"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Beynəlxalq elmi simpoziumun iştirakçıları tarixi abidələrlə, mədəniyyət və sağlamlıq müəssisələri ilə tanış olublar

17-18 noyabr tarixlərində Naxçıvan şəhərində keçirilən “Mərkəzi Araz hövzəsi tarix və mədəniyyət fonunda” adlı beynəlxalq elmi simpoziumun paytaxt Bakı şəhərindən və Türkiyə Respublikasından olan iştirakçıları noyabrın 19-da Ordubad rayonunun görməli yerləri ilə tanış olmuşlar.

Qonaqlar əvvəlcə Ordubad rayonunun Kotam kəndində olmuşlar. Turkiyəli və azərbaycanlı tarixçilər Araz çayının sahilində yerləşən Kotam kəndinin adını qədim türk toponimlərinə görə dağların arasında yerləşən yaşayış yeri kimi izah etmişlər. Kotam kəndi haqqında məlumat verilərkən qeyd edilmişdir ki, bu yaşayış yeri ilk kənd mərkəzinin yarandığı yaşayış sahələrindən biridir. Kotam kəndi iki hissəyə bölünür: qədim Kotam, yeni Kotam. “Köhnə Kotam” adlandırılan ərazi (burada qədim Kotam adlandırılır) Araz çayından çox uzaq məsafədə yerləşirdi. Buranın sakinləri daha aşağı yerlərə köçmüş və 1956-cı ildən bəri nisbətən geniş ərazilərdə məskunlaşmışlar. Azərbaycanlı və Türkiyəli tarixçilərdən ibarət olan heyət Ordubad şəhəri ilə də tanış olmuşlar. Məlumat verilmişdir ki, dəniz səviyyəsindən 850 metr hündürlukdə yerləşən bu şəhər həmişə özünün bol sulu bulaqları, barlı, məhsuldar meyvə bağları və mehriban insanları ilə bura gələnlərin diqqətini çəkmişdir.

Arxeoloji qazıntılar zamanı aşkara çıxarılan abidələr sübut edir ki, Ordubadın tarixi 7 min il bundan əvvələ gedib çıxır. Müxtəlif dövrlərə aid tapıntılar göstərir ki, bu şəhər zəngin mədəniyyətə malik olmuşdur. Ordubad bura gələn insanlara qədimliliyi və müasirliyi eyni anda nümayiş etdirən bir şəhər kimi təkcə ölkəmizin yox həmdə qədim Şərq və Türk dünyasının heyrətamiz şəhərlərindən biridir. Şəhərin mərkəzində yerləşən “Cümə” məscidi qədim memarlıq abidəsi kimi bura gələnlərin diqqətini cəlb edir. Qeyd edilmişdir ki, məscid 1275-ci ildə tikilmişdir. Məscid 1903-cü ildə bərpa edilərkən tapılan bir kərpic üzərində yazılmış “III tarixi-hicri Ər-Rəşid” sözləri onun tarixini 500 il də  geriyə aparır. Ordubadın səmaya yüksələn çinar ağacları beynəlxalq elmi simpoziumun paytaxt Bakı şəhərindən və Türkiyə Respublikasından olan iştirakçılarının diqqətindən yayınmadı. Vurğulandı ki, bu çinar ağacları əsrlər boyu qədim şəhərin tarixinə şahidlik etmişdir. XX əsrin əvvəllərində Ordubad şəhərinə səyahət eymiş Nefedov adlı səyyah yazır: “Ordubad özünün qiymətli daşları ilə misilsiz gözəlliyə bənzəyir. Ordubad çinarları təbiətin tamaşası və gözəlliyidir. Bu yurdun çinarları bu torpağın özü qədər qədimdir”.

Ordubad rayon Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi XII əsrə aid “Qeysəriyyə” tarixi binasının təqdimatı zamanı bu abidə haqqında ətraflı məlumat verilmişdir. Indi tarixi eksponantların nümayiş olunduğu bu bina qədim zamanlarda şahlara məxsus qiymətli daş-qaşların satışı üçün nəzərdə tutulmuşdu. Bina 1990-cı ilin may ayından Ordubad rayon Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərməkdədir. Məlumat verilmişdir ki, bir böyük günbəzdən və ona bitişik 16 kiçik günbəzdən ibarət olan bina gözəl memarlıq üslubunda tikilmişdir. Abidə bişmiş kərpicdən inşa edilmişdir və onun hündürlüyü 8,5 m-dir. Binanın şəbəkə sistemi təxminən 200 kvadrat metrdir, binanın daxili divarları bərpa edilmişdir. Muzeydə 4 minə yaxın eksponat saxlanılır. Ordubadla yaxından tanış olan elm adamları bildirdilər ki, Ordubad özünün bütün bu parametrlərilə yaxın gələcəkdə milli və beynəlxalq festivalların, tarixi və mədəniyyət simpoziumlarının keçirilə biləcəyi əsas turizm mərkəzinə çevriləcəkdir.

Qonaqlar həmçinin Əshabi-Kəhf ziyarətgahı və Duzdağ Fizioterapiya Mərkəzi ilə də tanış olmuşlar.

00345577
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
72
116
1670
5463
345577

Tarix: 26-08-2019
Biz, sosial şəbəkələrdə: