"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Mədəni-kütləvi tədbirlərin təşkilinə diqqət artmışdır

Yola saldığımız 2016-cı ildə muxtar respublikada mədəniyyətin inkişafı təmin edilmiş, silsilə tədbirlər keçirilmiş, tarixi-mədəni irsimizin qorunub-yaşadılması qayğısına qalınmışdır. Aparılan quruculuq işləri zamanı yeni mədəniyyət obyektləri də istifadəyə verilmiş, tarixi abidələrimiz bərpa olunmuşdur.

Naxçıvan şəhərində görkəmli rəssam Bəhruz Kəngərlinin adını daşıyan Rəssamlar Parkının istifadəyə verilməsi, Culfa rayonunda xalqımızın əyilməzlik simvolu olan Əlincəqala tarixi abidəsinin, Gülüstan türbəsinin, Şərur rayonunun Xanlıqlar kəndindəki Parçı İmamzadəsinin bərpa olunması tarixi-mədəni irsimizə qayğının ifadəsinə çevrilmişdir. Culfa rayonunun Saltaq və Gülüstan, Şahbuz rayonunun Daylaqlı və Kiçikoba, Babək rayonunun Xəlilli, Məzrə, Hacıvar və Yarımca, Şərur rayonunun Oğlanqala və Arbatan, Kəngərli rayonunun Yurdçu, Ordubad rayonunun Baş Dizə, Naxçıvan şəhərinin Bulqan kəndlərində istifadəyə verilmiş kənd mərkəzlərində mədəniyyət müəssisələri üçün lazımi iş şəraiti yaradılmışdır.

Xalqımızın milli dəyərlərinin yaşadılması, qorunması və təbliğ edilməsi sahəsində bir sıra işlər həyata keçirilmişdir. Novruz bayramında Naxçıvan şəhərində keçirilən xalq yaradıcılığı günlərində sənətkarların əl işləri, Azərbaycan xalqının tarixini özündə yaşadan müxtəlif əşyalar, milli mətbəx nümunələri nümayiş etdirilmişdir. Bundan başqa, “Xalq mahnı və təsniflərinin ifaçılıq müsabiqəsi – 2016”, muğam məclisləri keçirilmiş, milli mətbəx nümunələrinin toplanması davam etdirilmiş, “Naxçıvan folklorunda mətbəx elementləri” kitabı nəşr olunmuşdur. 15 İyun Milli Qurtuluş Günü münasibətilə Naxçıvan Qarnizonunun hərbi orkestrinin və Ərzurum Mehtərən Tağımının birgə konserti iki qardaş ölkə arasında dostluq münasibətlərinin ən gözəl ifadəsi olmuşdur.

“Naxçıvan – bəşəriyyətin beşiyi” III Beynəlxalq Rəsm Festivalı ötən ilin ən yaddaqalan mədəniyyət tədbirlərindəndir. Bu festivalın keçirilməsi Naxçıvanda rəssamlıq sənətinin inkişafına böyük töhfələr verməklə yanaşı, həm də muxtar respublikamızda mədəniyyətin, incəsənətin təbliği baxımından da əhəmiyyətlidir. Yola saldığımız il Naxçıvanda keçirilən çoxsaylı festivallarla yadda qalmışdır. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Yaradıcı əllər”, “Göycə”, “İstedadlı uşaqlar”, “Naxçıvan çörəkləri”, “Plov və yallı”, “Arıçılıq məhsulları – bal” festivallarında milli mətbəx nümunələrinin, şirniyyatların və əl işlərinin satış-sərgisi təşkil edilmişdir. Bu festivallar muxtar respublika sakinləri və turistlərdə xoş təəssürat yaratmışdır.

Qədim diyarımızda görkəmli şəxsiyyətlərin yubileylərinin və əlamətdar günlərin qeyd olunması ənənəyə çevrilmişdir. Ali Məclis Sədrinin müvafiq sərəncamlarına uyğun olaraq ötən il görkəmli yazıçı-publisist Eynəli bəy Sultanovun 150 illik, bəstəkar Qəmbər Hüseynlinin 100 illik və Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin 50 illik yubileyləri qeyd olunmuşdur. Ümumilikdə, ötən il muxtar respublikada mədəni-kütləvi tədbirlərin sayı artmışdır.
Son illər qədim diyarımızda yeni muzeylərin yaradılması, muzeylərin fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması muzey işini təkmilləşdirmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına əsasən mühüm tədbirlər həyata keçirilmişdir. 2016-cı ildə muzeyləri 43 min 425-i əcnəbi vətəndaş olmaqla, ümumilikdə, 320 min 616 nəfər ziyarət etmişdir. Muzey fondlarının yeni eksponatlarla zənginləşdirilməsi sahəsində muxtar respublika sakinləri də fəal iştirak etmiş, muzeylərimizə 1468 yeni eksponat daxil olmuşdur. Muxtar respublikanın kitabxanalarında da ötən il oxucu-kitabxana əlaqələrinin düzgün qurulması diqqətdə saxlanılmış, kitabxanalarda mədəni-kütləvi tədbirlər və sərgilər keçirilmiş, mədəniyyət ocaqlarına 1841 adda 20 min 530 nüsxə çap məhsulu verilmişdir.

Yola saldığımız ildə uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərini 928 şagird bitirmiş, 2016-2017-ci tədris ilində müxtəlif ixtisaslar üzrə 1286 şagird qəbul edilmişdir. Şagirdlərdən 18-i sağlamlıq imkanları məhdud uşaqlardır. Naxçıvan Musiqi Kollecində də təhsilin keyfiyyətinin yüksəldilməsi, tələbələrlə aparılan işin daha da gücləndirilməsi, onların asudə vaxtının səmərəli keçməsi, yaradıcı kollektivlərin konsertlərinin təşkili diqqətdə saxlanmışdır. Kollecdə ustad dərslər təşkil edilmiş və musiqi kollektivlərinin müxtəlif tədbirlərdə ictimaiyyət qarşısında çıxışları olmuşdur. Bu dövrdə Naxçıvan Dövlət Filarmoniyasının Kamera və Xalq Çalğı Alətləri, Estrada orkestr­lərinin hesabat konsertləri olmuş və 5 muğam məclisi keçirilmişdir.

Teatr kollektivləri də mədəniyyətə göstərilən qayğıdan bəhrələnərək yeni tamaşalar hazırlamış, muxtar respublika sakinlərinin asudə vaxtlarının səmərəli keçməsinə çalışmışlar. Belə ki, Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Əlincə qalası”, “Varlı qadın”, “Nadir şah”, “Arılar arasında” pyesləri tamaşaya qoyulmuşdur. Naxçıvan Dövlət Kukla Teatrı “Duz kisəciyi”, “Şahzadə Bəndalı” və “Seymurun sirli dünyası” tamaşalarını, Naxçıvan Dövlət Uşaq Teatrı “Danışan kukla”, “Meşə çaqqalsız olmaz”, “Kosanın toyu”, “Nadan xoruz”, “Saxta və şaxta babalar” tamaşalarını, Şərur Rayon Xalq Teatrı “Ac həriflər” tamaşasını və “Toy” etnoqrafik kompozisiyasını, Ordubad Rayon Xalq Teatrı “Kamança”, Babək Rayon Xalq Teatrı “Ezop”, “Xəcalət”, “Unuda bilmirəm”, Naxçıvan Şəhər “Gənclik” Xal­q Teatrı “Qəşəmin yuxusu” tamaşalarını teatrsevərlərə təqdim etmişdir. Naxçıvan Dövlət Film Fondu tərəfindən il ərzində Naxçıvan şəhərində və rayonlarda 100-dən çox bədii, elmi-kütləvi, sənədli və cizgi filmi nümayiş etdirilmişdir.

Mədəniyyət və Turizm Nazirliyinin kollektivi 2017-ci ildə qarşıya qoyulan vəzifələrin icrasını diqqətdə saxlayacaq, muxtar respublikada mədəni-kütləvi tədbirlərin əhatə dairəsi daha da genişləndiriləcəkdir.

00357720
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
5
249
254
4655
357720

Tarix: 22-10-2019
Biz, sosial şəbəkələrdə: