"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvanlı gənc saz ifaçısı “Köklə sazı” aşıq müsabiqəsinin qaliblərindəndir

Aşıq sənətinin və musiqisinin tarixi çox qədim və zəngindir. Bu gün muxtar respublikamızda da aşıq sənətinin inkişafı və təbliği ilə bağlı bir sıra tədbirlər həyata keçirilir, musiqi təhsili ocaqlarında saz musiqi alətinin gənclərə öyrədilməsi istiqamətində mühüm işlər görülür. 

Muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində Saz ixtisası tədris olunur. Bu dərslərdə saz sənətinə yiyələnən gənc ifaçıların təcrübəli, yüksək­ixtisaslı kadrlar kimi yetişməsinə diqqət yetirilir. Musiqi məktəblərində Saz ixtisası üzrə təhsil alan şagirdlərə aşıq havaları öyrədilir, onlar muxtar respublika üzrə keçirilən müsabiqələrdə, konsertlərdə fəal iştirak edirlər. Bunun nəticəsidir ki, gənc nəslin nümayəndələri qədim musiqi alətimizdə ifa etməyə maraq göstərirlər.

Bu gün muxtar respublikamızda qədim musiqi alətlərinə könüldən bağlanan gənc saz ifaçıları az deyil. Gələcəyinə ümidlə baxdığımız saz ifaçılarından biri də Elnur Həsənlidir. Gənc saz ifaçısı 2000-ci il martın 10-da Şahbuz rayonunun füsunkar təbiətə malik olan Kükü kəndində dünyaya göz açıb. O, 2015-ci ildə Naxçıvan şəhərindəki Səfər Rəcəbov adına 3 nömrəli Uşaq Musiqi Məktəbinin Saz ixtisası kursunu bitirib. Müəllimləri İllarə Vəliyeva və İxtiyar Seyidov onun ifaçılıq qabiliyyətinə yiyələnməsi üçün səylərini əsirgəməyiblər. Saz ixtisası üzrə əla qiymətlə təhsil alan Elnur məktəbi bitirdikdən sonra da ruh oxşayan bu musiqi alətindən ayrılmayıb, müxtəlif tədbirlərdə “Baş divani”, “Dilqəmi”, “Baş Sarıtel”, “Orta Sarıtel”, “Cəlili”, “Çoban bayatı”, “Misri”, “Ruhani”, “Naxçıvani” və başqa ənənəvi saz havalarını özünəməxsus şəkildə ifa edib. 

Elnurla “Lider” televiziyasında yayımlanan “Köklə sazı” adlı aşıq müsabiqəsindən sonra görüşdüm. Onun sözlərinə görə, aparıcısı Lalə Əlimuxtarova olan verilişdə münsiflər heyətinə tanınmış aşıqlar dəvət edilir. Müsabiqənin əsas məqsədi aşıq sənətinin inkişafına dəstək verməkdir. Saatlı, Ucar, Gədəbəy, Göyçay, Qazax və başqa rayonlardan aşıq və saz ifaçılarının qatıldığı bu müsabiqədə qədim diyarımızı öz təşəbbüsü ilə Elnur təmsil edib. 

Su çərşənbəsindən bir gün sonra “Köklə sazı” aşıq müsabiqəsi başa çatıb. Onu da deyək ki, müsabiqə mərhələlərlə keçdiyindən uzun vaxt aparıb. Elnurun uğurlu çıxışları onun “Köklə sazı” aşıq müsabiqəsinin final mərhələsində də iştirak etməsi ilə nəticələnib və II yerin diplomu ilə təltif olunub. Təbii ki, ifaçını dəstəkləyənlər də az olmayıb. Elnur ona səs verənlərə minnətdarlığını bildirdi. 

Günümüzdə ifa olunan müasir sazın tarixi XVI əsrdən başlayır. İnsan ruhunu oxşayan musiqi aləti kimi sazı həmişə aşıqlarımız və şairlərimiz vəsf ediblər. Azərbaycan aşıq sənətinin dünyanın misilsiz incilərindən biri kimi YUNESKO-nun “Qeyri-Maddi Mədəni İrs Siyahısı”na salınması saz sənətimizin dünya miqyasında tanıdılması deməkdir. Mənəvi dünyamızın əsrlərdən bəri zəngin bir qolu olan saz sənəti qədim olduğu qədər həm də çətin, mürəkkəb, zəriflik və mahirlik tələb edən bir sənətdir. Xalqımızın çoxəsrlik tarixinin və mənəvi dünyasının tərkib hissəsi olan sazı yaşatmaq həm də məsuliyyətli və şərəfli bir işdir. Biz də gənc saz ifaçısı Elnur Naxçıvanlını (müsabiqədə Elnurun soyadı belə səslənib) təbrik edir, ona bu yolda daha böyük uğurlar arzulayırıq.

00364112
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
209
164
373
3256
364112

Tarix: 12-11-2019
Biz, sosial şəbəkələrdə: