"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Muzey bələdçiləri üçün növbəti seminar-treninq Hüseyn Cavidin Ev Muzeyində olub

Muxtar respublikamızın muzey bələdçiləri üçün seminar-treninqlərin keçirilməsi davam etdirilir. Növbəti belə tədbir Naxçıvan şəhərindəki Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksində olub.      

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən seminar-treninqdə Nazirliyin Mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Məmiyeva “Muzey bələdçisinin davranış qaydaları” mövzusunda çıxış edərək bildirib ki, ötən ildən başlayaraq keçirilən seminar-treninqlər əhəmiyyətli olub. Ötən il muxtar respublikanın muzey şəbəkələri üçün 11 belə tədbir təşkil olunub. Bugünkü tədbirimiz 2017-ci ildə keçirilən on üçüncü seminar-treninqdir. Muzey bələdçiləri üçün seminar-treninqlərin keçirilməsində əsas məqsəd muzeylərdə ekskursiya işinin təşkili ilə bağlı mövcud nöqsan və çatışmazlıqları aradan qaldırmaq, muzey bələdçilərinin nəzəri və praktik bilik səviyyəsini yüksəltməkdir. Keçirilən seminar-treninqlər muzey bələdçiləri üçün faydalı olub, muzey bələdçiləri vəzifə funksiyalarını dərindən öyrənməyə səy göstərməklə yanaşı, muzey işi haqqında ətraflı məlumat alıblar. Keçirilən seminar-treninqlər muzey işçilərinin qədim diyarımızın bütün bölgələrində yerləşən muzeylərlə tanış olmasına şərait yaratmaq baxımından da faydalı olmuşdur. Muzey bələdçilərinə seminar-treninqlərdə bu sahədə həyata keçirilən yeniliklərdən də söhbət açılır, onların sualları cavablandırılır. Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muzeylər haqqında imzaladığı sərəncamlar bu sahəyə göstərilən diqqət və qayğının ifadəsidir. Bu sərəncamlar muzeylərə marağın artmasında, muzeylərin fəaliyyətinin düzgün qurulmasında əhəmiyyətli rol oynamışdır.

Bildirilib ki, muxtar respublikamızda muzey fəaliyyətinin yüksək səviyyədə təşkil edilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Muzeylərimiz üçün yeni binaların inşa olunması, onların təmiri, yenidən qurulması və maddi-texniki bazasının möhkəmləndirilməsi işin səviyyəsinin yüksəldilməsinə xidmət edir. Görülən işlər muzey işçiləri qarşısında da mühüm vəzifələr qoyur. Muzey bələdçiləri hazırlıqlı və bilikli olmalı, xarici dilləri bilməli, işlədiyi mədəniyyət ocağı haqqında ətraflı məlumata malik olmalıdır.

Diqqətə çatdırılıb ki, muzey bələdçiləri müxtəlif səviyyəli insanlarla, məktəbli və tələbələrlə, yaşlı nəsillə işləməyi bacarmalı, nəzakət və davranış qaydaları, geyim tərzi, intellektual dünyagörüşü ilə muzeyə gələnlərdə xoş təəssürat yaratmalıdırlar. Muzey bələdçiləri hər bir vətəndaşa qarşı diqqət göstərməli, muzey işi və muxtar respublikada gedən yeniliklərdən xəbərdar olmalı, onların suallarını diqqətlə dinləyib elmi əsaslarla cavablandırmalıdırlar. Bu gün muxtar respublikamıza gələn turistlərə qədim diyarımız haqqında ətraflı məlumat vermək üçün muzey bələdçisi daim öz üzərində çalışmalı, tariximizi və mədəniyyətimizi dərindən bilməlidir. Vurğulanıb ki, muzeylərdə seminar-treninqlər ilin sonunadək davam etdiriləcəkdir.

Sonra Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksində muzey bələdçisinin təqdimatında ekspozisiyaya baxış olub. Sonda ekskursiya mətni müzakirə edilib, muzey bələdçilərinə metodik tövsiyələr verilib.

00095800
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
48
430
2785
8859
95800

Tarix: 20-08-2017
Biz, sosial şəbəkələrdə: