"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Naxçıvan Dövlət Tarix Muzeyinə sakinlər tərəfindən 156 eksponat təqdim olunub

Naxçıvan Dövlət Tarix Muzeyinə  daha 156  eksponat təqdim edilibNoyabrın 8-də Nehrəm kənd sakini, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyev, Ordubad rayonunun Gilançay kənd sakini Xəyal Fətəliyev, Naxçıvan şəhər sakini Sədi Məmmədov, Babək rayon sakini İnayət Fətullayev, Şahbuz şəhər sakini Şahin Orucov, Culfa rayonunun Ərəzin kənd sakini Mahmud Zeynalov tərəfindən qədim mədəniyyətimizi və tariximizi əks etdirən mis və saxsı məişət əşyaları, kənd təsərrüfatı alətləri, toxuculuq alətləri və sair olmaqla, 156 eksponat Naxçıvan Dövlət Tarix Muzeyinə təqdim edilib.

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova bildirib ki, 5 minillik tarixi olan, özündə qədim, antik və orta əsr şəhər mədəniyyətini əks etdirən, tarixin müxtəlif dövrlərində Atabəylər dövlətinin, Naxçıvan xanlığının paytaxtı olmuş qədim Naxçıvan şəhəri tarix və mədəniyyət abidələri ilə də zəngindir. Arxeoloji ekspedisiyalar zamanı tapılmış yüzlərlə gil qab, boyalı qablar, tunc heykəllər, əşyalar və bəzək nümunələri vaxtilə bu torpaqda müxtəlif mədəniyyətlərin mövcudluğunu göstərir. Nuh Peyğəmbərin qəbrinin burada olması, Gəmiqaya ərazisindəki məşhur qayaüstü rəsmlər Naxçıvanı bəşər sivilizasiyasının mühüm ocaqlarından biri kimi tanımağa imkan verir. Naxçıvan Muxtar Respublikasında 29 muzey və muzeytipli müəssisə fəaliyyət göstərir ki, burada xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən 140 minə yaxın maddi-mədəniyyət nümunəsi mühafizə olunaraq qorunub saxlanılır. Əgər müstəqillik illərinə qədər muxtar respublika ərazisində 13 muzey fəaliyyət göstərirdisə, müstəqillik dövrünə qədəm qoyduqdan sonra Naxçıvanın tarixini və görkəmli şəxsiyyətlərinin yaradıcılığını əks etdirən 16 muzey yaradılıb.

Vurğulanıb ki, bu gün muzeylərimizi ziyarət edənlərin sayı əhəmiyyətli dərəcədə artıb və muzey işçilərinin öhdəsinə daha böyük vəzifələr qoyulub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına əsasən muxtar respublikanın nazirlik, komitə və təşkilatlarının kollektivləri mütəşəkkilliklə muzeylərimizi ziyarət edirlər. Bundan başqa, muxtar respublikada təhsil alan tələbələrin, gənclərin, həmçinin şagirdlərin, taksi sürücülərinin muzeylərə gedişi təmin edilib. Keçən il muxtar respublikanın muzeylərini 321 minə yaxın, bu il isə muxtar respublikanın muzeylərini 322 mindən çox insan ziyarət edib ki, bunların arasında Azərbaycanın digər regionlarından muxtar respublikamıza gələn qonaqlar, həmcinin 76 mindən çox xarici vətəndaş olub.

Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən muzeylərimiz üçün maddi-mədəniyyət nümunələrinin toplanması işi də diqqətdə saxlanılır və bu işdə muxtar respublika sakinləri fəallıq göstərirlər. Təkcə 2016-cı il ərzində muzeylərə 1500-dən çox, bu ilin 9 ayı ərzində isə 993 eksponat daxil olub. Xalqımızın tarixini, mədəniyyətini qorumaq, əlbəttə ki, hər birimizin borcudur.

Natəvan Qədimova maddi-mədəniyyət nümunələrini muzeyə təqdim etdiklərinə görə Akif Hacıyevə, Şahin Orucova, Sədi Məmmədova, İnayət Fətullayevə, Mahmud Zeynalova, Xəyal Fətəliyevə təşəkkürünü bildirib, mədəniyyətimizin inkişafına göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə bütün mədəniyyət işçiləri adından minnətdarlıq edib.

Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nizami Rəhimov vətəndaşların bu təşəbbüsünü yüksək dəyərləndirib və bu eksponatların muzeyin zənginləşməsinə xidmət etdiyini bildirib.

Eksponatları muzeyə təqdim edənlərdən Akif Hacıyev və Sədi Məmmədov çıxış edərək bildiriblər ki, bu gün muxtar respublikada maddi-mədəni irsimizin qorunub yaşadılması və gələcək nəsillərə çatdırılması sahəsində davamlı tədbirlər həyata keçirilir. Muzeylərin eksponatlarla zənginləşdirilməsi, yeni muzeylərin yaradılması sahəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən həyata keçirilən tədbirlər minnətdarlıqla qarşılanır. Hər bir vətəndaş mədəni irsimizin qorunub yaşadılması sahəsində həyata keçirilən tədbirlərə öz töhfəsini verməyə çalışır. Vətəndaşlar tərəfindən qədim məişət əşyalarının muzeylərə təqdim edilməsi də bu mənada mühüm əhəmiyyətə malikdir. Bu eksponatların muzeylərimizə verilməsi zəngin mədəni irsimizin qorunub yaşadılmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edir. Muxtar respublikada maddi-mədəniyyət nümunələrinin toplanmasında bundan sonra da insanlarımız fəal iştirak edəcəklər.

00138298
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
411
351
3948
10375
138298

Tarix: 20-11-2017
Biz, sosial şəbəkələrdə: