğurlar arzulamışdır.

Sonra Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü, şair Asim Yadigar, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, şair Elxan Məmmədov çıxış etmişlər. 

Çıxışlarda bildirilmişdir ki, qalaları, tarixi abidələri bərpa etmək keçmişi qorumaq, vətənpərvərlik əzmini yaşatmaq və zəngin mədəniyyətimizi, qəhrəmanlıqla dolu tariximizi təbliğ etmək, dünyada tanıtmaq, ən əsası isə gələcək nəsillərə miras qoymaq deməkdir. Bu mənada, “Əlincəqala” şeir, poema, pyes kitabının çap edilməsi və “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin internet saytının yaradılması böyük əhəmiyyət kəsb etməklə yanaşı, həm də Naxçıvan mədəniyyəti üçün əlamətdar bir hadisədir. Çıxış edənlər Naxçıvanın mədəniyyət tarixinə verilən bu dəyərli töhfələrə və ümumilikdə, tariximizə, mədəniyyətimizə göstərdiyi diqqət və qayğıya görə muxtar respublikanın elm və mədəniyyət ictimaiyyəti adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlıqlarını bildirmişlər.

Sonda topluda əsərləri yer alan müəlliflərə “Əlincəqala” şeir, poema, pyes kitabı təqdim edilmişdir.

 

00350263
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
184
203
387
3068
350263

Tarix: 17-09-2019
Biz, sosial şəbəkələrdə: