"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Milli Musiqi Günü ilə bağlı konsert proqramları təşkil edilib

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 18 sentyabr – Milli Musiqi Günü ilə bağlı təsdiq etdiyi tədbirlər qrafikinə uyğun olaraq muxtar respublikanın paytaxtında və rayon mərkəzlərində, o cümlədən uşaq musiqi, incəsənət, bədii sənətkarlıq məktəblərində konsertlər təşkil olunur. Eyni zamanda Milli Musiqi Günü ilə bağlı dahi bəstəkar Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından bəhs edən “Uzun ömrün akkordları” bədii filminin və musiqimizlə bağlı sənədli filmlərin nümayiş etdirilməsi, musiqi tariximizlə bağlı mühazirələrin oxunması nəzərdə tutulub.

Bu çərçivədə sentyabrın 11-də Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin konserti olub.

Konsert dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının “Müqəddimə”sinin ifası ilə başlayıb. Konsertdə Şərqin ilk operası kimi milli musiqimizin incisi sayılan “Leyli və Məcnun” operasından Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Zülfüqar Mahmudov və Hünər Əliyevin Qəribə Həsənova ilə birlikdə ifa etdikləri duetlər alqışlarla qarşılanıb. 

Orkestr operadan ərəb mahnısını ifa etdikdən sonra gənc solist İlkin Abdullayevin ifasında dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Sənsiz” və “Sevgili canan” romansları səslənib.

Böyük sənətkarın opera sənətimizin zirvəsi sayılan “Koroğlu” operasından rəqs və cəngi konsert iştirakçılarında xoş ovqat yaradıb. Əbədiyaşar sənət nümunəsi olan “Kor­oğlu” operasından İlkin Abdullayevin, Qəribə Həsənovanın və Azərbaycan Respublikasının Əməkdar artisti Gülyanaq Fərzəliyevanın ifalarında səslənən ariya və mahnılar bəstəkarın ölməz musiqisinin gözəl nümunələri kimi alqışlarla qarşılanıb.

Azərbaycan Respublikasının Əməkdar artistləri Gülyanaq Fərzəliyeva və Mübariz Əsgərov isə “Kor­oğlu” operasının final hissəsini konsertin iştirakçılarına təqdim ediblər. Dünya operasının incilərindən sayılan “Koroğlu”dan ifa olunan nümunələr emosionallığı, obrazlılığı, intonasiya ifadəliliyi ilə diqqəti cəlb edib.

Konsert böyük bəstəkarımız Müslüm Maqomayevin “Şah İsmayıl” operasının müqəddiməsi ilə başa çatıb.

Qeyd edək ki, ötən şənbə günü ilk olaraq Naxçıvan şəhərindəki “Böyük bağ” İstirahət Parkında Naxçıvan Dövlət Filarmoniyasının Muğam Studiyasının konserti təşkil olunub. Dünən isə Kəngərli rayonunda Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin “Şəlalə” İnstrumental Ansamblı konsert proqramı ilə çıxış edib.

00138303
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
416
351
3953
10380
138303

Tarix: 20-11-2017
Biz, sosial şəbəkələrdə: