"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Növbəti metodik kurs üç fənnin tədrisinə həsr olunub

Muxtar respublikada mədəniyyətin müxtəlif sahələri kimi, uşaq musiqi məktəblərinin fəaliyyəti də diqqətdə saxlanılır, gənc kadrların yetişdirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də muxtar respublikada fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin müəllimləri üçün müvafiq fənnlər üzrə metodik kursların təşkil edilməsidir.

Növbəti metodik kurs noyabrın 1-də Culfa Şəhər Uşaq Musiqi Məktəbində Rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində olan uşaq musiqi məktəblərinin ümumi fənlər üzrə müəllimləri üçün keçirilib. Solfecio, musiqi ədəbiyyatı və xor fənləri üzrə təşkil edilən metodik kursda əvvəlcə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi aparatının aparıcı məsləhətçisi Leyla Əlimərdanova bildirib ki, uşaq musiqi məktəblərində müəllimlər üçün musiqi sənətinə aid müxtəlif fənnlərin tədrisinə həsr olunmuş metodik kursların təşkilində əsas məqsəd müəllimlərin müvafiq fənnlər üzrə tədris üsullarını zənginləşdirmək, onların peşəkarlıq qabiliyyətini və bilik səviyyəsini artırmaqdan ibarətdir. Metodik kurslar zamanı müəllimlərə mənimsədilən tədris üsulları və praktik olaraq keçilən dərslər dərs dedikləri şagirdlərə təhsil aldığı ixtisaslar üzrə keçilən mövzuları asanlıqla mənimsədilməsinə geniş imkanlar açır. Bugünkü solfecio, musiqi ədəbiyyatı və xor fənləri üzrə keçiləcək metodik kurslar müəllimlərin tədris üsullarından faydalı yararlanmalarına töhfə verməklə yanaşı, şagirdlərin qeyd olunan fənlər üzrə keçilən mövzuları dərindən mənimsəmələrində də əhəmiyyətli rol oynayacaqdır.

Vurğulanıb ki, solfecio fənninin lazımi qaydada tədrisi şagirdlərdə musiqini eşitmə və duyma qabiliyyətini inkişaf etdirmək, eləcə də not oxumaq təcrübəsini artırmaq baxımından olduqca vacib məsələlərdəndir. Həmçinin Azərbaycan musiqi ədəbiyyatı və xor fənlərinin yüksək səviyyədə tədrisi şagirdlərin musiqi duyumunun formalaşması, onların vocal əsərləri məzmun və forma vəhdətində ifa etmələri ilə nəticələnəcəkdir.

Şagirdlərə tədris olunacaq fənlərin proqramı haqqında ətraflı məlumat verildikdən sonar Naxçıvan Şəhər Səfər Rəcəbov adına 3 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimləri Nuray Hüseynova və Möhtərəmə Qafarova Naxçıvan Musiqi Kollecinin müəllimi Ruhiyyə Dünyamalıyeva müvafiq olaraq yeddi və beşillik təhsil sistemi üzrə solfecio, xor və musiqi ədəbiyyatı fənlərinin tədrisi mövzularında metodik dərs keçiblər.

Dərslərdə bildirilib ki, uşaq musiqi məktəblərində solfecio, musiqi ədəbiyyatı və xor fənnlərinin tədrisi şagirdlərin musiqi duyumunun inkişafına və ifaçılıq təcrübəsinin artırılmasına böyük ölçüdə yardım edir. Eləcə də şagirdlə rmusiqi ədəbiyyatının tədrisi zamanı müxtəlif janr və bu janrların xüsusiyyətləri, xalq və professional musiqi formaları, musiqi ifadə vasitələri, musiqi alətləri, simfonik orkestr, ansambl quruluşları haqqında biliklər əldə edirlər. Qeyd olunub ki, musiqi ədəbiyyatı fənninin tədrisində bəstəkarların həyat və yaradıcılığı, onların dünya musiqi tarixində rolu və əhəmiyyəti, eləcə də tutduğu mövqe haqqında ətraflı məlumat verilir. Musiqi ədəbiyyatı fənninin tədrisində xüsusi yeri musiqi materialları tutur. Dərs zamanı şagirdlər mahnı janrından başlayaraq iri həcmli əsərlərə qədər məlumatlandırılır. Musiqi ədəbiyyatının tədrisində klassik musiqi ilə yanaşı, xalq musiqisinin öyrənilməsinə də diqqət yetirmək vacibdir.

Qeyd olunub ki, xor fənninin tədrisi zamanı şagirdlərin ifaçılıq və xanəndəlik qabiliyyəti diqqətdə saxlanmalı, onların xor istiqaməti üzrə potensialı düzgün dəyərləndirilməlidir. Xor dərslərinin səmərəli təşkili gələcəkdə peşəkar müğənnilər kollektivinin formalaşması ilə nəticələnəcəkdir. Bunun üçün xor dərslərində kollektiv tərəfindən ifa edilmək üçün yazılmış musiqi pyesləri ilə müntəzəm məşqlər aparılmalı, kollektiv üzvlərinin bütün ifaları peşəkarlıqla qiymətləndirilməlidir.

Sonra tədris olunan mövzular üzrə müzakirələr aparılıb, müəllimlərin sualları cavablandırılıb.

00138298
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
411
351
3948
10375
138298

Tarix: 20-11-2017
Biz, sosial şəbəkələrdə: