"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Sağlamlıq imkanları məhdud uşaqların konserti olub

Dekabrın 6-də Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Bəstəkarlar Təşkilatının zalında Naxçıvan şəhərinin uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində təhsil alan sağlamlıq imkanları məhdud uşaqların konserti olub.

Konsertdən əvvəl Naxçıvan Şəhər M.Məmmədov adına 1№-li Uşaq Musiqi Məktəbinin direktoru Ramin Hacıyev çıxış edərək bildirib ki, muxtar respublikamızda uşaqların sağlam böyümələri, təhsil almaları və istedad və bacarıqlarının üzə çıxarılması üçün hər cür şərait yaradılmışdır. Uşaq musiqi məktəblərində də onların yaradıcılıq potensialını və istedadını göstərməsi üçün müxtəlif tədbirlər keçirilir, konsertlər təşkil olunur. Belə konsertlərdə uşaqlar öz istedadlarını nümayiş etdirir və təhsil aldıqları ixtisaslara daha da bağlanırlar.

Bu məktəbin fortepiano ixtisası üzrə müəllimi Aytən İsmayılova isə çıxışında qeyd edib ki, hazırda Naxçıvan şəhərinin uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində 27 nəfər və Naxçıvan Musiqi Kollecində bu kateqoriyadan olan iki nəfər təhsil alır. Bu gün təşkil olunan bu konsertdə onlardan bir neçə nəfəri öz istedadını göstərəcəkdir.

Tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsininşöbə müdiri Sahir Rüstəmov isə öz çıxışında bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nda muxtar respublikanın bir sıra nazirlikləri, komitələri, idarələri qarşısında mühüm vəzifələr qoyulmuş, sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli və mənalı təşkili nəzərdə tutulmuşdur. Muxtar respublikamızda bu kateqoriyadan olan uşaqların təhsili, təlim-tərbiyəsinin yüksək səviyyədə təşkili, distant dərslərin keçirilməsi, onların idman məktəblərinə və məktəbdənkənar müəssisələrə cəlbi, istedadlarının üzə çıxarılması üçün bir sıra işlər görülür. Muxtar respublikamızda bu qəbildən olan uşaqların tarix-memarlıq abidələri və muzeylərlə tanışlığı, onlara tətil günlərində kino, konsert və teatr tamaşalarının göstərilməsi də diqqət mərkəzindədir.

Konsertdə ilk olaraq Naxçıvan Şəhər M.Məmmədov adına 1№-li Uşaq Musiqi Məktəbinin fortepiano ixtisası üzrə VI sinif şagirdi Fatimə Cəfərovanın ifasında görkəmli polyak bəstəkarı Frederik Şopenin “Noktürn”ü səslənib. Balaca Fatimənin ifasında konsertdə səslənən E.Nəzirovanın uşaq pyesləri, L.V.Bethovenin fortepiano üçün yazdığı əsər, T.Quliyevin “Sənə də qalmaz” mahnısı alqışlarla qarşılanıb.

Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin xanəndəlik ixtisası üzrə II sinif şagirdi Elməddin Əliyevin ifasında Azərbaycan xalq mahnıları “Bəri bax” və “Daşlı qala” səsləndi. İstedadlı şagirdi müəllimlər Cəlil İsmayılov tarda, Ahim Güləliyev kamançada, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Qurban Qurbanov nağarada müşayiət etdilər.

Balaca Bahar Babayevanın fortepianoda ifa etdiyi Ukrayna xalq mahnısı və “Şən qazlar” uşaq mahnısı konsert iştirakçılarında xoş ovqat yaratdı. Konsertin sonunda balaca ifaçılara hədiyyələr və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin diplomları təqdim edildi.

Gələcəkdə də belə tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

00150474
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
163
338
2557
7181
150474

Tarix: 17-12-2017
Biz, sosial şəbəkələrdə: