"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Azərbaycan Kinosu Günü qeyd olunub

Ümummilli liderimiz Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli “Azərbaycan Kinosu Gününün təsis edilməsi haqqında” Sərəncamına əsasən, hər il 2 avqust ölkəmizdə “Azərbaycan Kinosu Günü” kimi qeyd olunur.

Avqustun 2-də bu münasibətlə Naxçıvan Dövlət Film Fondunda tədbir keçirilmişdir. Tədbir iştitakçıları əvvəlcə Dövlət Film Fondunun kino zalında “Cırtdan” ilk Azərbaycan animasiya filminə baxmışlar.

Sonra Naxçıvan Dövlət Film Fondunun direktoru Mirakif Seyidov çıxış edərək bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev milli kinomuzun inkişafına həmişə böyük diqqət və qayğı göstərmişdir. Kinomuzda baş verən inkişaf və yeniləşmə, tərəqqi, keyfiyyət dəyişiklikləri məhz bu dahi şəxsiyyətin müstəsna xidmətləri sayəsində mümkün olmuşdur.

Bu gün 119 yaşı tamam olan Azərbaycan kinosu tarixin sınaqlarından həmişə şərəflə çıxmışdır. Kino tariximizdə çətin illər də olmuş, lakin buna baxmayaraq kinomuz mədəni hadisələr yaşamış, həmişə xalqımızın tarixini, milli adət-ənənələrini, milli dəyərlərini yaşatmış, həyatımızın bütün sahələrinə nüfuz edərək sevilən bir sənətə çevrilmişdir.

Bildirilib ki, 1937-ci ildə çəkilən “Dəcəl dəstə” filmində ilk azərbaycanlı qadın kinorejissor, tanınmış şairimiz Əliqulu Qəmküsarın qızı Qəmər Salamzadə fəaliyyətə başlayır. Azərbaycan kino sənətinin inkişafında bu dövrdə Naxçıvan torpağının yetirdiyi görkəmli sənətkarlardan olan Rza Təhmasib də fəal iştirak edir. 1945-ci ildə çəkilən “Arşın mal alan” filmindən sonra Azərbaycan kinosunda musiqili ekran janrına meyl güclənmişdir. “Arşın mal alan” filmi Azərbaycan kinosuna beynəlxalq şöhrət gətirmiş, dünyanın 140-a yaxın ölkəsində nümayiş etdirilmişdir.

Qeyd edilib ki, Azərbaycan kino tarixinin əsl inkişaf dövrü sayılan 1970-1980-ci illərdə kino salnaməmizin unudulmaz səhifələrini təşkil edən, mədəniyyətimizin qızıl fonduna daxil olan tarixi filmlər yaradılmış, digər görkəmli əsərlər ekranlaşdırılmış, müasir mövzulu və sənətkarlıq baxımından diqqətəlayiq filmlər çəkilmişdir. Azərbaycan kinosunun bir sıra filmləri bu illərdə yüksək dövlət mükafatlarına layiq görülmüş, beynəlxalq kino festivallarında və müsabiqələrində mükafatlar almışdır.

Bu gün ümummilli liderimizin kinonun inkişafı üçün gördüyü işlər ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısı 2008-ci il 4 avqust tarixli Sərəncamla “Azərbaycan kinosunun 2008-2018-ci illər üçün inkişafına dair Dövlət Proqramı”nı təsdiq etmişdir.

Mirakif Seyidov çıxışının sonunda bildirib ki, bir əsrdən artıq tarixi olan milli kinomuz bundan sonra da bu dəyərləri gələcək nəsillərə çatdıracaq, milli dövlətçiliyimizə layiq sənət əsərləri ilə töhfələr verəcəkdir.

Sonda 1969-cu ildə çəkilmiş “Dəli Kür” filmi nümayiş etdirilmişdir. Xalq yazıçısı İsmayıl Şıxlının romanı əsasında görkəmli rejissor Hüseyn Seyidzadənin ekranlaşdırdığı film təqribən 50 il bundan əvvəl yaradılsa da bu gün də maraq doğurur. Filmdə görkəmli aktyorlarımız Ələddin Abbasov (Cahandar ağa), Leyla Bədirbəyli (Zərnigar), Ceyhun Mirzəyev (Osman) və başqaları çəkilmişlər. Filmin musiqisi isə görkəmli bəstəkarımız Cahangir Cahangirova məxsusdur.

00122951
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
333
502
2609
9152
122951

Tarix: 21-10-2017
Biz, sosial şəbəkələrdə: