"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Böyük bəstəkar, görkəmli ictimai musiqi xadimi Cövdət Hacıyevin 100 illik yubileyi qeyd olunub

İyunun 5-də M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında böyük bəstəkar, görkəmli ictimai musiqi xadimi, Respublikanın xalq artisti, Dövlət mükafatı laureatı, «Şöhrət» ordenli, professor Cövdət Hacıyevin anadan olmasının 100 illiyi münasibətilə yığıncaq keçirilmişdir.

Tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix  üzrə fəlsəfə doktoru  Aytəkin  Qəhrəmanova  açmışdır. Musiqi-not  şöbəsinin  müdiri  Nailə Əsədova  “İki dahinin tələbəsi”, kütləvi iş şöbəsinin müdiri Yeganə  Rüstəmova  “Cövdət  Hacıyev irsi” adlı mövzularla çıxış etmişdirlər.  

Çıxışlarda bildirilmişdir ki, XX əsri Azərbaycan professional musiqisinin qızıl dövrü adlandırsaq, heç də yanılmarıq. Çünki bu əsrdə Üzeyir Hacıbəyli kimi bir dahinin yaradıcılıq ənənələrinin başlanğıcı və özündən sonra  gələn bəstəkar nəsli tərəfindən həmin ənənələrin davamı olmuşdur. Təməli Üzeyir bəy tərəfindən qoyulan Azərbaycan bəstəkarlıq məktəbinin ötən əsrdə yetişdirdiyi görkəmli sənətkarlardan biri də unudulmaz bəstəkarımız Cövdət Hacıyevdir.

XX əsr Azərbaycan bəstəkarlıq məktəbinin korifeylərindən biri Cövdət Hacıyev musiqidə öz təkrarolunmaz üslubunu yaratmış sənətkarlardandır. Onun musiqiyə gəlişi keçən əsrin 30-cu illərinə təsadüf edir. Bu dövr Azərbaycan musiqisinin yeni yüksək zirvələr fəth etdiyi bir dövr idi və musiqi həyatına yeni qədəm basan gənclərə, “Koroğlu” melodiyaları ilə böyüyüb tərbiyə alan cavan kadrlara böyük ümidlər bəslənilirdi.

Qeyd edilmişdir ki, bu gün Cövdət Hacıyevin musiqi tariximizdə zəngin bir irsi var. Bu irsə musiqi sənətində hər zaman ehtiyac duyulur. Odur ki, tədqiqatçılar Cövdət Hacıyevin həyat və yaradıcılığını araşdırmağı, təbliğatçılar isə bəstəkarın əsərlərini təqdim etməyi zəruri sayırlar. Cövdət Hacıyev özündən çox həmkarlarının yaradıcılığına böyük dəyər verirdi. Belə ki, Azərbaycanda simfonizmin yaradıcılarından biri olan Cövdət Hacıyev bu janrın inkişafını əsasən onun ifaçılıq texnikasını həyata keçirən maestro Niyazinin adı ilə bağlayır. Bu cəhət sənətkarlıq və insanlıq üçün bir örnəkdir.

Tədbirə Naxçıvan Musiqi Kollecinin kitabxana - informasiya  ixtisası üzrə təhsil alan tələbələr  dəvət edilmişdir.

00122949
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
331
502
2607
9150
122949

Tarix: 21-10-2017
Biz, sosial şəbəkələrdə: