"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Solfecio, musiqi ədəbiyyatı və xor üzrə metodiki kurs keçirilib

Dekabrın 1-də Kəngərli Rayon Qıvraq Qəsəbə Uşaq Musiqi Məktəbində Kəngərli rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində olan uşaq musiqi məktəblərinin müəllimləri üçün solfecio, musiqi ədəbiyyatı və xor fənləri üzrə metodiki kursu keçirilmişdir.

Kursu giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Aparatının aparıcı məsləhətçisi Leyla Əlimərdanova bildirmişdir ki, uşaq musiqi məktəblərində tədris olunan musiqi ədəbiyyatı fənninin tədrisində əsas məqsəd şagirdlərin dünyagörüşünü zənginləşdirməkdir. Şagirdlərin ümumi musiqi ədəbiyyatı ilə yanaşı, Azərbaycan musiqi ədəbiyyatı ilə tanışlığı onların musiqi tərbiyəsinin formalaşmasında və hərtərəfli inkişafında əhəmiyyətli rol oynayır. Metodiki kursların keçirilməsində əsas məqsəd müəllimlərin bilik səviyyəsinin yüksəldilməsi və bu fənni tədris edənlərə müəyyən istiqamət göstərməkdir. Müəllimlərə solfecio fənni haqqında da ətraflı məlumat verilmişdir.

Sonra Naxçıvan şəhər S.Rəcəbov adına 3 №-li Uşaq Musiqi Məktəbinin müəllimi Nuray Hüseynova “Beş və yeddi illik təhsil sistemi üzrə solfecio  fənninin tədrisi” üzrə metodiki dərs keçmişdir. Bildirmişdir ki, musiqi məktəblərində solfecio fənninin tədrisi zamanı şagirdlərə Azərbaycan ladları səs sıralarını qurmaq, major-minor sistemi ilə yanaşı Azərbaycan ladlarını eşitmə qabiliyyətini formalaşdırmaq, ladlar üzərində müxtəlif intonasiya məqsədləri, eləcə də solfecio oxuma və imla yazmaq zamanı xalq musiqi nümunələrinə istinad edilməlidir.

 

Naxçıvan Musiqi Kollecinin müəllimi Ruhiyyə Dünyamalıyeva “Beş və yeddi illik təhsil sistemi üzrə musiqi ədəbiyyatı fənninin tədrisi” mövzusunda dərs keçmişdir. Bildirmişdir ki, musiqi məktəblərində şagirdlərə ümumi musiqi ədəbiyyatı ilə yanaşı, Azərbaycan musiqi ədədbiyyatı da tədris olunur. Tədris zamanı şagirdlər musiqi ədədbiyyatının geniş sahəsilə tanış olur, müxtəlif janr və xüsusiyyətləri, xalq və professional musiqi formaları, musiqi ifadə vasitələri, musiqi alətləri, simfonik orkestr, ansambl quruluşları haqqında biliklər əldə edirlər.

Naxçıvan şəhər S.Rəcəbov adına 3 №-li Uşaq Musiqi Məktəbinin müəllimi Möhtərəmə Qafarova “Beş və yeddi illik təhsil sistemi üzrə xor fənninin tədrisi” mövzusunda dərsdə bildirib ki, xor sənəti qədim tarixə malikdir. O hissləri, xəyalları, oxuyan insanların iradələrini birləşdirir, onların zövqlərini və qəlblərini tərbiyələndirir. Qeyd edilib ki, Azərbaycan bəstəkarları da uşaqlar üçün xor yazılmış əsərlərdə vətənə məhəbbət, vətənpərvərlik hisslərinə xüsusi diqqət yetirməlidirlər.

Metodik dərslərin sonunda mövzular müzakirə edilmiş və suallar cavablandırılmışdır.

00150474
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
163
338
2557
7181
150474

Tarix: 17-12-2017
Biz, sosial şəbəkələrdə: