"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyinə sakinlər tərəfindən yeni eksponatlar təqdim edilib

Martın 16-da Nehrəm kənd sakinləri Akif Hacıyev, İsmayıl Qurbanov, Həsən Həsənov, Babək qəsəbə sakini Səadət Rəhimova tərəfindən qədim mədəniyyətimizi və tariximizi əks etdirən 30-a yaxın eksponat Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyinə təqdim edilib. Bu eksponatlar arasında xalça, cecim, mis qablar, həvə, yun darağı, su kuzəsi, çıraq, tərəzi, kasa, badya, şamdan, dolça və başqa maddi-mədəniyyət nümunələri vardır.

Əvvəlcə tədbir iştirakçıları Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyinin ekspozisiyası ilə tanış olublar. Məlumat verilib ki, muzey 1978-ci ildə 200 eksponatla fəaliyyətə başlayıb. Hazırda muzeydə 3700-ə yaxın eksponat mühafizə olunur.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova bildirib ki, Naxçıvan Muxtar Respublikasında 29 muzey və muzeytipli müəssisə fəaliyyət göstərir. Muzeylərdə 112 mindən çox maddi-mədəniyyət nümunələri qorunub saxlanılır.

Vurğulanıb ki, bu gün muzeylərimizi ziyarət edənlərin sayı əhəmiyyətli dərəcədə artıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına əsasən muxtar respublikanın nazirlik, komitə və təşkilatlarının kollektivləri mütəşəkkil şəkildə muzeylərimizi ziyarət edirlər. Bundan başqa, muxtar respublikada təhsil alan tələbələrin, gənclərin, həmçinin şagirdlərin, taksi sürücülərinin muzeylərə kollektiv gedişi təmin olunub. Təkcə ötən il muxtar respublikanın muzeylərini 320 mindən çox insan ziyarət edib ki, bunların arasında həm yerli əhali, həm Azərbaycanın digər regionlarından muxtar respublikamıza gələn qonaqlar, həmçinin xarici vətəndaşlar olublar. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən, bu gün muxtar respublikamızda olan muzeylərlə orta məktəblər arasında interaktiv əlaqə yaradılır, yetişməkdə olan gənc nəsil üçün açıq dərslər təşkil edilir.

Nazir deyib ki, muzey xidməti sahəsində ixtisaslı kadrların yetişdirilməsi, onların işlə təmin olunması, həmçinin muzeyə gələnlərə nümunəvi muzey xidmətinin göstərilməsi daim diqqət mərkəzindədir. Son bir il ərzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mütəşəkkil şəkildə muzeylərimiz üçün maddi-mədəniyyət nümunələrinin toplanması işi də diqqətdə saxlanılır və bu işdə muxtar respublika sakinləri bizə yaxından köməklik göstərirlər. 2016-cı il ərzində muzeylərə 1500-ə yaxın yeni eksponat daxil olub. Son illərdə bütövlükdə tariximizə, mədəniyyətimizə göstərilən dövlət qayğısının nəticəsidir ki, bu gün maddi-mədəniyyət nümunələrinin toplanması işində vətəndaşlarımız da böyük səy göstərirlər. Xalqımızın tarixini, mədəniyyətini qorumaq, əlbəttə ki, hər birimizin borcudur. Keçmişimizi, bu günümüzü qorumasaq, gələcək nəsillər üçün heç bir iz qoya bilmərik.

Natəvan Qədimova mədəniyyətimizə göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə bütün mədəniyyət işçiləri adından minnətdarlıq edib. Nazir maddi-mədəniyyət nümunələrini muzeyə təqdim etdiklərinə görə Akif Hacıyevə, İsmayıl Qurbanova, Həsən Həsənova, Səadət Rəhimovaya təşəkkürünü bildirib.

Sonra rayon sakinləri Akif Hacıyev, İsmayıl Qurbanov, Həsən Həsənov, Səadət Rəhimova çıxış edərək rayonda maddi-mədəni irsimizin qorunub yaşadılması sahəsində görülən tədbirlərdən danışıblar. Qeyd olunub ki, muxtar respublikanın bütün sakinləri kimi, Babək rayonunun ziyalıları da maddi-mədəniyyət nümunələrinin toplanmasında fəal iştirak edirlər. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında muzeylərin fəaliyyətinin canlandırılması ilə bərabər, həm də muzeylərin zənginləşdirilməsi əsas məsələlərdən biridir. Tariximizin qorunub yaşadıldığı bu mədəniyyət ocaqlarının zənginləşdirilməsində hər bir vətəndaş fəal təşəbbüskarlıq göstərməli və qədim məişət əşyalarını muzeylərə təqdim etməklə bu işə öz töhfəsini verməlidir.

00364112
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
209
164
373
3256
364112

Tarix: 12-11-2019
Biz, sosial şəbəkələrdə: