"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

İtaliyanın “Daily cases” saytında Naxçıvanın “Duzdağ”ı haqqında məqalə yayımlanıb

İtaliyanın nüfuzlu “Daily cases” xəbər saytında Naxçıvanlı jurnalist Sara Əzimovanın “Dünyada bənzəri olmayan şəfa ocağı“ sərlövhəli məqaləsi yerləşdirilib.

Məqalədə müəllif “Duzdağ” Fizioterapiya Mərkəzi haqqında məlumat verməzdən əvvəl “Planetin cinayətsiz regionu”, “Nuh peyğəmbərin yurdu”, “Şərqə açılan qapı”, “Kiçik Avropa” adlarını özündə qürurla daşıyan Naxçıvan Muxtar Respublikası haqqında İtaliyalı oxuculara məlumat verib.

Yazıda Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının ibtidai icma, antik, orta əsrlər və yeni dövr tarixinin maddi-mədəniyyət nümunələri ilə zəngin bir diyar olduğu qeyd edilib.

Müəllif Naxçıvanın təbii ehtiyatlarının 90 milyon tonunu özündə cəmləşdirən duz mədənində yaradılan möcüzəli “Duzdağ” Fizioterapiya Mərkəzinin fəaliyyətindən, mərkəzin son illərdə Naxçıvanda həm yerli, həm də xarici turistlərin ən çox üz tutduğu ünvanlardan biri olmasından bəhs edib.

Jurnalist qeyd edib ki, dünyada bir neçə yerdə belə xəstəxana fəaliyyət göstərir. Sual oluna bilər bəs niyə Naxçıvandakı Duzdağının dünyada bənzəri yoxdur?

Cavab isə belədir: “Duzdağ” Fizioterapiya Mərkəzi dünyada mövcud olan həmin müalicə ocaqlarından bir çox üstünlükləri ilə seçilir. Məsələn, ən yaxşı müalicə ocağı kimi tanınan Ukraynadakı xəstəxana 206 metr yerin dərinliyində yerləşdiyindən xəstələr buraya liftlə enməli olurlar. Bu isə təzyiqin birdən-birə dəyişməsinə və xəstələrin səhhətinin pisləşməsinə gətirib çıxarır. Həkimlərin fikrinə görə, bu şaxtada rütubətin normadan artıq olması və partlayıcı gücə malik metan qazı kimi zəhərləyici qazların normadan çox olması öz təsirini göstərir.

Naxçıvandakı şaxtalar isə dağın altındakı tuneldə yerləşdiyindən bu kimi hallara rast gəlmək mümkün deyildir. Burada temperatur sabitdir, nisbi rütubət aşağıdır, havada zərərli qazlar yoxdur. Xəstəxana horizontal şəkildə olduğundan buraya gələn xəstələr təxminən 300 metr məsafəlik yolu özləri piyada qət edirlər. Bu isə yeraltı şöbədəki havaya tədricən öyrəşmək imkanı yaradır.

Jurnalistin İtaliyanın saytında yazını verməkdə məqsədi dünyanın müxtəlif ökələrində yaşayan və bu xəstəlikdən əziyyət çəkən insanları məlumatlandırmaqdır. Yazıya belə yekun vurulur: Məlumdur ki, sağlamlığın bərpa olunması üçün təbii üsullarla müalicə ən yaxşı vasitədir. Ən sərfəli qiymətlərlə Naxçıvanın “Duzdağ”ında sağlamlığınıza qovuşa bilərsiniz. Siz həm də Naxçıvan torpağında dünyada bənzəri olmayan bir çox tarixi abidələrlə də tanış olmaq imkanı əldə edəcəksiniz. Bu məmləkətdə turistlər üçün vacib olan inkişaf və sabitlik var.

Qeyd edək ki, saytda “Duzdağ” Fizioterapiya Mərkəzi və “Duzdağ” oteli ilə bağlı fotolar da yerləşdirilib.

00097569
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
105
602
1267
10628
97569

Tarix: 23-08-2017
Biz, sosial şəbəkələrdə: