"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Babək Rayon Xalq Teatrının yeni tamaşasına baxış olub

Babək Rayon Xalq Teatrı 2009-cu ildə yaradılsa da, muxtar respublikanın tanınmış teatr kollektivlərindən biridir. Teatrın müxtəlif illərdə hazırladığı tamaşalar ictimaiyyət tərəfindən maraqla qarşılanıb. “Ezop”, “Yollara iz düşür”, “İkinci səs”, “Şeyx Rəhmətullah”, “Ana”, “Məhəbbət nişanəsi”, “Solğun çiçəklər”, “Durna”, “Yağışdan çıxdıq yağmura düşdük”, “Xəcalət” və başqa tamaşalar öz uğurlu səhnə həllini tapıb.
Dekabrın 7-də Babək Rayon Xalq Teatrının yeni hazırladığı görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyevin “Unuda bilmirəm” tamaşasının premyerası olub.

“Unuda bilmirəm” pyesi uzun illər bundan əvvəl qələmə alınsa da, öz aktuallığını bu gün də saxlayır. Belə ki, cəmiyyət və gəncliyi düşündürən məsələlər, insanları narahat edən mənəvi-əxlaqi problemlər tamaşanın əsas mövzusudur.

Səhnə əsərində hadisələr professor Möhsünzadənin (İsmayıl Qurbanov) ailəsi ətrafında cərəyan etsə də, daha çox ictimai məsələlər, əxlaqi-mənəvi problemlər, gənclərin həyata ziddiyyətli baxışları ön plana çəkilir. Elə professor Möhsünzadə ilə ömür yoldaşı Səadət (Stella Babayeva) arasında olan düşüncə müxtəlifliyi, həyata baxış tamaşada xarakterik insan obrazlarının psixoloji dünyasını ortaya qoyur.

Tamaşanın əsas personajlarından olan Kamran (Məmməd Mehdiyev) gənc hüquqşünas kimi doğulduğu Borçalıya qayıdıb orada işləmək istəyir. Həyatda heç kəsin qanadları altında yaşamaq və kiminsə hesabına vəzifə qazanmaq istəməyən gənc hüquqşünas professorun qızı Nərmini (Səbinə Corayeva) sevir. Professorun arvadı Səadətin meşşan təbiəti, eləcə də Nərminin qətiyyətsizliyi onların ailə qurmasına imkan vermir. Ana və qız Kamranın Bakıda qalıb işləməsini istəsələr də, gənc hüquqşünas öz yurduna qayıdır. Kamranın rəqibi isə professorun tələbəsi Cəmil (Ələkbər İsmayılov) ondan fərqli olaraq şöhrət dalınca qaçan, təkəbbürlü, mənəvi kasıblığı ilə seçilən obrazdır. Bu uğursuz məhəbbətdən istifadə edən Cəmil Nərminlə ailə qurmaq istəyir. Tamaşada bir-birindən fərqlənən insan surətləri gərgin və maraqlı situasiyaların yaranmasına səbəb olur. Səhnə əsərinin sonunda istirahət üçün Borçalıya gedən professor Möhsünzadənin ailəsinin düşdüyü vəziyyət tamaşanın dramatizmini daha da artırır. Möhsünzadə və onun sürücüsü Kərəm (Elsevər Məmmədov) mənəvi cəhətdən saf olsalar da, Səadət və Cəmil mənəvi düşkünlükləri ilə əks-qütbdə dayanırlar. Tamaşadakı maraqlı dialoqlar, lirik-dramatik vəziyyətlər insan xarakterlərinin açılmasına xidmət etməklə yadda qalır.

“Unuda bilmirəm” tamaşasının quruluşçu rejissoru Yusif Əliyev, tərtibatçı rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əli Səfərov, musiqi tərtibatçısı Cabir Məmmədovdur. 

Tamaşadan sonra aktyorlarla görüşən Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova, Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov uğurlu tamaşa münasibəti­lə kollektivi təbrik ediblər və yaradıcılıq uğurları arzulayıblar.

 

00350259
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
180
203
383
3064
350259

Tarix: 17-09-2019
Biz, sosial şəbəkələrdə: