"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Filarmoniyanın repertuarı rəngarəng konsert proqramları ilə zəngindir

Son illər muxtar respublikada elm-təhsil, incəsənət sahəsində böyük irəliləyişlərə nail olunub. Festivalların, konsertlərin təşkili artıq ənənə halını almış şəhərimizdə səhnədə çox zaman Naxçıvan Dövlət Filarmoniyasında fəaliyyət göstərən kollektivlərin müxtəlif repertuarlarla çıxışlarını dinləyirik. Bu mədəniyyət müəssisəsinin fəaliyyəti ilə yaxından tanış olmaq üçün adıçəkilən ünvana üz tuturuq. Filarmoniyanın direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti Elman Əliyev ilə həmsöhbət oluruq.

– Elman müəllim, istərdik ki, Naxçıvan Dövlət Filarmoniyasının tarixinə qısa nəzər salaq.

– 1959-cu ilin sentyabr ayında yaradılan Naxçıvan Dövlət “Araz” Mahnı və Rəqs ansamblı bu torpağın istedadlı müğənnilərini, rəqqaslarını öz ətrafında birləşdirir. Ansambl tez-tez Azərbaycanın bütün bölgələrində, Orta Asiya, Qafqaz ölkələrində qastrollarda olur, çıxışları ilə dinləyicilərin rəğbətini qazanır. 1984-cü ildə həmin ansamblın bazası əsasında bugünkü Naxçıvan Dövlət Filarmoniyası yaradılır. Burada xalq çalğı alətləri və kamera orkestrləri, bir də mahnı və rəqs ansamblı fəaliyyət göstərirdi. 2012-ci ildə isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun ­Sərəncamı ilə Estrada Orkestri də fəaliyyətə başladı.

Kollektivimiz vaxtaşırı Azərbaycanın müxtəlif bölgələrində – Sumqayıt, Gəncə, Bakı və digər şəhərlərdə qastrol səfərlərində olur. Bununla yanaşı, Türkmənistan və Türkiyədə keçirilən festivallarda, həmçinin muxtar respublikada təşkil edilən dövlət səviyyəli konsertlərdə çıxış edir. 

– Filarmoniyaya gənc istedadların cəlbi istiqamətində hansı işlər görülür?

– Kollektivə gənc kadrların cəlbinə xüsusi diqqətlə yanaşırıq. Belə ki, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsi, Naxçıvan Musiqi Kolleci və muxtar respublikada fəaliyyət göstərən musiqi məktəbləri ilə sıx əlaqələr saxlayır, onların təşkil etdikləri konsertlərdə iştirak edirik. İfaçılıq potensialı olan şəxsləri buraya işə cəlb edir, yaxud da onlarla birgə konsertlər təşkil edirik. Bir sözlə, muxtar respublikada istedadlı gənclərin ortaya çıxarılması, ixtisasları üzrə təkmilləşməsinə Filarmoniya da öz töhfəsini verir. 

Hazırda 180-ə yaxın işçi heyətini öz ətrafında birləşdirən bu mədəniyyət müəssisəsinin gənc musiqiçi kadrların yetişdirilməsində, gələcək sənət yollarında püxtələşməsində mühüm xidmətləri var.

– Repertuarınızın tərtibi zamanı daha çox hansı janrda əsərlərə üstünlük verirsiniz?

– Repertuarımıza xalq rəqsləri, təsnifləri, muğamları, Azərbaycan və xarici bəstəkarların klassik əsərləri daxil edilir. Bununla yanaşı, Naxçıvanda yaşayıb-yaradan bəstəkarların əsərləri də yer alır. Filarmoniyanın yaradıcı kollektivi milli-mədəni dəyərlərimizin, yallılarımızın, xalq havacatlarımızın geniş vüsət almasına, milli zəmində, milli ruhda köklənməsinə çalışaraq, layiqli sənət töhfələri ilə musiqisevərlərin görüşündə olurlar. 

– Yaradıcı işlə məşğul olmaq heç də asan deyil. Bu işdə kollektiv hansı çətinliklərlə üzləşir?

– Müəssisəmiz maddi-texniki baza, müxtəlif avadanlıqlarla təmin olunub. Bundan əlavə, istər səhnə geyimlərinə, istərsə də hansısa musiqi alətinə ehtiyacımız olduqda, müraciətimiz dərhal nəzərə alınır. Bu baxımdan deyə bilərəm ki, bu qəbildən olan hansısa çətinliklə qarşılaşmırıq. Əməyimiz də dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Belə ki, kollektivin bəzi üzvləri yüksək dövlət mükafatları ilə təltif olunub. Hazırda 50-yə yaxın müxtəlif fəxri ad almış əməkdaşımız var. Onlardan Azərbaycan Respublikasının Xalq artisti Əzizağa Məmmədov, Azərbaycan Respublikasının Əməkdar artistləri Gülyanaq Fərzəliyeva, Mübariz Əsgərov, Tural Nəcəfov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Zülfüqar Mahmudov, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Tamerlan Bağır­ovun adlarını çəkmək olar. 

Göstərilən diqqət və qayğı kollektivi daha səylə çalışmağa sövq edir. Onlar həvəslə yeni konsertlərə hazırlaşırlar. 
Filarmoniyada kollektivin gənc əməkdaşları ilə də görüşdük. Onlardan Vüsalə Zeynalova dedi: 

– Biz gənclərə istedadını nümayiş etdirmək üçün belə bir şəraitin yaradılması təqdirəlayiqdir. Burada səhnə mədəniyyətinə yiyələnir, duyma qabiliyyətimizi inkişaf etdirir, geniş kütlə qarşısında çıxış edirik. Gənc musiqiçi olaraq başa düşürük ki, Azərbaycan musiqisini layiqli şəkildə təbliğ etmək mənəvi borcumuzdur. 
Bəli, bir ölkə dünya miqyasında ən çox mədəniyyəti, milli dəyərləri və adət-ənənəsi ilə tanınır. Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir. Çünki mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. Görkəmli ədibimiz Hüseyn Cavid əbəs yerə deməyib: “Turana qılıncdan daha kəskin, ulu qüvvət Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət”. Mədəniyyət varsa, milli mənəviyyat var. Mədəniyyət varsa, dirçəliş, tərəqqi var!

Naxçıvan Dövlət Filarmoniyasının kollektivi bu həqiqəti dərindən dərk edir, öz fəaliyyətini bu istiqamətdə qurmağa səy göstərir.

Fatma BABAYEVA

"Şərq qapısı" qəzeti

00150474
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
163
338
2557
7181
150474

Tarix: 17-12-2017
Biz, sosial şəbəkələrdə: