"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Dövlət Bayrağı Muzeyi arasında interaktiv dərs təşkil olunub

Noyabrın 8-də muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Dövlət Bayrağı Muzeyi arasında interaktiv dərs keçilib.

Açıq dərsdə muzeyin bələdçisi Ayşən Mehdiyeva tərəfindən qeyd edilib ki, dövlət rəmzləri istənilən dövlətin tanınma nişanı, suverenliyinin, özünəməxsusluğunun rəmzidir. Bu rəmzlərdə hər bir dövlətin, xalqın çoxəsrlik tarixi, milli dəyərləri və ənənələri öz əksini tapır. Qədim dövlətçilik tarixi və ənənələri olan çağdaş Azərbaycan dövlətinin müstəqilliyini və şərəfli keçmişini əks etdirən dövlət rəmzləri sırasında Azərbaycan Respublikasının bayrağı müstəsna yer tutur.

Qeyd olunub ki, milli düşüncəmizdə əsas dövlət rəmzlərindən olan bayrağa xüsusi münasibət tarixboyu özünü qabarıq göstərib, xalqımızın milli mövcudluq nişanəsi sayılıb. Üçrəngli bayrağımızın dövlət rəmzlərindən biri kimi qəbul edilərək ucaldılması isə 1918-ci ilin 28 mayında yaradılan Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. Həmin gün Azərbaycan Milli Şurası Tiflisdə İstiqlal Bəyannaməsi ilə dövlət müstəqilliyini bütün dünyaya bəyan edib. Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Azərbaycan Müvəqqəti Hökumətinin 1918-ci il 24 iyun tarixli qərarı ilə üzərində ağ aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli bayraq Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı kimi qəbul edilib.

1918-ci il noyabrın 9-da isə Nazirlər Kabinetinin Bakıda keçirilən iclasında Fətəli xan Xoyski milli bayraq haqqında məruzə ilə çıxış edib. Müzakirələrdən sonra yaşıl, qırmızı və mavi rəng­lərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq Dövlət bayrağı kimi qəbul olunub. Azərbaycan Respublikasının üçrəngli bayrağı ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə qaldırılıb. 

Diqqətə çatdırılıb ki, muxtar respublika rəhbərinin 2014-cü il 22 avqust tarixdə imzaladığı “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” Sərəncam mühüm əhəmiyyət kəsb edir. 2014-cü il noyabrın 17-də Dövlət Bayrağı Meydanı və Muzeyinin təntənəli açılış mərasimi keçirilib.

Vurğulanıb ki, bütün zamanlarda xalqımız bayrağımıza müqəddəs varlıq kimi baxıb, həmişə onu uca tutub, lazım gəldikdə igidlərimiz bayraq uğrunda canlarından belə keçiblər. Azərbaycanın bayrağı bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Ona görə də hər bir vətəndaş, xüsusən gənc nəsil bunu dərk etməli, qiymətləndirməlidir. Bizim bayrağımız qürur mənbəyi olduğu üçün gənclərimizdə Azərbaycan bayrağına sevgi yaradılması önəmli vəzifədir. Bayraq sevgisi, eyni zamanda Vətənə məhəbbəti ifadə edir. Bayraq hər bir millətin azadlıq rəmzidir, siyasi varlığını və müstəqilliyini təsdiq edir.

Məlumat üçün bildirək ki, açıq dərsi muxtar respublikanın 207 məktəbindən şagirdlər izləyib.

 

 

00138298
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
411
351
3948
10375
138298

Tarix: 20-11-2017
Biz, sosial şəbəkələrdə: