"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Naxçıvanda ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü qeyd olunmuş, hərbi parad keçirilmişdir

Oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi günündə Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü qeyd olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov tədbirdə iştirak ediblər.

Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev tədbirə hazırlıq barədə Ali Məclisin Sədrinə raport verdi.

Ali Məclisin Sədri əsgərləri salamladı. 

Azərbaycan Respublikasının Dövlət Himni ifa olundu.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Dövlət Müstəqilliyi Gününün Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü ilə qeyd olduğunu bildirmiş, əlamətdar bayramlar münasibəti ilə tədbir iştirakçılarını, eləcə də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublika ərazisindəki ordu, birləşmə və hissələrinin şəxsi heyətlərini, bütün muxtar respublika əhalisini təbrik edərək demişdir: Müdriklər dövlətlərin qüdrətini onun ordusunun qüdrəti ilə ölçürdülər. İtalyan filosofu və mütəfəkkiri Nikolo Makiavelli özünün məşhur “Hökmdar” əsərində göstərirdi ki, “bütün dövlətlərdə hakimiyyətin əsasını yaxşı qanunlar və yaxşı ordu təşkil edir”. 

Ali Məclisin Sədri demişdir: Ümummilli liderimiz Azərbaycana hər iki rəhbərliyi dövründə dövlət və ordu quruculuğu məsələlərini diqqətdə saxlamış, ordu quruculuğu sahəsində təxirəsalınmaz tədbirlər həyata keçirmişdir. Ölkəmizdə dövlət müstəqilliyi elan olunandan sonra bu müstəqilliyin qorunmasına da 1991-ci ilin sentyabrında Naxçıvanda ilk milli ordu qurumunun yaradılması ilə başlanılmışdır. O vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyən ümummilli liderimiz muxtar respublikanın sərhədlərinin möhkəmləndirilməsi və müdafiəsinin təşkili haqqında qərarlar qəbul etmiş, bununla da milli hərbi hissələrə və könüllü dəstələrə vahid rəhbərlik təmin olunmuşdur. 1992-ci il sentyabrın 15-də isə Naxçıvan Muxtar Respublikası ərazisində ilk milli ordu qurumu - 705 saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada təşkil edilmişdir. 25 il bundan əvvəl - 1992-ci il oktyabrın 9-da Naxçıvanda keçirilən ilk hərbi paradda ümummilli lider Heydər Əliyev deyirdi: “Biz 70 il ərzində hər il keçmiş Sovetlər İttifaqının silahlı qüvvələrinin bayramlarının iştirakçısı olmuşuq. Fəqət bugünkü bayram bizim hər birimizin qəlbində böyük iftixar hissi doğurur. Biz böyük sevinc içərisindəyik. Çünki Azərbaycan xalqı, nəhayət, öz dövlətini, öz millətini, öz doğma torpaqlarını müdafiə etmək üçün milli ordusunu yaratmışdır”.

Qeyd olunmuşdur ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan ümummilli liderimiz ordu quruculuğunu dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşdirmiş, Silahlı Qüvvələrimiz mühüm təşkilatlanma və inkişaf yolu keçmişdir. Ümummilli liderimizin ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlər bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə rəhbərinin diqqət və qayğısı sayəsində son illərdə ordumuzun döyüş qabiliyyəti daha da artmış, maddi-texniki bazası möhkəmləndirilmiş, hərbçilərin sosial-məişət şəraiti yaxşılaşdırılmışdır. Hazırda müasir texnikalarla təchiz edilmiş Azərbaycan ordusu yüksək nizam-intizama və döyüş qabiliyyətinə malikdir. Ali Baş Komandan Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin ­möhkəmləndirilməsinə də xüsusi diqqət yetirir. Ölkə Prezidentinin 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən Naxçıvanda 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusunun yaradılması əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Naxçıvanın etibarlı müdafiəsi ilə bağlı görülən tədbirlərin davamıdır.

Ali Məclisin Sədri demişdir: Bu gün Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki təminatı davamlı olaraq möhkəmləndirilir, şəxsi heyətin döyüş qabiliyyəti, mənəvi-psixoloji hazırlığı artırılır. Son 25 il ərzində muxtar respublikanın etibarlı müdafiə təminatı ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirilmiş, müxtəlif hərbi təyinatlı 214 obyekt istifadəyə verilmişdir. Əlamətdar yubiley günündə yeni Təlim-Tədris Mərkəzinin istifadəyə verilməsi də ordu quruculuğu sahəsində görülən işlərin davamıdır. Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikasının müdafiə potensialının gücləndirilməsində, buradakı ordu hissələrinin formalaşmasında Türkiyə Respublikasının təmannasız köməkliyinə görə qardaş Türkiyə dövlətinə, xalqına və Silahlı Qüvvələrinə hörmət və ehtiramını bildirmişdir.

Daha sonra Ali Məclisin Sədri şəxsi heyətə müraciətlə demişdir: Bu gün sizin qarşınızda mühüm vəzifələr dayanır. Bilirik ki, daim şərəfli əsgər və zabit adını doğrultmağa çalışır, Vətənə, ümummilli lider Heydər Əliyev yoluna sədaqət nümayiş etdirirsiniz. Naxçıvan Muxtar Respublikasının fəal strateji mövqedə yerləşməsi sizin üzərinizə düşən məsuliyyəti daha da artırır. Bu gün Silahlı Qüvvələrimizin muxtar respublika ərazisindəki hərbi hissələrində olan birlik, vətənpərvərlik və yüksək döyüş əhvali-ruhiyyəsi, torpaqlarımızın etibarlı müdafiəsinə və toxunulmazlığına tam təminat verir. İnsanlar muxtar respublika ərazisindəki ordu birləşmə və hissələrinə güvənərək rahat yaşayır, təsərrüfatlarını genişləndirir, muxtar respublikanın inkişafına öz töhfələrini verirlər. 

Ali Məclisin Sədri Əlahiddə Ümumqoşun Ordusunun qarşısında duran vəzifələrin bundan sonra da peşəkarlıqla icra ediləcəyinə əminliklə bir daha Naxçıvanda ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü münasibəti ilə tədbir iştirakçılarını və şəxsi heyəti təbrik etmiş, çıxışını Ali Baş Komandan cənab İlham Əliyevin fikirləri ilə tamamlamışdır: “Bu gün Azərbaycan xalqı vahid amal ətrafında birləşib - ölkəmizi daha da gücləndirməliyik, müstəqilliyimizi daha da möhkəmləndirməliyik, ordumuzun gücünü daha da artırmalıyıq ki, ərazi bütövlüyümüzü bərpa edək”.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev tədbirdə çıxış edərək demişdir ki, bu gün muxtar respublikada hərbi xidmətin günün tələbləri səviyyəsində təşkili üçün hər cür şərait yaradılmışdır. Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki bazası möhkəmləndirilmiş, ordu ən müasir silahlarla təchiz olunmuş, Əlahiddə Aviasiya hərbi hissəsi yaradılmışdır. Muxtar respublikadakı bütün hərbi hissələr, xüsusilə də müdafiə zolağında yerləşən döyüş mövqeləri əsaslı şəkildə yenidən qurulmuş, xidmətin nümunəvi təşkili üçün lazımi şərait yaradılmışdır. Həyata keçirilən kompleks tədbirlər hərbçilərin döyüş qabiliyyətinin və mənəvi-psixoloji hazırlığının yüksəlməsinə səbəb olmuşdur. 

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov çıxış edərək demişdir ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu tədbirləri bu gün Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikasının müdafiəsinin etibarlı təşkili ölkəmizdə həyata keçirilən ordu quruculuğu tədbirlərinin əsas istiqamətlərindəndir. Muxtar respublikada Əlahiddə Ümumqoşun Ordunun yaradılması və onun müasir silah, döyüş texnikası, aviasiya, hava hücumundan müdafiə qurğuları ilə təchiz olunması bu sahədə görülən işlərin tərkib hissəsidir. Bu gün Əlahiddə Ümumqoşun Ordu istənilən döyüş tapşırıqlarını yerinə yetirməyə qadirdir. Zakir Həsənov Naxçıvanda ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü münasibətilə şəxsi heyətə təbriklərini çatdırmışdır. 

Sonra Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümünə həsr olunmuş hərbi parad keçirilmişdir. 

Hərbi paradda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasındakı Əlahiddə Ümumqoşun Ordusunun, birləşmə və hissələrinin 2 min nəfərə yaxın şəxsi heyəti, 160-dan çox hərbi texnika və silah sistemləri, o cümlədən 10-dan artıq döyüş vertolyotu və təyyarəsi iştirak edirdi. Hərbi paradı minlərlə muxtar respublika sakini izləyirdi.

Paradda ilk olaraq Azərbaycan Respublikasının dövlət bayrağı altında Heydər Əliyev adına Hərbi Liseyin kursantları meydana daxil oldular. Bu gün Heydər Əliyev adına Hərbi Lisey mötəbər hərbi təhsil müəssisəsinə çevrilmişdir. Gələcəyin zabitləri üçün hər cür tədris şəraiti yaradılmışdır. Liseyin məzunları Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif bölmələrində ləyaqətlə xidmət edir, Naxçıvanın qədim hərb ənənələrini şərəflə yaşadırlar. 

Əlahiddə Ümumqoşun Ordunun mexanikləşdirilmiş, motoatıcı, xüsusi təyinatlı, kəşfiyyat, dağ atıcı, tank, reaktiv artilleriya, hava hücumundan müdafiə və rabitə bölmələrinin, Daxili Qoşunların "Naxçıvan" Əlahiddə Əməliyyat Briqadasının, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki-müdafiə alayının şəxsi heyəti nizami addımlarla tribunanın önündən keçdilər. 

Sonra hərbi texnikanın keçidi oldu. 

Əlahiddə Ümumqoşun Ordunun bayrağının ardınca üzərində tank əleyhinə idarə olunan "SPAYK" raket kompleksləri quraşdırılmış "Qred Vul" avtomobilləri, "Ştorm-3" Sofa maşını, "Kobra" yüngül zirehli transportyoru, iriçaplı pulemyot quraşdırılmış "Sandkat" avtomobilləri meydana daxil oldu. Azərbaycanda istehsal olunan və beynəlxalq sərgilərdə böyük maraqla qarşılanan “Marauder” zirehli döyüş maşınları, "Orbiter-3B" pilotsuz uçuş aparatları tribuna önündən keçdi. Sonra dağlıq ərazidə aparılan döyüşlərdə yüksək manevrliliyi ilə seçilən "Lançer" reaktiv artilleriya kompleksi, "Sani" minaatanları, avtomobillər üzərində quraşdırılmış müxtəlif markalı artilleriya qurğuları, tank əleyhinə "D-44" topu və "MT-12" topları, atəş dəqiqliyi və effektivliyinə malik "D-30" haubitsası, "D-20" və "M-46" top haubitsası, atəş uzaqlığı 35 kilometrə qədər olan "Qiasint-B" topları nümayiş olundu.

Hərbi paradda "BM-21 Qrad", "Qrad-LAR", "Sakarya", "Qasırğa" yaylım atəşli reaktiv sistemləri, "Smerc" döyüş maşını, idarəetmə məsafəsi və məhvetmə imkanı artırılmış "OSA", "S-125" zenit raket kompleksləri, zirehli transportyor "BTR-82A", piyadaların döyüş maşınları 2 və 3, özüyeriyən tank əleyhinə "Xrizantema" kompleksi, müasir aşkaretmə, izləmə və atəşaparma cihazları ilə təchiz olunmuş “T-72 M1” və "T-90C" tankları, eləcə də "T-90C" tankı üzərində quraşdırılmış "TOS-1A" reaktiv sistemi və özüyeriyən artilleriya qurğusu "Qvozdika" keçidi davam etdirdi. Əlahiddə Ümumqoşun Ordunun silahlanmasında olan silah və texnika kolonunu "ZQ-23-2" zenit qurğularının keçidi tamamlamışdır. 

"Mİ-17-1V" hərbi vertolyotu Azərbaycan bayrağını dalğalandırmış, "SU-25" döyüş təyyarələri, "Mİ-17-1V" və "Mİ-35M" vertolyotları müxtəlif döyüş düzülüşündə səmanı fəth etmişlər. Bununla da hərbi parad başa çatmışdır. 

Müstəqillik günündə Naxçıvanda ilk milli hərbi hissənin yaranmasının 25-ci ildönümünə həsr olunmuş hərbi paradın keçirilməsi Azərbaycan Silahlı Qüvvələrinin muxtar respublikadakı birləşmə və hissələrin güc və qüdrətini bir daha nümayiş etdirdi.

"Şərq qapısı" qəzeti

00138301
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
414
351
3951
10378
138301

Tarix: 20-11-2017
Biz, sosial şəbəkələrdə: