"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Ustad dərsləri davam etdirilir

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Babək Rayon Uşaq Musiqi Məktəbində rayonun uşaq musiqi məktəblərinin müəllim və şagirdləri üçün ustad dərsləri keçilib.

Dərslər başlanmazdan əvvəl Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Leyla Əlimərdanova bildirib ki, bu dərslərin keçirilməsində əsas məqsəd tədrisin keyfiyyətinin yüksəldilməsinə, şagirdlərin bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsinə nail olmaqdır.

Sonra muxtar respublikanın tanınmış müəllim və musiqiçilərindən tar ixtisası üzrə Naxçıvan Musiqi Kollecinin müəllimi Cəlil İsmayılov, fortepiano ixtisası üzrə Naxçıvan Şəhər Ə.Cavid Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin müəllimi Fatma Əliyeva və həmin məktəbin qanun ixtisası üzrə müəllim Sevinc Babayeva, kamança ixtisası üzrə Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Mahirə Məmmədova, skripka ixtisası üzrə Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin müəllimi Çingiz Babayev müəllim və şagirdlərə ustad dərsi keçiblər.

Cəlil İsmayılov ustad dərsdə bildirib ki, tar Azərbaycan xalqının qədim musiqi alətidir. Müəllim tədris prosesində tar musiqi alətində çalmağı öyrədərkən şagirdə təcrübə vərdişlərini də aşılamalı, fərdi xüsusiyyətlərini nəzərə alaraq onlara yaradıcı mövqedən yanaşmalıdır. Müəllim tar tədrisinin metodikasını dərindən bilməlidir.

Fortepiano ixtisası üzrə ustad dərsi aparan Fatma Əliyeva bildirib ki, tədris prosesində əsərlərin ifası zamanı intonasiya, fraza, fikir, obraz, dramaturgiya və başqa bədii ifadə vasitələrini düzgün yerinə yetirmək lazımdır. Pianoçular həm də ifa etdikləri musiqilərin janrları, üslublarına bələd olmalıdırlar.

Qanun ixtisası üzrə ustad dərsi aparan Sevinc Babayeva bildirib ki, şagirdin bir musiqiçi kimi yetişməsində ixtisas müəlliminin rolu böyükdür. Müəllimin ən ümdə vəzifələrindən biri şagirdə öyrəndiyi musiqi alətini sevdirməyi aşılamaq və onun formalaşmasına diqqət yetirməkdir. Qanun musiqi alətinin diapozonu çox genişdir. Diapozonun belə geniş olması bu musiqi alətinin texniki imkanlarını daha da artırır. Qanundan orkestrdə, solo və müşaiyətçi kimi istifadə olunur.

Kamança ixtisası üzrə ustad dərsində Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Mahirə Məmmədova bu qədim musiqi alətimiz haqqında geniş məlumat verərək onun yaradıcılıq imkanlarını izah etdikdən sonra kamançada ifa olunan əsərlər haqqında şagirdləri məlumatlandırıb. Qeyd edilib ki, bir sıra milli misiqi alətləri kimi kamançada da şagirdə təcrübə vərdişləri aşılamaq və onlara fərdi mövqedən yanaşmaq lazımdır.

Skripka ixtisası üzrə ustad dərsi keçən Çingiz Babayev isə bildirmişdir ki, bu dərslərin tədrisi zamanı şagirdlərin kollektiv və ya fərdi ifaya üstünlük vermələri də nəzərə alınmalıdır. Skripka ifası zamanı ifa olunan əsərlər qarşısında qoyulan tapşırıq və tələblər dəqiqliklə yerinə yetirilməlidir. Şagird əsərləri forma, üslub, faktura və ifaçılıq baxımından  təhlil etməyi bacarmalı, notu üzdən oxuma səviyyəsi tələb olunan vəziyyətdə olmalıdır.

Ustad dərsləri başa çatdıqdan sonra müəllim və şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Dekabrın 7-də ustad dərslərin Culfa rayonunda keçirilməsi nəzərdə tutulmuşdur.

00150474
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
163
338
2557
7181
150474

Tarix: 17-12-2017
Biz, sosial şəbəkələrdə: