"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvanda Zərifə Salahovanın 85 illik yubileyi qeyd olunub

Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında miniatür Kitab Muzeyinin yaradıcısı və təsisçisi, əməkdar mədəniyyət işçisi,  "Şöhrət” ordenli  Zərifə Salahovanın 85 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimovanın, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidovanın və muxtar respublika Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyevanın çıxışları olub. Çıxışlarda Azərbaycanda maarifçi, nasir, pedaqoq kimi tanınan Zərifə xanım Salahovanın həyat və yaradıcılığından bəhs olunaraq bildirilib ki, Azərbaycan qadınları həmişə özlərinin ictimai fəallığı, Vətənə sədaqəti, ailəyə bağlılığı və fədakarlıqları ilə seçiliblər. Belə qadınlardan biri də Zərifə Salahovadır. O, 1932-ci il fevralın 2-də Bakı şəhərində dövrünün nüfuzlu ziyalısı olan Teymur Salahovun ailəsində doğulub. Azərbaycana dünya şöhrətli rəssam Tahir Salahov, rəssam-kallioqraf Sabir Salahov, sənətşünas Mahir Salahov, ədəbiyyatçı Leyla Salahova kimi şəxsiyyətlər bəxş edən bir ailədə böyüyən Zərifə Salahova hələ gənclik illərindən ictimai həyatda fəallığı ilə seçilib. Mətbuat orqanlarında, Sumqayıt Şəhər Partiya Komitəsində müxtəlif vəzifələrdə çalışıb. Moskva şəhərində ali partiya məktəbini bitirdikdən sonra Sumqayıt Şəhər Partiya Komitəsinin ikinci katibi, Azərbaycan KPMK-nın təşkilat partiya işi şöbəsində bölmə müdiri vəzifəsində işləyib. Zərifə xanım incəsənətin, mədəniyyətin, ədəbiyyatın təbliği sahəsində mühüm xidmətlər göstərib, nadir formatlı kitablar toplayıb nəşr etdirərək nəcib bir işlə məşğul olub.

Zərifə Salahova 2002-ci ildən fəaliyyət göstərən Miniatür Kitab Muzeyinin təsisçisi və yaradıcısıdır. Muzeydə 60-dan çox ölkədə nəşr olunmuş 8 minə yaxın kitab nümayiş etdirilir. Ulu öndər Heydər Əliyevin qayğısı ilə İçərişəhərdə yerləşdirilən bu nadir incəsənət ocağı dünyada yeganə miniatür muzeydir.

Qeyd olunub ki, Zərifə xanım muzeydəki nadir kitabları, təxminən, 35 il müddətində toplayıb. Muzeydəki kitabların kolleksiyasına görə, onun adı 2015-ci ildə “Ginnesin Rekordlar Kitabı”na düşüb. Azərbaycan dilində ilk miniatür kitab məhz Zərifə Salahovanın əməyi sayəsində işıq üzü görüb. Ümummilli liderimiz Heydər Əliyev onun miniatür kitab işi sahəsindəki zəhmətini yüksək qiymətləndirərək deyib: “Azərbaycanda miniatür kitab nəşri sahəsində Zərifə xanım Salahovanın fəaliyyəti yüksək qiymətə layiqdir”.

Vurğulanıb ki, Zərifə Salahova ictimai fəaliyyətini də bir çox istiqamətlərdə davam etdirib, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin,Azərbaycan Respublikası Prezidenti yanında YUNESKO üzrə Milli Komissiyanın, İctimai Televiziya və Radio Yayımları Şirkəti Müşahidə Şurasının üzvü, Azərbaycan Qadınları Bakı Assosiasiyasının sədri seçilib. Azərbaycanda kitab mədəniyyətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib, Belarus Respublikasının dövlət mükafatı – “Fransisk Skarina” medalına layiq görülüb.

Bildirilib ki, 2014-cü ilin dekabrında müəllifin iştirakı ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Miniatür Kitab Muzeyinin filialı yaradılıb və hazırda burada 904 nüsxə miniatür kitab nümayiş etdirilir.

Tədbirdə yubilyar çıxış edərək Miniatür Kitab Muzeyinin yaradılması istiqamətində görülən işlərdən danışıb, Naxçıvan Muxtar Respublikasında bu sahəyə göstərilən qayğıdan, yaradılan şəraitdən söhbət açıb. O, çəkdiyi zəhməti yüksək qiymətləndirdiyinə görə dövlətimizə minnətdarlığını bildirib.

Tədbirin sonunda iştirakçılar kitabxanada yaradılan Miniatür Kitab Muzeyinin filialına baxıblar

00357719
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
4
249
253
4654
357719

Tarix: 22-10-2019
Biz, sosial şəbəkələrdə: