"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

"Dilimiz milli kimliyimizdir" mövzusunda oxucu konfransı keçirilib

Fevralın 21-də A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası Beynəlxalq Ana Dili günü münasibətilə Heydər Əliyev adına tam orta məktəbində "Dilimiz milli kimliyimizdir" mövzusunda oxucu konfransı keçirmişdir.

Tədbiri giriş sözü ilə A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının direktor müavini Kəmalə Ağayeva açaraq bildirdi ki, Xalqımızın milli varlığının, Azərbaycançılıq məfkurəsinin əsasını dilimiz təşkil edir. Harada yaşamasından asılı olmayaraq, milyonlarla soydaşımızın mədəni inkişaf və ünsiyyət vasitəsi olan dilimiz tarixən böyük inkişaf yolu keçmiş, zaman-zaman ən müxtəlif təqib və təzyiqlərə məruz qalmış, lakin öz varlığını qoruyub saxlamışdır. 
Azərbaycan tarixboyu yadelli işğalçıların təsirinə məruz qalmış, nəticədə, doğma dilimiz də çətin sınaqlarla üzləşmişdir. Lakin milli dəyərlərini heç zaman unutmayan xalqımız dilimizin məhv olmasına, yad dillərin təsirinə düşməsinə yol verməmiş, onu qoruyub saxlamış, saflığını, şirinliyini bu günədək gətirib çıxartmışdır. Ona görə də dil və xalq ayrılmaz məfhumlardır. Xalqın tarixi taleyini onun dili də yaşadır. 1919-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dilimizi dövlət dili kimi təsdiqləyib. 1936-cı ildən sonra isə Azərbaycan dili rəsmən dövlət dili sayılsa da, bu, formal xarakter daşımış və dövlət idarələrində məhdud çərçivədə işlənmişdir.

Kitabişləmə şöbəsinin müdiri Nüşabə Seyidova “Heydər Əliyev və Azərbaycan dili” adlı məruzəsində  qeyd etdi ki, Xalqımızın ümummilli lideri ­Heydər Əliyev dilimizin hərtərəfli inkişafı, onun rəsmi dövlət dili statusu alması, beynəlxalq münasibətlər sisteminə, dünya diplomatiyasına yol tapması üçün çox böyük işlər görmüşdür. “İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan ana dilini hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”, – deyən ümummilli lider hakimiyyətdə olduğu illərdə dil siyasətinə mühüm əhəmiyyət vermişdir. Bunun nəticəsidir ki, 1970-ci ildən Azərbaycan dili elmi şəkildə öyrənilmiş, müasir Azərbaycan dilinin problemləri ilə bağlı çoxsaylı elmi-nəzəri əsərlər yaradılmışdır. Ali məktəblər üçün yazılmış dördcildlik “Müasir Azərbaycan dili” dərsliyi 1974-cü ildə məhz ulu öndərin təşəbbüsü ilə respublikanın dövlət mükafatına layiq görülmüşdü.

Komplektləşdirmə şöbəsinin müdiri Şəbnəm Ələkbərova “Dilimiz qurur mənbəyimizdir” adlı çıxışında Azərbaycan dilinin çox qədimlərdə formalaşmasından və böyük inkişaf yolu keçməsindən söz açdı. Qeyd etdi ki, Ölkəmiz müstəqillik qazanandan sonra bütün sahələrdə olduğu kimi, dil sahəsində də yeni qanunların qəbul edilməsinə zərurət yarandı. Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ana dilimizin nüfuzunun artırılması istiqamətində ardıcıl və məqsədyönlü iş aparmağa başladı. Ana dilimizin qorunması, inkişaf etdirilməsi, respublikanın bütün idarə və təşkilatlarında dövlət dili kimi tətbiq edilməsi istiqamətində daha qətiyyətli addımlar atıldı. Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiyamızda Azərbaycan dili dövlət dili kimi təsbit edilmişdir. Ulu öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyul və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2003-cü il 2 yanvar tarixli fərmanları dilimizin və dilçiliyimizin inkişafında yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Həmçinin ümummilli liderin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən, hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur.

“Ana dilimizi sevək və qoruyaq” adlı çıxışında Metod şöbənin müdiri Mehriban Seyidova dilin millətin simasını səciyyələndirən amillərdən biri, bəlkədə birincisi olduğunu, hər bir xalqın varlığının təzahürünü, onun milli sərvəti, qan yaddaşı olmasından, elə buna görə də öz  dilimizi sevməyin, qorumağın vacibliyindən danışdı.

Sonra Heydər Əliyev adına tam orta məktəbin kitabxanaçısı Elsevər Həsənov bu tədbiri təşkil etdiklərinə görə A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının əməkdaşlarına öz təşəkkürünü bildirdi.

Sonda tədbir iştirakçıları kitabxana əməkdaşlarının mövzuya uyğun təşkil etdikləri sərgiyə baxış keçirdilər.

00366113
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
267
496
2374
5257
366113

Tarix: 18-11-2019
Biz, sosial şəbəkələrdə: