"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin 50 illik yubileyi qeyd olunub

Dekabrın 16-da Ordubad Rayon Mədəniyyət Evində Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin 50 illik yubiley tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 21 oktyabr 2016-cı il tarixdə “Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin 50 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin 50 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planında Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin 50 illiyinə həsr olunmuş tədbirin, “Ordubad Şəhər Uşaq Musiqi Məktəbi 50 ildə” mövzusunda konfransın keçirilməsi, məktəbin 50 illik fəaliyyətini əks etdirən nəşrin, tematik verilişlərin və qəzet materiallarının hazırlanması, keçirilən tədbirlərin işıqlandırılması nəzərdə tutulub. Ötən müddətdə yubiley ilə bağlı bütün tədbirlər həyata keçirilib.

“Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri uşaqların, yeniyetmələrin, gənclərin təhsilinə, tərbiyəsinə, geniş dünyagörüşə malik olmalarına, əsl vətəndaş kimi yetişmələrinə xüsusi qayğı göstərir”, – deyən icra başçısı adıçəkilən sərəncamın musiqi məktəbinin kollektivində böyük ruh yüksəkliyi yaratdığını diqqətə çatdırıb, Ordubad Şəhər Uşaq Musiqi Məktəbi kollektivinin bundan sonra da istedadlı uşaqları üzə çıxaracağına, onların istedadlarını düzgün formalaşdıracağına, təlim-tərbiyə işlərini günün tələbləri səviyyəsində quracağına və etimadı doğruldacağına əminliyini ifadə edib. 

İcra Hakimiyyətinin başçısı 50 illik yubiley münasibətilə kollektivi təbrik edib və yeni yaradıcılıq uğurları arzulayıb.

Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova yubiley tədbirində çıxış edərək bildirib ki, muxtar respublikada mədəniyyətin, xüsusilə musiqi sənətinin inkişaf etdirilməsi əsas vəzifələr sırasındadır. Bu gün qədim diyarımızda musiqi sənəti inkişaf dövrünü yaşayır. Hər il Naxçıvan şəhərində, rayon mərkəzlərində və kəndlərdə uşaq musiqi və bədii sənətkarlıq məktəbləri üçün yeni binalar tikilərək istifadəyə verilir, gənc nəslə musiqi sənətimizin aşılanması istiqamətində tədbirlər görülür. Bu tədbirlər bəhrəsini verir, Naxçıvanda gənc bəstəkarlar, ifaçılar, musiqiçilər nəsli yetişir. 

Muxtar respublikada Azərbaycan musiqi mədəniyyətinin inkişafına və təbliğinə töhfə verən mədəni təhsil müəssisələrindən bəhs edən nazir bildirib ki, həmin müəssisələrdən biri də Ordubad Şəhər Uşaq Musiqi Məktəbidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin 50 illik yubileyinin keçirilməsi haqqında” 21 oktyabr 2016-cı il tarixli Sərəncamı ictimaiyyət, eləcə də mədəniyyət xadimləri və musiqişünaslar tərəfindən sevinclə qarşılanıb, muxtar respublika rəhbərinin mədəniyyət və incəsənətimizə yüksək diqqət və qayğısı kimi dəyərləndirilib.

Diqqətə çatdırılıb ki Ordubadda yaradılan ilk, muxtar respublikada isə ikinci uşaq musiqi məktəbi olan bu təhsil müəssisəsi 1965-ci ilin oktyabr ayında Naxçıvan Şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin filialı kimi fəaliyyətə başlayıb, məktəbdə fortepiano, tar və klarnet olmaqla, 3 ixtisas üzrə tədris aparılıb. 1966-cı il avqustun 1-dən isə müstəqil təhsil müəssisəsi kimi fəaliyyətini uğurla davam etdirən məktəbdə hal-hazırda 9 ixtisas üzrə 293 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 71 müəllim məşğul olur.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində 2009-cu ilin noyabr ayında 4 mərtəbəli yeni bina ilə təmin edilən məktəbdə bu gün xalq çalğı, nəfəs alətləri orkestrləri, xor kollektivi, skripkaçalanlar, estrada, qarmonçalanlar, nağaraçalanlar ansamblları fəaliyyət göstərir. Bu musiqi kollektivlərinin repertuarında milli musiqimiz, Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı, dünya musiqisinin görkəmli nümayəndələrinin əsərləri də yer alıb.

Qeyd olunub ki, 1970-ci ildən 2016-cı ilədək məktəbi 1593 şagird bitirib. Bu gün, demək olar ki, uşaq musiqi məktəbinin pedaqoji bazasını öz yetirmələri təşkil edir.
Məktəb fəaliyyətə başladığı vaxtdan bu günə qədər bir çox uğurlara imza atıb. Bu məktəbin yetirmələri müxtəlif müsabiqələrdə uğurla iştirak edib, diplom və fəxri fərmanlara layiq görülüblər.

Bu uğurların arxasında yaradılan şəraitə yüksək səviyyədə cavab verməyə çalışan müəllim əməyinin dayandığını diqqətə çatdıran nazir bildirib ki, Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin müəllimlərinin də əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Belə ki, məktəbin direktoru Azər Məmmədov “Tərəqqi” medalı ilə təltif edilib, məktəbin müəllimi Kamal Qəniyevə “Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib. Məktəbin 50 illik yubileyi münasibətilə 15 dekabr 2016-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən imzalanmış Sərəncama əsasən, musiqi təhsili sahəsində səmərəli fəaliyyətlərinə görə məktəbin müəllimlərindən Elşən Əliyev “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi”, Səbinə İbrahimova, Zülfiyyə Seyidova, Sevda Yusubova “Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi” fəxri adlarına layiq görülüblər.

Nazir çıxışının sonunda Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin 50 illik yubileyinin yüksək səviyyədə qeyd olunmasına, məktəbin bir qrup müəlliminin muxtar respublikanın fəxri adlarına layiq görülməsinə görə bütün mədəniyyət işçiləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirib, kollektivi yubiley münasibətilə təbrik edib. 

Tədbirdə məktəbin direktoru Azər Məmmədov çıxış edərək bildirib ki, Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin ilk böyük inkişaf dövrü 1970-ci illərin əvvəlindən başlayıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin tapşırığı və təşəbbüsü ilə yaradılmış indiki Naxçıvan Musiqi Kolleci Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin ixtisaslı kadrlarla təmin olunmasında müstəsna rol oynayıb. Bu gün məktəbdə tədris aparan 76 müəllimin 72-si Naxçıvan Musiqi Kollecinin məzunudur. 

Qeyd olunub ki, məktəb hər il ölkə, eləcə də muxtar respublika səviyyəli uşaq musiqi məktəblərinin baxış-müsabiqələrində fəal iştirak edir. Bu müsabiqələrdə bu günə qədər 178 diplom və fəxri fərmana layiq görülüb. 1999-cu ildə keçirilən uşaq musiqi məktəbləri şagirdlərinin respublika müsabiqəsində məktəbin tar ixtisası üzrə V sinif şagirdi Vüqar Əliyev müsabiqənin laureatı adını qazanıb. Məktəbin xor kollektivi 2007-ci ildə xor kollektivlərinin V respublika müsabiqəsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin II dərəcəli, 2009-cu ildə VI respublika müsabiqəsində I dərəcəli, 2011-ci ildə VII respublika müsabiqəsində II dərəcəli, 2013-cü ildə VIII respublika müsabiqəsində II dərəcəli diplomla təltif edilib. 2012-ci ilin iyun ayında Gənc pianoçuların II respublika müsabiqəsində Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin fortepiano ixtisası üzrə VII sinif şagirdi Çilər Məmmədova Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin diplomuna layiq görülüb.

Qeyd edilib ki, məktəbin həyatında ən əlamətdar hadisələrdən biri muxtar respublika rəhbərinin diqqət və qayğısı sayəsində 2009-cu ildə bu musiqi təhsili ocağı üçün yeni, müasir standartlara cavab verən, 3 zal, 49 sinif otağından ibarət olan dördmərtəbəli binanın istifadəyə verilməsi olub. 

Məktəbin direktoru çıxışının sonunda Ordubad Şəhər Uşaq Musiqi Məktəbinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. O qeyd edib ki, kollektiv bundan sonra da uşaqlara musiqi sənətinin sirlərinin öyrədilməsi və təbliği sahəsində öz səyini əsirgəməyəcək, istedadlı gənc kadrların yetişdirilməsi sahəsində əzmlə çalışacaqdır.

Yubiley tədbirinin bədii hissəsində Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin musiqi kollektivlərinin ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib.

 

 

 

 

00357720
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
5
249
254
4655
357720

Tarix: 22-10-2019
Biz, sosial şəbəkələrdə: