"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə sakinlər tərəfindən 18 eksponat təqdim olunub

Fevralın 14-də Ordubad rayon sakinləri Zemfira Quliyeva və Əyyar Səfərov tərəfindən 18 eksponat Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə təqdim edilib. Mədəniyyətimizi və tariximizi əks etdirən bu eksponatlar arasında yun darağı, su kuzəsi, müxtəlif küplər, mis qablar, neft lampası, toxuculuq məmulatları və sair olmaqla 18 eksponat vardır.

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm naziri Natəvan Qədimova bildirib ki, 5000 illik  tarixi olan, özündə qədim, antik və orta əsr şəhər mədəniyyətini əks etdirən, tarixin müxtəlif dövrlərində Atabəylər dövlətinin, Naxçıvan xanlığının paytaxtı olmuş qədim Naxçıvan torpağı tarix və mədəniyyət abidələri ilə zəngindir. Arxeoloji ekspedisiyalar zamanı tapılmış yüzlərlə gil qablar, boyalı qablar, tunc heykəllər, əşyalar və bəzək nümunələri vaxtilə bu torpaqda olan müxtəlif mədəniyyətlərin mövcudluğunu göstərir. Nuh peyğəmbərin qəbrinin burada olması, Gəmiqaya ərazisindəki məhşur qayaüstü rəsmlər Naxçıvanın bəşər sivilizasiyasının mühüm ocaqlarından biri olduğunun sübutudur. Muxtar respublikada bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də ciddi inkişaf və qayğı özünü göstərməkdədir. Tariximizin, mədəniyyətimizin, adət-ənənələrimizin qorunub gələcək nəsillərə çatdırılması daim diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamına əsasən Naxçıvan ərazisində 700-ə yaxın dünya və ölkə əhəmiyyətli olmaqla 1202 daşınmaz tarix mədəniyyət abidəsi qeydə alınmış və pasportlaşdırılmışdır. Son illərdə daşınmaz tarix mədəniyyət abidələrinin bərpa, təmir və konservasiya olunması da diqqət mərkəzində olan əhəmiyyətli məsələlərdəndir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamlarına əsasən Naxçıvanqala kompleksi, Nuh Peyğəmbərin qəbri, Yusif Küseyir oğlu türbəsi, Xanəgah abidə kompleksi, möhtəşəm Əlincəqala, Gülüstan türbəsinin bərpa və təmiri, həmçinin hal-hazırda Qarabağlar türbəsində aparılan bərpa işləri xüsusilə qeyd edilməlidir. Tarix-mədəniyyət abidələri ilə bərabər Naxçıvan torpağında olan maddi-mədəniyyət nümunələri də tariximizi və mədəniyyətimizi özündə yaşadan nümunələrdir ki, bunlarında qorunması və mühafizə olunması dövlət tərəfindən nəzarətdə saxlanılır.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında 29 muzey və muzeytipli müəssisə fəaliyyət göstərir ki, burada da 112 mindən çox xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən maddi mədəniyyət nümunələri mühafizə olunaraq qorunub saxlanılır. Müstəqillik illərinə qədər əgərmuxtar respublika ərazisində 13 muzey fəaliyyət göstərirdisə, müstəqillik dövrünə qədəm qoyduqdan sonra Naxçıvanın tarixini və görkəmli şəxsiyyətlərinin yaradıcılığını əks etdirən 16 muzey yaradılmışdır.Son illərdə muzeylərimizə göstərilən dövlət qayğısıxüsusilə qeyd edilməlidir. Bu baxımdan muzey sahəsində kadr yetişdirilməsi işi də xüsusilə qeyd edilməlidir.Artıq 5 ilə yaxındır ki, Naxçıvan Dövlət Universitetində muzey işi sahəsində ixtisaslı kadrlar yetişdirilir. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində olan ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamına əsasən Naxçıvan Dövlət Universitetində muzeyşünaslıq və arxiv işi üzrə təhsil alan tələbələrin muzeylərdə təcrübə keçmələri və muzey işi haqqında dərin biliklərə yiyələnmələri üçün hər bir şərait yaradılmışdır.

Diqqətə çatdırılıb ki, bu gün muzeylərimizi ziyarət edənlərində sayı əhəmiyyətli dərəcədə artmış və muzey işçilərinin öhdəsinə daha böyük vəzifələr qoyulmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr Sərəncamına əsasən muxtar respublikanın nazirlik, komitə və təşkilatlarının kollektivləri mütəşəkkil şəkildə muzeylərimizi ziyarət edirlər. Bundan başqa muxtar respublikada təhsil alan tələbələr, gənclər, həmçinin şagirdlərin, taksi sürücülərinin muzeylərə gedişatı tam olaraq təmin olunmuşdur. Təkcə ötən il muxtar respublikanın muzeylərini 320 mindən çox insan ziyarət etmişdir ki, bunların arasında həm yerli əhali, həm azərbaycanın digər regionlarından muxtar respublikamıza gələn qonaqlar, həmçinin xarici vətəndaşlar olmuşlar. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən bu gün muxtar respublikamızda olan muzeylər ilə orta məktəblər arasında distant dərslər təşkil olunur, həmçinin yetişməkdə olan gənc nəsil üçün açıq dərslər təşkil edilir.

Qeyd olunan bu işlər görülmüş işlərin yalnız az bir hissəsidir. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi də tariximizin və mədəniyyətimizin yaşadılması istiqamətində öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır. Muzey xidməti sahəsində ixtisaslı kadrların yetişdirilməsi, onların işlə təmin olunması, həmçinin muzeyə gələn vətəndaşlara nümunəvi muzey xidmətinin göstərilməsi daim diqqət mərkəzindədir. Son bir il ərzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mütəşəkkil şəkildə muzeylərimiz üçün maddi mədəniyyət nümunələrinin toplanması işi də xüsusi diqqətdə saxlanılır və bu işdə muxtar respublikada yaşayan vətəndaşlar da bizə yaxından köməklik göstərirlər. 2016-cı il ərzində muzeylərə 1500-ə yaxın yeni eksponat daxil olmuşdur ki, bu eksponatlar da könüllü halda muzeylərə və nazirliyə hədiyyə edilmişdir. Son illərdə bütövlükdə tariximizə, mədəniyyətimizə göstərilən dövlət qayğısının nəticəsidir ki, bu gün maddi-mədəniyyət nümunələrinin toplanması işində vətəndaşlarımız bu cür səy göstərirlər. Xalqımızın tarixini, mədəniyyətini qorumaq əlbəttə ki, hər birimizin borcudur. Keçmişimizi, bu günümüzü qorumasaq gələcək nəsillər üçün də heç bir iz qoya bilmərik.

Natəvan Qədimova mədəniyyətimizə göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə bütün mədəniyyət işçiləri adından minnətdarlıq edib. Maddi-mədəniyyət nümunələrini muzeyə təqdim etdiklərinə görə Ordubad rayon sakinləri Zemfira Quliyeva və Əyyar Səfərova təşəkkürünü bildirib.

Sonra Ordubad Rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Vilayət Bağırov, eksponatları muzeyə təqdim edənlərdən Zemfira Quliyeva və Əyyar Səfərov çıxış edərək rayonda maddi-mədəni irsimizin qorunub yaşadılması sahəsində görülən tədbirlərdən danışıb. Qeyd olunub ki, muxtar respublikanın bütün sakinləri kimi Ordubad ziyalıları da maddi-mədəniyyət nümunələrinin toplanmasında fəal iştirak edirlər. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında muzeylərin fəaliyyətinin canlandırılması ilə bərabər həm də muzeylərin zənginləşdirilməsi əsas məsələlərdən biridir. Tariximizin qorunub yaşadıldığı bu mədəniyyət ocaqlarının zənginləşdirilməsində hər bir vətəndaş fəal təşəbbüskarlıq göstərməli və qədim məişət əşyalarını muzeylərə təqdim etməklə bu işə öz töhfələrini verməlidirlər.

00357719
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
4
249
253
4654
357719

Tarix: 22-10-2019
Biz, sosial şəbəkələrdə: