"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Cəmşid Naxçıvanskinin Ev Muzeyində növbəti seminar-treninq keçirilib

“Müasir cəmiyyətdə muzeylərin sosial-mədəni rolunun əhəmiyyətli dərəcədə yüksəlməsi onları mədəni proseslərin fəal iştirakçısına çevirir. Müasir dövrdə muzey keçmiş haqqında xatirələri öz divarları arasında saxlamağa qadir olan, mədəni irsi qoruyan mədəniyyət ocağı rolunu oynamaqdadır. Günümüzdə özünü göstərən sosial-iqtisadi inkişaf muzeylər qarşısında yeni vəzifələr qoyur. Bu vəzifələrdən biri də muzey bələdçilərinin peşəkarlıq qabiliyyətinin inkişaf etdirilməsi işidir”.

Bu fikirlər dekabrın 27-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Cəmşid Naxçıvanskinin Ev Muzeyində keçirilən muzey bələdçiləri üçün seminar treninqdə səsləndirilib.

Nazirliyin sisteminə daxil olan muzeylərin bələdçilərinin iştirak etdiyi tədbirin məqsəd və əhəmiyyətindən danışan nazirliyin mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Əsədova “Muzey bələdçisinin davranış qaydaları” mövzusunda çıxış edərək bildirib ki, muxtar respublikada müxtəlif profilli muzeylər fəaliyyət göstərir. Muzeylərə bu gün xüsusi diqqət göstərilir, onların maddi-texniki bazası gücləndirilir, əməkdaşların peşəkarlıq səviyyəsi yüksəldilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamından sonra muzeylərin ziyarətçilərinin sayında əhəmiyyətli dərəcədə artım müşahidə olunur. Bu isə öz növbəsində muzey işçilərinin, muzey bələdçilərinin daha fəal və daha məsuliyyətlə çalışmalarını, həmçinin eksponatların təqdimatında səlis və anlaşıqlı nitq qabiliyyətinin inkişaf etdirilməsini zəruri edir.

“2015-ci ildən etibarən seminar-treninqlər vasitəsilə muzey bələdçilərinin muxtar respublikanın müxtəlif bölgələrində yerləşən muzeylərlə tanışlığı təmin edilir”, – deyən Qumral Əsədova vurğulayıb ki, ötən il muxtar respublikanın muzey şəbəkələri üçün 11 belə tədbir təşkil olunub. Bu il keçirilən tədbir isə iyirmi birincidir. Bu gün keçirilən seminar-treninqdə əsas məqsəd muzey bələdçilərinin peşəkarlığının artırılmasına, onların nəzəri və praktik biliklərinin yüksəldilməsinəmetodik köməklik göstərilməsindən ibarətdir.

Qeyd olunub ki, keçirilən seminar-treninqlərdə muzey bələdçiləri vəzifə funksiyalarını dərindən öyrənməyə səy göstərməklə yanaşı, muzey işi haqqında ətraflı məlumat əldə etmiş olurlar. Eyni zamanda, seminar-treninqlər muzey işçilərinin muxtar diyarımızın bütün bölgələrində yerləşən muzeylərlə tanış olmalarına şərait yaratmaq baxımından da əhəmiyyətlidir. Belə tədbirlərdə muzey bələdçilərinə bu sahədə həyata keçirilən yeniliklərdən söhbət açılır, onların sualları cavablandırılır.

Bildirilib ki, muxtar respublikamızda muzey fəaliyyətinin yüksək səviyyədə təşkil edilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Görülən işlər muzey işçiləri qarşısında mühüm vəzifələr qoyur. Bu gün muzeylərimizdə hazırlıqlı, bilikli, xarici dilləri bilən, çalışdığı mədəniyyət ocağı haqqında, oradakı hər bir eksponat haqqında müfəssəl məlumata malik və ekspozisiyada nümayiş etdirilən eksponatların müqayisəli təhlilini apara bilən bələdçilərin olması çox vacibdir. Muzey bələdçisi muzeylərə eksponat toplanması işinə də öz töhfəsini verməyə çalışmalıdır. Bunlarla yanaşı, muzey bələdçisi muzeyi ziyarətə gələn insanlarla davranış qaydalarına ciddi əməl etməli, onlara nəzakət göstərməli, özünün geyim tərzi, intellektual dünyagörüşü ilə muzeyə gələnlərdə xoş təəssürat yaratmalıdırlar. Muzey bələdçiləri muzey işi və muxtar respublikada gedən yeniliklərdən xəbərdar olmalı, ziyarətçilərin suallarını diqqətlə dinləyib elmi əsaslarla və tarixi faktlarla cavablandırmağıbacarmalıdırlar. Bütün bu sadalanan vəzifələrin öhdəsindən layiqincə gəlinməsində təcrübə mübadiləsinə imkan verən seminar-treninqlərin keçirilməsi böyük əhəmiyyət kəsb etməkdədir.

Tədbirdə Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin direktoru Səyyar Məmmədov “Naxçıvan xanlığı və onun idarə olunması” mövzusunda çıxış edərək bildirib ki, Naxçıvan xanlığının ərazisi Zəngəzur dağlarından xeyli şimalda olan Kəngərli çayından başlamış Araz çayı vadisinə qədər ərazidə yerləşən bir sahəni əhatə edirdi. Naxçıvan xanlığı yarandığı ilk gündən onun yaradıcısı Herdərqulu xan xanlığın müstəqilliyini qorumaq üçün özünə hərbi müttəfiqlər axtarırdı və başqa xanlıqlarla dostluq münasibətləri yaradırdı. Qeyd edilib ki, Naxçıvan xanlığının ərazisi, qoşunu, pul vahidi, özünəməxsus xarici, daxili siyasəti, müstəqil dövlətə məxsus atributları olmuşdur. Naxçıvan xanlığının dövlət aparatı digər Azərbaycan xanlıqları kimi Səfəvi dövlət aparatının sadələşdirilmiş sistemi əsasında təşkil olunmuşdu. Xanlığın bayrağı, inzibati ərazi bölgüsü, pulu və qoşunu var idi ki, bu da idarəetmə üçün əsas atributlar idi.

Sonra muzeyin ekspozisiyasına baxış olub, ekskursiya müzakirə edilib.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, bələdçi mətninə və bələdçinin etik davranış qaydalarına dair metodik tövsiyələr verilib. 

00238006
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
259
417
676
8379
238006

Tarix: 19-06-2018
Biz, sosial şəbəkələrdə: