"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

İlk naxçıvanlı bəstəkar Məmməd Nəsirbəyovun 120 illik yubileyi qeyd edilib

İyunun 13-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında ilk naxçıvanlı bəstəkar Məmməd Nəsirbəyovun 120 illik yubileyi qeyd olunub.

Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova tədbirdə çıxış edərək bildirib ki, dahi bəstəkar Üzeyir Hacıbəylinin ilk tələbələrindən biri olan naxçıvanlı bəstəkar, musiqişünas, ictimai xadim Məmməd Nəsirbəyov XX əsrin birinci yarısından başlayaraq Azərbaycan musiqi tarixinə layiqli töhfələr verib. Qeyd olunub ki, Məmməd Həsən oğlu Nəsirbəyov 1897-ci il iyunun 6-da qədim mədəniyyətə və tarixə malik Naxçıvan şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Məmmədin musiqi qabiliyyəti uşaqlıq illərindən özünü büruzə verir. 1914-cü ilədək ailəsi ilə birlikdə Naxçıvanda yaşayarkən Məmməd məktəbin xor kollektivinə cəlb olunur. Məlahətli səsi olduğundan konsertlərdə solo ifaçısı kimi çıxışlar edir. 1914-cü ilin sonunda Nəsirbəyovlar ailəsi Bakıya köçür. 1923-cü ildə Üzeyir bəyin təşəbbüsü ilə açılan musiqi məktəbinə daxil olan Məmməd Nəsirbəyov 1927-ci ildə Bakı Musiqi Texnikumunda təhsilini davam etdirir. 1932-ci ildə Pyotr İliç Çaykovski adına Moskva Konservatoriyasında kompozisiya və polifoniyadan dərs alır. Bir il sonra Bakıya qayıdır və Bakı Konservatoriyasında təhsilini davam etdirir, 1940-cı ildə o, Bakı Konservatoriyasının Bəstəkarlıq fakültəsini müvəffəqiyyətlə bitirir.

Məmməd Nəsirbəyovun bəstəkarlıq yaradıcılığı müxtəlif janrlarda yaratdığı maraqlı əsərlərlə zəngindir. Bəstəkarın simfonik orkestr üçün yazdığı “Süita”, Azərbaycan Xalq Çalğı Alətləri Orkestri üçün “Şənlik” süitası, “Naxçıvan” rəqs süitası, “Nizami” süitası, simli kvartet üçün “Süita”, solist, qarışıq xor və fortepiano üçün “Kantata”, müxtəlif şairlərimizin sözlərinə bəstələdiyi mahnı və romanslar, eləcə də fortepiano üçün “Fantaziya”, “Ekspromt”, “Qaytağı”, skripka üçün “Variasiyalar”, müxtəlif alətlər üçün bəstələdiyi əsərlər onun zəngin yaradıcılığından xəbər verir.

Vurğulanıb ki, Məmməd Nəsirbəyov yeni nəsil musiqiçilərin yetişdirilməsinə, təhsilinə diqqətlə yanaşaraq, ömrünün sonrakı illərini pedaqoji fəaliyyətə həsr edib. O, Bakıda bir neçə uşaq musiqi məktəbinin yaradılmasının təşəbbüskarı və fəal iştirakçısı olub, “Musiqi nəzəriyyəsi” fənnini tədris edib, “Musiqi təlimi” dərsliyini yazıb.
Nazir bildirib ki, ilk naxçıvanlı bəstəkar Məmməd Nəsirbəyovun zəngin yaradıcılığı gələcəkdə daha dərindən araşdırılacaq və gənc nəsillərə zəngin mədəni irs kimi öyrədiləcək və tanıdılacaqdır.

Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri, Əməkdar incəsənət xadimi Yaşar Xəlilov “Məmməd Nəsirbəyov – ilk naxçıvanlı bəstəkar” mövzusunda çıxışında deyib ki, bəstəkarın yaradıcılığı ilə tanış olduqda onun özünəməxsus lad, intonasiya, ritm xüsusiyyətlərini aydın duymaq olur. Məmməd Nəsir­bəyovun musiqi əsərləri ilə bərabər, musiqi nəzəriyyəsi ilə bağlı dərslikləri həm də onun təcrübəli pedaqoq olduğunu göstərən cəhətlərdən biri kimi diqqəti cəlb edir.

Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli, professor Tofiq Bakıxanov Məmməd Nəsirbəyov haqqında xatirələrindən danışıb. Qeyd edib ki, bu gözəl insan və bəstəkarı 1940-cı ildən tanıyırdım. Onun musiqi əsərləri, xalq çalğı alətləri üçün, orkestr, kamera və vokal musiqisi bu gün də təravətini itirməyib. Tofiq Bakı­xanov qeyd edib ki, belə tədbirlərin keçirilməsi Naxçıvan Muxtar Respublikasında mədəniyyət və incəsənətə göstərilən diqqət və qayğının ifadəsidir.

Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin ifasında böyük bəstəkarımız Ü.Hacıbəylinin, Q.Qarayevin, F.Əmirovun əsərləri səsləndirilib. 

Orkestr görkəmli bəstəkar Tofiq Bakıxanovun Məmməd Nəsirbəy­ovun xatirəsinə həsr olunmuş “Skripka və kamera orkestri üçün pyes”ini ifa edib.

Konsertdə Məmməd Nəsirbəy­ovun “Ey gül” romansı, “Mən neftçiyəm”, “Hardasan”, “Ana” mahnıları ifa olunub, skripka və fortepiano üçün yazdığı prelyüd və fantaziyalar da səslənib. Konsert Məmməd Nəsirbəyovun “Naxçıvan” rəqs süitası ilə başa çatıb.

00148098
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
181
338
3738
4805
148098

Tarix: 11-12-2017
Biz, sosial şəbəkələrdə: