"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvanda Milli Teart Günü qeyd olunub

Dünən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Milli Teatr Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamına əsasən, hər il martın 10-u ölkəmizdə “Milli Teatr Günü” kimi qeyd edilir.

Vurğulanıb ki, 1873-cü ilin mart ayında M.F.Axundzadənin “Lənkəran xanının vəziri” tamaşası ilə əsası qoyulmuş Azərbaycan peşəkar teatrı çətin və şərəfli inkişaf yolu keçib. Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan milli teatrının qazandığı böyük nailiyyətlərlə bağlı deyirdi: “Teatrımızın böyük tarixi, böyük ənənələri, gözəl nümunələri var. Milli teatr bu gün də, gələcəkdə də yaşayacaqdır”.

Mədəniyyət tariximizin parlaq səhifələrini şərəflə yazan milli teatrımız ulu öndərimizin respublikamıza rəhbərlik etdiyi hər iki dövrdə böyük inkişaf yolu keçib, teatrlara xüsusi diqqət və qayğı göstərilib, aktyor və rejissorların səmərəli fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb.

“Teatrlara diqqət və qayğı bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir. Son illər bu sahədə mühüm islahatlar həyata keçirilib, teatr binaları yenidən qurulub. 2006-cı ildə qəbul olunmuş “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu, ölkə başçısının “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 19 fevral tarixli Sərəncamı, 2009-cu ildə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı” milli teatrımızın maddi-texniki bazasının möhkəmləndirilməsi, kollektivlərin yaradıcılıq potensialının inkişaf etdirilməsi baxımından mühüm dövlət sənədləridir”, – deyən Natəvan Qədimova diqqətə çatdırıb ki, muxtar respublikamızda da teatr­ların fəaliyyətinə hərtərəfli qayğı göstərilir. Son illər muxtar respublikada teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, teatr binalarının hamısı yenidən qurulub və ya əsaslı təmir olunaraq istifadəyə verilib. Bu gün muxtar respublikada fəaliyyət göstərən C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, 5 xalq teatrı, Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyası tamaşaçıların estetik zövqünün formalaşmasında, asudə vaxtının mənalı təşkilində əhəmiyyətli rol oynayır. Müstəqillik illərində muxtar respublikada fəaliyyət göstərən teatr­ların yaradıcılıq axtarışları, qastrol səfərləri genişlənib, bu kollektivlər milli dəyərlərimizin peşəkar təbliğatçısına çevriliblər. 

Qeyd olunub ki, muxtar respublikada teatr sənətinə könül verənlərin əməyi dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilir. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2008-ci ildə Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illiyi yüksək səviyyədə qeyd edilib. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Eynəli bəy Sultanovun 150 illik yubileyinin keçirilməsi haqqında” 2016-cı il 15 fevral tarixli Sərəncamına əsasən, ötən il Naxçıvan teatrının yaradıcı­larından olan görkəmli şəxsiyyətin yubileyi qədim diyarımızda geniş qeyd olunub. Teatr sahəsində çalışan yaradıcı insanlar hər il Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, orden və medallara, Prezident təqaüdü və mükafatlarına layiq görülürlər. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 mart tarixli Sərəncamına əsasən bir qrup teatr xadiminə fəxri adlar verilib ki, onların arasında Naxçıvan Dövlət Uşaq Teatrının direktoru Tofiq Seyidov və Şərur Rayon Xalq Teatrının rejissoru Neymət Sultan­ov da var. 

Nazir çıxışının sonunda bildirib ki, xalqımızın zəngin mədəniyyətini yaşatmaq, gənclərin vətənpərvərlik duyğularını gücləndirmək, yüksək estetik-mənəvi təsirə malik olan əsərləri səhnəyə gətirmək bu gün teatrlarımızın qarşısında duran əsas vəzifədir. İnanırıq ki, ötən illərdə olduğu kimi, bundan sonra da Naxçıvan teatrları milli dəyərləri qorumaq və təbliğ etmək, tariximizin şərəfli səhifələrini yaşatmaq missiyasını layiqincə yerinə yetirəcəklər. 
Sonra səhnədəki ekranda Naxçıvan teatrının 100 illik yubileyindən çəkilmiş kadrlar nümayiş etdirilib. Səhnəyə çıxan aparıcılar Azərbaycan teatrının şərəfli inkişaf yolundan danışaraq M.F.Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” əsəri ilə Naxçıvan teatrının əsasının qoyulduğunu bildiriblər. Teatrın aktyorlarının ifasında həmin komediyadan bir səhnə göstərilib.

Tədbirdə aparıcılar qədim diyarımızda fəaliyyət göstərən M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının uğurlarından da söhbət açıblar və bildiriblər ki, bu sənət ocağı teatrsevərlərin görüşünə Nağı İsmayılzadənin “Ağca və Bozca” tamaşasından bir səhnə ilə gəlib.

Naxçıvanda fəaliyyət göstərən ən gənc teatrlardan olan Naxçıvan Dövlət Uşaq Teatrının da son illərdə hazırladığı tamaşalardan söhbət açılıb. Naxçıvan Dövlət Uşaq Teatrının ifasında Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Həsənəli Eyvazlının “Nadan xoruz” tamaşasından bir səhnə də marağa səbəb olub.

Naxçıvan Dövlət Musiqili Dram Teatrının hazırladığı Xalq yazıçısı Elçinin “Arılar arasında” komediyasından da bir parça göstərilib.

Tədbirin sonunda aktyorlar “Mən aktyoram” mahnısının sədaları altında canlandırdıqları obraz və personajların geyimində səhnəyə çıxıblar.

00366113
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
267
496
2374
5257
366113

Tarix: 18-11-2019
Biz, sosial şəbəkələrdə: