"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Kitabxana işçiləri üçün təşkil edilmiş kurs başa çatmışdır

Naxçıvanda kitabxanaçılara sertifikatlar təqdim edilibNaxçıvan Musiqi Kollecində “Kitabxana işinin təşkili və müasir tələblər” mövzusunda keçirilən kursu müvəffəqiyyətlə bitirənlərə bu gün sertifikatlar təqdim edilib. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə kitabxana işçiləri üçün 10 dərs gününü əhatə edən kurs təşkil edilmişdir.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikasında 234 kitabxana fəaliyyət göstərir və kitabxanalarda 439 nəfər kitabxana işçisi çalışır. Kitabxanaçılar kurslarda öyrəndikləri təcrübi biliklərdən istifadə etməklə işlərini günün tələbləri səviyyəsində qurmalıdırlar. Muxtar respublikamızda mədəniyyətin bütün sahələri kimi kitabxanalara da diqqət və qayğı göstərilir. Bu gün kitabxanaların qarşısında keyfiyyətcə yeni vəzifələr qoyulmuşdur. Kitabxana əməkdaşları ənənəvi kitabxanaçılıq təcrübəsi ilə kifayətlənməməli, oxuculara göstərilən xidmət işini yüksək səviyyədə qurmağı bacarmalıdır. Kitabxana işçisi müasir texnologiyalardan istifadə etməyi bacarmalı, intellektual səviyyəsi ilə seçilməlidir.

Vurğulanıb ki, kursda muxtar respublikanın rayon mərkəzləşdirilmiş kitabxana sistemlərinin 25 nəfər əməkdaşı iştirak etmişdir. Kurs müddətində kitabxana işçilərinə günün birinci yarısında müasir kitabxana işi, bu sahədə yeni texnologiyaların tətbiqi, ölkəmizdə kitabxana işi ilə bağlı görülən işlər haqqında məlumatlar verilmiş, mühazirələr oxunmuşdur. Günün ikinci yarısında isə onlar ölkəmizin ikinci böyük kitabxanası olan M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında təcrübə məşğələləri keçmişlər. Naxçıvan Müəllimlər İnstitutunun kitabxana işi sahəsində təcrübəli əməkdaşları filologiya üzrə elmlər doktoru Yusif Səfərov, filologiya üzrə fəlsəfə doktoru Nəzakət İsmayılova, Afət Həsənova ilə yanaşı, M.S.Ordubadi adına Respublika Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova, Südabə Heydərova, Tamilla Əsgərova, Yeganə Rüstəmova kursun iştirakçılarına kitabxana işi sahəsində dərslər keçmiş, təcrübə məşğələlərinə rəhbərlik etmişlər.

Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli çıxışında kursu müvəffəqiyyətlə bitirənləri təbrik edərək qeyd edib ki,  kitabxana işi ilə əlaqədar təşkil olunan kursu bu sahədə təcrübəli olan mütəxəssislər tədris ediblər. Kitabxana işinin elmi əsaslarla idarə edilməsi, təşkili, kitabxanalarda, oxu zallarında oxuculara göstərilən yüksək xidmət, kitab işləmə, kitab fondlarının quruluşu, məlumat biblioqrafiya işlərinin təşkili, ümumiyyətlə kitabxana işi ilə əlaqərdar olan bütün mövzular kursda tədris edilib.

Oruc Həsənli qeyd edib ki, 10 fevral 2017-ci ildə kursun iştirakçıları üçün imtahan keçirilmişdir. İmtahanlardan uğurla çıxmış 23 nəfər I, II və III dərəcəli sertifikatlar almışlar. On gün davam edən kursun 3 nəfər iştirakçısı isə imtahandan keçə bilməmişdir. İmtahanlardan keçə bilməyən kitabxanaçılar yenidən kurslarda iştirak etməklə imtahan verib sertifikat ala bilərlər. Çünki belə kursların keçirilməsi davam etdiriləcək.

00357719
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
4
249
253
4654
357719

Tarix: 22-10-2019
Biz, sosial şəbəkələrdə: