"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Böyük yazıçının anadan olmasının 148-ci ildönümü qeyd edilib

Fevralın 22-də böyük yazıçı, dramaturq və publisist Cəlil Məmmədquluzadənin anadan olmasının 148-ci ildönümü münasibətilə ədibin Naxçıvan şəhərindəki ev-muzeyində tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Cəlil Məmmədquluzadənin ev-muzeyinin direktoru Aytən Ələkbərova bildirmişdir ki, qüdrətli dramaturq və yazıçı, publisist, “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi, ictimai xadim, böyük vətəndaş Cəlil Məmmədquluzadənin anadan olmasından 148 il ötür. Qüdrətli sənətkarın əbədiyaşar zəngin irsi dünən, bugün və gələcək nəsillər üçün müstəqillik, azərbaycançılıq, millilik və vətəndaşlıq nümunəsidir.        

Qeyd olunmuşdur ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev həmişə Cəlil Məmmədquluzadə irsinə, onun əsərlərinin tədqiqi və nəşri məsələlərinə böyük diqqət və qayğı göstərmişdir. Məhz ümummilli liderin hakimiyyəti illərində Cəlil Məmmədquluzadə haqqında yeni və samballı tədqiqat əsərləri kütləvi şəkildə nəşr olunmuş, xatirəsinin əbədiləşdirilməsi üçün böyük işlər həyata keçirilmişdir. Cəlil Məmmədquluzadənin dram əsərlərinin tamaşaya qoyulması sahəsində də bu illərdə ciddi irəliləyiş olmuşdur.

 Bakıda 1994-cü il dekabrın 18-də Cəlil Məmmədquluzadənin anadan olmasının 125 illiyi ərəfəsində ev muzeyi açılmışdır. Bu muzeyin açılışında ümummilli lider Heydər Əliyev iştirak etmiş və nitq söyləmişdir. Bundan başqa ulu öndərin 1998-ci il 19 iyun tarixli Sərəncamına əsasən Naxçıvan şəhərində də Cəlil Məmmədquluzadənin ev muzeyi yaradılmış, 1999-cu il oktyabrın 13-də muzeyin açılışı olmuşdur. Böyük yazıçının vaxtı ilə müəllimlik etdiyi Nehrəm və Cəlilkənd kəndlərində ədibin xatirə muzeyləri yaradılmış, Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyinə və Naxçıvan Dövlət Musiqili Dram Teatrına ədibin adına verilmişdir. Ədibin əzəmətli heykəli Bakıda və Naxçıvanda əzəmətlə ucalır.

Tədbirdə Azərbaycan Respublikasının Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru Hüseyn Həşimli “Cəlil Məmmədquluzadə və Azərbaycançılıq” mövzusunda çıxış edərək bildirmişdir ki, böyük şəxsiyyət Azərbaycanın dövlət müstəqilliyi, milli istiqlal uğrunda mübarizəsinin ön cərgəsində durmaqla bizim müasirimiz olmuşdur. Qüdrətli yazıçının azərbaycançılıq, millilik, Vətənin taleyini düşünmək, bu yolda ağır əzab-əziyyətlərə dözmək iradəsi bütün nəsillər üçün əsl mübarizə məktəbidir.

Böyük yazıçının tədqiqatçılarından olan AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyət İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Aygün Orucovanın “Cəlil Məmmədquluzadə və klassik ədəbi irsimiz” mövzusundakı çıxışında böyük yazıçının klassik ədəbiyyatımızdan bəhrələnərək yeni bir məktəb yaratdığı qeyd olunmuşdur. Bu məktəbin nümayəndələri də öz sələfləri kimi xalqın maariflənməsində və milli oyanışında iştirak etmişlər.

Sonda muzeyin ekspozisiyasına baxış olmuşdur.

00364051
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
148
164
312
3195
364051

Tarix: 12-11-2019
Biz, sosial şəbəkələrdə: