"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvan teatrı zəngin ənənələrə malikdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamına əsasən, hər il martın 10-u ölkəmizdə “Milli Teatr Günü” kimi qeyd edilir.

1873-cü ilin mart ayında Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” əsərinin səhnələşdirilməsi ilə əsası qoyulmuş Azərbaycan teatrı çətin və şərəfli inkişaf yolu keçmişdir. Bundan 10 il sonra – 1883-cü il mayın 11-də dövrünün mütərəqqi ziyalısı olan Hacı Nəcəf Zeynalovun Naxçıvanın məşhur “Zaviyyə” məhəlləsindəki evində Mirzə Fətəli Axundovun “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyası səhnələşdirilməklə Naxçıvan teatrının əsası qoyulmuş, ötən dövrdə teatr şərəfli inkişaf yolu keçmişdir. 

Naxçıvan teatrının salnaməsini vərəqlədikcə fədakar və mübariz insanların xatirəsi gözlərimiz önündə canlanır. Bu məfkurə və əməl dostlarının başında duranlar – Eynəli bəy Sultanov və Cəlil Məmmədquluzadə dram əsərləri yazmaqla bərabər, həm də rejissorluq edir, teatr təşkilatçılığı ilə məşğul olur, teatrın inkişafı üçün zamanın sərt sınaqlarına qatlaşırdılar.

XIX əsrin əvvəllərində Bakıdan Naxçıvana gələn Azərbaycan teatrının qüdrətli sənətkarlarının Naxçıvan teatrının aktyorları ilə birlikdə tamaşa göstərməsi, öz həmkarlarına mənəvi dəstək verməsi, onların peşəkarlıq səviyyəsinin yüksəlməsinə təsir etməsi, dərin mündəricəli əsərlərin tamaşaya qoyulması ilə yanaşı, həm də milli teatr tariximizdə əməl və məfkurə dostluğunun, sənət fədailiyinin ən gözəl nümunələri idi. Bütün bunlar Naxçıvan teatrına öz repertuarını zənginləşdirmək imkanı qazandırmışdı. Naxçıvan teatrı Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Cəfər Cabbarlı, İslam Səfərli kimi sənətkarların əsərlərinə müraciət edərək püxtələşmişdir. Həmçinin teatrın kollektivi müxtəlif illərdə Vilyam Şekspir, Lope de Veqa, Qothold Lessinq, Henrik İbsen, Əziz Nesin, Nazim Hikmət, Çingiz Aytmatovun da əsərlərini tamaşaya qoymuş, teatrsevərləri dünya klassiklərinin yaradıcılığı ilə tanış etmişdir.

Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Naxçıvan teatrı köklü, əsaslı bir teatrdır. Yaxın Şərqin ən qocaman sənət ocaqlarından biri olan Naxçıvan teatrı böyük yaradıcı­lıq yolu keçmişdir. Teatr bu ənənəni bu gün də qoruyub saxlayır”.

Görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə milli teatrımız əsl inkişaf və intibaha qovuşmuş, maddi-texniki bazası gücləndirilmiş, peşəkar aktyor və rejissor kollektivi formalaşmışdır. Müstəqillik illərində isə ümummilli liderimizin rəhbərliyi ilə səhnə sənətimiz yeni inkişaf mərhələsinə qədəm qoymuş, bu sahədə böyük uğurlar qazanılmışdır. Bu dövrdən başlayaraq teatrlara diqqət və qayğı artırılmış, yazıçı, aktyor və rejissorların yaradıcılıq şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, onların əməyi qiymətləndirilmişdir. Teatr kollektivlərinin əməkhaqları artırılmış, aktyorların, rejissorların, dramaturqların yubileyləri geniş qeyd edilmiş, Azərbaycan teatrının beynəlxalq əlaqələri genişlənmişdir.

Teatrlara diqqət və qayğı bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər bu sahədə mühüm islahatlar həyata keçirilmiş, teatr binaları yenidən qurulmuşdur. 2006-cı ildə qəbul olunmuş “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu, ölkə başçısının “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 19 fevral tarixli Sərəncamı, 2009-cu ildə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı” milli teatrımızın maddi-texniki bazasının möhkəmləndirilməsi, kollektivlərin yaradıcılıq potensialının inkişaf etdirilməsi baxımından mühüm dövlət sənədləridir. 

Bu gün Naxçıvan Muxtar Respublikasında teatrların fəaliyyətinə hərtərəfli qayğı göstərilir. Son illər muxtar respublikada teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, teatr binaları yenidən qurulmuş və ya əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Hazırda muxtar respublikada fəaliyyət göstərən C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, 5 xalq teatrı, Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyası tamaşaçıların mənəvi və estetik zövqünün formalaşmasında, asudə vaxtlarının mənalı təşkilində əhəmiyyətli rol oynayır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir: “Dünya ədəbi fikrinə qüvvətli təsir göstərən ölməz ədib və mütəfəkkirlərin zəngin yaradıcılıq ənənələri ilə sıx bağlı olan Naxçıvan teatrı daim yeniliyə can atmış, mədəni inkişafın carçısı olmuş, geniş maarifçilik işi görmüş, cəhalət və yeniliyi qamçılayaraq muxtar respublikada mədəni-ictimai fikrin formalaşmasına öz təsirini göstərmişdir”. 

Son illər Naxçıvan Dövlət Musiqili Dram Teatrının yaradıcılıq axtarışları, qastrol səfərləri genişlənmiş, kollektiv milli dəyərlərimizin peşəkar təbliğatçısına çevrilmişdir. Naxçıvan teatrı Türkiyə Respublikasının Ankara, İstanbul, Bursa, Trabzon, Qars, Ərzurum, İqdır, Dənizli, Tarsus, İran İslam Respublikasının Təbriz, Maku, Urmiya şəhərlərində qastrol səfərlərində olmuş, göstərdiyi tamaşalarla dost və qonşu ölkələrin teatrsevərlərinin rəğbətini qazanmışdır. Naxçıvan teatrının Bakıda və Azərbaycanın digər rayonlarında göstərdiyi tamaşalar da maraqla qarşılanmış, istedadlı aktyorlarımız geniş tamaşaçı sevgisi qazanmışlar. Teatrımız repertuar zənginliyini daim diqqət mərkəzində saxlayır, klassik və çağdaş dramaturgiyamızın dəyərli nümunələrindən, dünya klassiklərinin əsərlərindən tamaşalar hazırlayır.

Naxçıvan Dövlət Musiqili Dram Teatrının son 20 ildə tamaşaya qoyduğu dramlar üslub, struktur və janr müxtəlifliyi ilə seçilir. “Atabəylər”, “Pompeyin Qafqaza yürüşü”, “Hökmdar və qızı”, “Nadir şah”, “Qönçəbəyimin nəğməsi”, “Mirzə Cəlil taleyi”, “Yəhya bəy Dilqəm”, “Araz sahilində doğan günəş”, “Ağa Məhəmməd şah Qacar”, “Mirzə Fətəli”, “Əlincə qalası”, “Koroğlunun Çənlibelə qayıdışı”, “Qurtuluş dastanı”, “Ah Paris, Paris!..”, “Mənim ərim dəlidir”, “Dəlixanadan dəli qaçıb”, “Kuklalar evi”, “Arılar arasında” kimi üslub, struktur, janr müxtəlifliyi ilə seçilən tamaşalar teatrın axtarışlarının düzgün istiqamətdə inkişaf etdiyini göstərir.

M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı da fəaliyyəti boyunca yüksək qayğı ilə əhatə olunmuşdur. 2004-cü ildə müasir bina ilə təmin olunan kukla teatrının qonşu Türkiyə və İran İslam respublikalarına səfərləri beynəlxalq mədəni əlaqələrin qurulmasında əhəmiyyətli rol oynamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 4 oktyabr tarixli Sərəncamı ilə yaradılan Naxçıvan Dövlət Uşaq Teatrı isə müxtəlif illərdə hazırladığı tamaşalarla balacaların qəlbinə yol tapmağı bacarmışdır. Həmçinin muxtar respublikanın şəhər və rayonlarında xalq teatrları da uğurla fəaliyyət göstərir. Ötən il xalq teatrlarının “Kamança”, “Ac həriflər”, “Xəcalət”, “Şöhrət ardınca”, “Ezop”, “Ər və arvad”, “Unuda bilmirəm”, “Qəşəmin yuxusu”, “Dələduz” kimi tamaşaları ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.

Son illər Naxçıvan teatrının tədqiqi ilə bağlı bir sıra uğurlu işlər həyata keçirilmiş, monoqrafiya və kitablar nəşr olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə nəşr olunan “Naxçıvan teatrının salnaməsi” bu baxımdan yüksək qiymətə layiqdir. Kitabda ilk dəfə olaraq Naxçıvan teatrı ilə bağlı çoxsaylı mühüm elmi əhəmiyyətə malik sənədlər, fotoşəkillər və digər məlumatlar öz əksini tapmışdır. 
Teatr o zaman davamlı inkişaf yolunda olar ki, orada gənc aktyorlar nəsli yetişsin. Muxtar respublikada bu sahədə də mühüm addımlar atılmış, Naxçıvan Dövlət Universitetində Aktyorluq sənəti ixtisası yaradılmışdır. Bunun nəticəsidir ki, hər il istər dövlət, istərsə də xalq teatrlarının heyətinə onlarla gənc qatılır, yaratdıqları obrazlarla teatr­sevərlərin qəlbinə yol tapırlar.

Muxtar respublikada teatr sənətinə könül verənlərin əməyi də dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Yaradıcı insanlar Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, orden və medallara, Prezident təqaüdü və mükafatlara layiq görülmüşlər. 

Teatrlarımız bu gün də ictimai şüurun aparıcı qüvvəsi kimi ön cəbhədədir. Milli dəyərləri qorumaq və təbliğ etmək, tariximizi yaşatmaq məramını teatrlarımız bundan sonra da uğurla davam etdirəcəklər.

00366116
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
270
496
2377
5260
366116

Tarix: 18-11-2019
Biz, sosial şəbəkələrdə: