"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“Motsart və Salyeri” Naxçıvan şəhər tamaşaçıları qarşısında

Aprelin  20-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının səhnəsində Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrı böyük rus şairi Aleksandr Sergeyeviç Puşkinin “Motsart və Salyeri” faciəsi əsasında hazırlanmış tamaşanı Naxçıvantamaşaçılarına təqdim etmişdir.

Şərur Rayon Xalq Teatrının muxtar respublikamızda teatr sənətinin inkişafında və təbliğində özünəməxsus yeri vardır. Teatr müxtəlif məzmunlu və janrlı tamaşalarla rayon sakinlərinin estetik zövqünün formaşalmasında, gənclərin milli dəyərlər ruhunda tərbiyəsində, insanların asudə vaxtının mənalı və səmərəli təşkilində əhəmiyyətli rol oynayıb.Tanınmış kollektiv həm komik, həm də dramatik əsərləri yüksək səviyyədə tamaşaçılara təqdim etməyi bacarır. Xalq Teatrının hazırladığı “Tamahkar”, “Yadındamı”, “Gənclik bir də qayıtmır”,“Nicat”, “Qısqanc ər”, “Ac həriflər”, “Yuxu”, “Dələduz” və başqa tamaşalar ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.

Böyük rus şairi A. S. Puşkinin 1825-1835-ci illərdə yazdığı kiçik faciələrdən biri olan “Motsart və Salyeri” əsəri dramatizmi və psixoloji gərginliyi ilə diqqəti çəkir. İtalyan bəstəkarı Antonio Salyeri (1750-1825) və böyük Avstriya bəstəkarı Volfqanq Amadey Motsart (1756-1791) haqqında çoxlarına məlum olan rəvayət, bir sıra musiqi və bədii əsərlərin mövzusuna çervilən hadisələr böyük şairin faciəsində də canlandırılmışdır. Salyerinin Motsartı zəhərləməsi haqqında rəvayət bu əsərin əsas mövzusudur. Bu iki bəstəkar o zaman dost olsalar da bu gün də Motsartın ölümü mübahisə mövzusu olaraq qalır.

“Motsart və Salyeri” tamaşasının quruluşçu rejissoru Nəsimi Məmmədzadə həm də səhnə əsarinə bədii və musiqi tərtibatı verərək maraqlı tamaşa yaratmağa nail olmuşdur. Bu faciə ilk dəfə olaraq Azərbaycan səhnəsində tamaşaya qoyulur. Tamaşada əsas rollardan birinin ifaçısı da Nəsimi Məmmədzadədir. Səhnə aşılan kimi Salyerinin təşviş və həyacan dolu narahat dolu simasını görürük. Motsarta qarşı qəzəb, onun istedadının paxılığını çəkmək Salyerini tamamilə dəyişmişdir. Salyeri kimi mürəkkəb və ziddiyyətli bir obraz Nəsimi Məmmədzadənin ifasında canlı və təbii görünür. Salyeri əslində tanınmış və istedadlı bəstəkardır. Lakin paxıllıq, həsəd, şöhrətpərəstlik, eqoizm kimi mənfi əxlaqi sifətlər onun mənəvi kasıblığını ortaya qoyur. Əslində böyük şairində insanlara aşılamaq istədiyi əsas fikir bundan ibarətdir ki, bu mənfi əxlaqi sifətlər bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Bu hisslər adi insanı dəyişdirdiyi kimi, sənət adamını da dəyişə bilər.

Azərbaycan Respublikasının Əməkdar artisti Neymət Sultanov böyük bəstəkar Motsartın hərtərəfli istedadını və qeyri adi taleyini tamaşaçıya təqdim etməyi bacarmışdır. Salyeri sənətdə ondan istedadlı olan Motsartdan öyrənmək, onunla fəxr etmək əvəzinə Motsartı zəhərləyib öldürür. Tamaşanın əsas qayəsi budur ki, paxıllıq, eqoizmi insanı uçuruma aparır..Həm də bu mənfi sifətlər müəyyən şəraitdə ən yüksək şəxsiyyətlərdə də görünə bilər.

“Motsart və Salyeri” tamaşasında rejissorun əlavə etdiyi Qara paltarlı adam (aktrisa İlkanə Cavadlı) rolu istisna olmaqla əslində iki obraz vardır: Motsart və Salyeri. Tamaşadakı kütləvi səhnələrdə Salman Şirəliyev, Sevinc Qasımova, İlham Quliyev, Gülnar Quliyeva iştirak edirlər.

Qeyd edək ki, “Motsart və Salyeri” kimi psixoloji faciənin xalq teatrında tamaşaya qoyulması kollektivin uğurudur.

Əsrlər keçib, lakin 35 il ömür sürmüş Motsartın ölümü haqqında mübahisələr, şaiyələr bitməyib. Motsart tarixdə 600-dən çox musiqi incisinin müəllifi olan böyük bəstəkar kimi qalıb, Salyeri isə paxıllıq və eqoizm rəmzinə çevrilib.

00373149
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
232
561
2747
3373
373149

Tarix: 08-12-2019
Biz, sosial şəbəkələrdə: