"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Naxçıvanın milli geyimləri: qədimdən günümüzə

Naxçıvanın milli geyimləri xalqımızın mədəniyyət tarixini öyrənmək üçün qiymətli mənbələrdəndir. Xalq geyimləri daha çox bu bölgənin milli xüsusiyyətlərini özündə əks etdirir. Çünki xalq yaradıcılığının tarixi, etnoqrafik və bədii xüsusiyyətlərinin bir qismi öz əksini Naxçıvanın milli geyimlərində tapır. Qədim diyarda milli geyimlərin inkişaf tarixi haqqında bölgənin ayrı-ayrı yerlərindən tapılmış arxeoloji materiallar və müxtəlif başqa mənbələr əsasında müəyyən fikir demək mümkündür.

Azərbaycan geyim mədəniyyətinə aid ən qədim nümunə Qobustan qayalıqlarından birində təsvir edilmişdir. Aparılan arxeoloji qazıntılar zamanı əldə olunmuş eradan əvvəl II minilliyə aid gildən kiçik heykəllərdə, Qızılburun küpəsinin və sair üzərində Naxçıvan geyimlərinin ən qədim örnəklərinə rast gəlirik. Küpədə üçbucaqların arasında boş qalmış sahənin bir hissəsinə həndəsi motivli kompozisiyada rəqs edən iki insan fiquru çəkilmişdir. İnsan rəsmləri olduqca sxematikdir. Onların biri qara rənglə, digəri isə qırmızı rənglə çəkilmişdir. Bu tapıntı sübut edir ki, Naxçıvanın geyim mədəniyyəti də qədim dövrlərdə yaranıb formalaşmışdır.

Naxçıvanın milli geyimlərinin əsas yardımçı elementlərindən biri də kəmərlərdir. Naxçıvan Dövlət Tarix Muzeyinin ekspozisiyasında sərgilənən, metaldan olan qadın kəməri orta əsrlərə aid bel bağlarının ən zəngin örnəklərindən biridir. Muzeyin ekspozisiyasında orta əsrlərə aid milli qadın və kişi kəmərləri çoxluq təşkil edir. Naxçıvanda hələ ki qədim dövrə aid kəmərlər aşkar edilməsə də, orta əsrlərə aid kəmərlər çoxdur.

Qədim geyimlərimiz orta əsrlərdə sürətlə inkişaf etmişdir. Həmin dövrlərdə Naxçıvan geyimlərinin zəngin, keyfiyyətli, al-əlvan görünməsinə ipəkçilik, toxuculuq, dabbaqlıq, zərgərlik və sair xalq sənəti sahələrinin inkişafı da təsir etmişdir. Orta əsrlərdə Naxçıvanda dəvəçiliyin, qoyunçuluğun və pambıqçılığın geniş yayılması toxuculuğun inkişafına zəmin yaratmışdır. Belə ki, XVII-XVIII əsrlərdə Naxçıvan Azərbaycanın mühüm toxuculuq mərkəzlərindən biri idi. Qədim diyarın mahir toxucu sənətkarlarının hazırladığı gözəl və yüksəkkeyfiyyətli pambıq və çit parçalara böyük tələbat var idi. Naxçıvanda ən qədim parça nümunəsi Xaraba Gilan sərdabəsindən tapılmış və tarixi orta əsrlərə aid edilmişdir. Azərbaycan xalq geyimlərində olduğu kimi, Naxçıvanın milli geyimlərində də istifadə olunan parçalar rəngli olmuşdur. Parçaların boyanmasında bitkilərdən və bəzi böcəklərdən istifadə edilmişdir. Boya istehsalı üçün ən çox alma, nar, cəviz, soğan qabığı, ərik və tut ağaclarının kökündən istifadə olunmuşdur. Qırmızı rəng verən koşenil qurdundan da boya hazırlanmışdır.
XX əsrin 70-ci illərindən başlayaraq Azərbaycanda milli-mədəni irsimizin qorunmasına xüsusi diqqət və qayğı göstərilmişdir. Ulu öndər Heydər Əliyev Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra da bu sahə qayğı ilə əhatə olunmuşdur. Muxtar respublikamızda da milli və mənəvi irsimizin yaşadılması və gələcək nəsillərə çatdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov milli dəyərlərimizin qorunmasına diqqət və qayğının artırılması üçün “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncam imzalamışdır. 2012-ci il isə Naxçıvanda “Milli dəyərlər ili” elan olunmuşdur. Bu gün Naxçıvanın milli geyimlərindən ibarət zəngin kolleksiya Naxçıvan Dövlət Tarix Muzeyinin etnoqrafiya fondunda toplanmışdır. Muzeyin kolleksiyasına XIX-XX əsrlərə, müxtəlif tarixi-etnoqrafik zonalara aid olan qadın və kişi geyimlərinin dəstləri və ayrı-ayrı elementləri daxil edilmişdir.

Naxçıvanda milli qadın geyimlərinin əsasını çəpkən (nimtənə), köynək, tuman, müvafiq baş örtüyündən ibarət olan dəst təşkil edir. Naxçıvan geyimlərinin biçimi sadə olub qolu düz biçilirdi. Köynəklə tumanın biçimi və tikiş texnologiyası başqa zonalarda olduğu kimi idi. Təkcə arxalıq öz forması ilə nisbətən fərqlənirdi. Belə geyimlərin ətəyində gümüşü və muncuqlu tikmə texnikasına üstünlük verilmişdir. Muncuqlu tikmə texnikasından istifadə edilərkən, əsasən, nəbati naxışlar işlədilirdi. Naxçıvanın qədim qadın geyimlərində, adətən, innabı, yaşıl, gümüşü rənglərə üstünlük verilmişdir. XIX əsrin əvvəllərinə aid mənbələrə əsaslanan etnoqraflar Naxçıvanda əhalinin geyiminin fəsillərə uyğun olaraq hazırlandığını qeyd etmişlər. XIX əsr Naxçıvanında milli geyimlərdə əsaslı dəyişiklik hiss olunmamış, orta əsrlərdə yaranmış geyim mədəniyyəti davam etmişdir.

Naxçıvanın milli geyimləri arasında baş geyimləri Azərbaycanın bütün bölgələrində olduğu kimi xüsusilə diqqəti cəlb edir. Naxçıvanda da baş geyimləri qeyrət, ismət, namus, şərəf, ləyaqət, cəsarət rəmzi sayılır. Kəlağayı, çalma, nar-nazı, təsək, ləçək, örpək, çadra və sair rənginə, gözəlliyinə və rəngarəngliyinə görə seçilən qadın baş geyimləridir. Belə geyimlərin geniş yayılmış növlərindən biri ipək kəlağayı idi. Kəlağayıların örtülməsində yaş və sosial fərqlər mövcud idi. Kişilərin əsas baş geyimi adi və ya qaragül qoyunların xəzindən hazırlanan papaqlar olub. Onların müxtəlif formaları və yerli adları mövcud idi. Börk, molla papağı, araqçın, sarıq kişi baş geyimlərindən daha çox istifadə olunmuşdur.

Müasir geyimlərimizdə qədim milli geyimlərimizə məxsus element­lərdən istifadə zəngin milli mədəniyyətimizin yaşadılması və təbliği baxımından əhəmiyyətli sayıla bilər. 

Fizzə QULİYEVA

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat 
İnstitutunun Təsviri və dekorativ-tətbiqi sənətlər şöbəsinin müdiri

00122952
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
334
502
2610
9153
122952

Tarix: 21-10-2017
Biz, sosial şəbəkələrdə: