"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Gənclər üçün ekskursiya təşkil edilib

Noyabrın 3-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Gənclər Təşkilatı mədəniyyət sistemində çalışan bir qrup istedadlı və fəal gəncin Ordubad şəhərinə ekskursiyasını təşkil etmişdir. 

Nazirliyin iş planına əsasən təşkil olunan ekskursiyanın iştirakçıları əvvəlcə Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi, daha sonra isə Cümə Məscidi ilə tanış olmuşlar.

Muzeyin bələdçisi gənclərə məlumat verərək bildirib ki, 14 yanvar 2011-ci il tarixdə Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi Qeysəriyyə tarixi abidəsinin bərpa işlərindən sonra açılışı olmuşdur.

Məlumat verilmişdir ki, böyük günbəzdən və ona bitişik 16 kiçik günbəzdən ibarət olan Qeysəriyyə binası gözəl memarlıq üslubunda tikilmişdir. XVII əsrə aid olan abidə bişmiş kərpicdən inşa olunmuş, hündürlüyü 8,5 metrdir. Binanın dam örtüyü təmir edilmiş, 200 kvadratmetr sahədə şəbəkə sistemi, daxili divarları bərpa olunmuşdur. Binanın daxili naxışlı kərpiclə bəzədilmiş, fond otağı, muzey işçiləri üçün iş otaqları yaradılmış, ekspozisiya zalına uyğun işıqlandırma sistemi quraşdırılmışdır. Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin bu binada fəaliyyət göstərməsi abidənin əhəmiyyətini daha da artırıb. Bu gün muzeyə gələn ziyarətçilər burada nümayiş etdirilən eksponatlar vasitəsilə Ordubadın tarixi, mədəniyyəti, ədəbiyyatı, əhalinin məşğuliyyəti, bu torpağın yetişdirdiyi görkəmli şəxsiyyətlər barədə ətraflı məlumat öyrənir, həmçinin Qeysəriyyə tarixi abidəsi ilə tanış olurlar.

Qeyd olunub ki, Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi bu binada 1991-ci ildən fəaliyyət göstərir.150 eksponatla fəaliyyətə başlayan muzeydə hazırda 4000-dən artıq eksponat qorunub saxlanılır. Ən qədim eksponat bizim eramızdan əvvəl II-I minilliyə aid Gəmiqaya qranit daşları, 32 ədəd Quran cüzvələri əl ilə yazılıb. Burada qədim numizmatika, pul nümunələri var. Daş üzərində gənc qızın simasında naxışlarla Qulfu-Allah yazılmış bir eksponat diqqəti cəlb edir. Uşaqların yerini islatmaması üçün xüsusi qabı olan beşik, tüstünü qovan ən iri kürə də məhz bu muzeydədir. Burada həmçinin Zınqırovlu sandıq vardır. Ordubadın varlı təbəqəsindən olan Ərbab adlı şəxs qiymətli əşyalarını saxlamaq üçün onu Fransadan gətizdirib. Muzeydə varlı Ərbaba məxsus bir neçə eksponat qorunub saxlanılır. İri kəfkirli saat da məhz onun şəxsi istifadəsində olub. Deyilənə görə hər dəfə saat vuranda, onun səsi Cənubi Azərbaycanın Siyalı kəndinə qədər gedib çıxıb. 

Sonra ekskursiya iştirakçıları Cümə Məscidində olublar.

Bildirilib ki, orta əsrlərə aid bu memarlıq abidəsi şəhərin mərkəzi meydanında ən hündür yerdə ucaldılıb. Cümə məscidinin şərq qapısı üzərindəki daş lövhədə I Şah Abbasın Ordubad əhalisinin vergidən azad olunması barədə nəsx xətti ilə farsca beş sətirlik fərmanı həkk edilmişdir.

Vurğulanıb ki, məscidin plan quruluşu, bəzi elementləri və bədii tərtibatı onun ilkin əsasının daha qədim olduğunu göstərir. XVII əsrdə isə məscidin əsaslı şəkildə bərpa edildiyi güman olunur. Məscidin içəri divarlarındakı həndəsi formalı ornamentlər Naxçıvanın qədim abidələrindəki rəsmləri xatırladır. Bəzi mənbələrə görə, 1902-1903-cü illərdə məsciddə təmir işləri aparılarkən tapılmış bir kərpicdəki yazıdan onun əsasının hicri 111 (miladi 729-cu il) ildəqoyulduğu aydın olur. Hazırda məscidin şimal-şərqində mədrəsə, qərbində isə zorxana binaları yerləşir. Məscid və ətraf binalar 1987-ci ildə əsaslı surətdə bərpa olunmuşdur.

00138300
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
413
351
3950
10377
138300

Tarix: 20-11-2017
Biz, sosial şəbəkələrdə: