"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

İfaçılıq müsabiqəsində fərqlənən kollektivlərin yekun konserti olub

Naxçıvan Dövlət Uşaq Teatrında “Rəqs kollektivlərinin ifaçılıq müsabiqəsi” iştirakçılarının yekun konserti olub.

Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası mədəniyyət və turizm naziri Natəvan Qədimova bildirib ki, mədəniyyətimizin bütün sahələri kimi, milli rəqslərimizin təbliği və yaşadılması istiqamətində muxtar respublikada müxtəlif mədəni tədbirlər həyata keçirilməkdədir. Peşəkar rəqs kollektivləri üçün milli geyim dəstlərinin alınması, onların maddi-texniki bazalarının yaxşılaşdırılması daim dövlətimizin diqqət mərkəzindədir. 

Qeyd olunub ki, milli rəqslərimizin təbliği, istedadlı ifaçıların aşkara çıxarılması, onların yaradıcılıq potensialının düzgün istiqamətləndirilməsi, eləcə də 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı seçilmiş Naxçıvan şəhərində təşkil olunacaq tədbirlərə hazırlıq məqsədilə keçirilən müsabiqənin əsasnaməsi, təşkilat komitəsinin və münsiflər heyətinin tərkibi təsdiq edilib. “Rəqs kollektivlərinin ifaçılıq müsabiqəsi”nə bu ilin noyabr ayında start verilib, yerlərdə müsabiqənin seçim turu keçirilib. Əsasnaməyə uyğun olaraq, müsabiqəyə qeyri-peşəkar rəqs kollektivləri qatılıblar. Seçim turunda 22 kollektiv iştirak edib, nəticələrə əsasən 11 kollektiv əsas turda iştirak hüququ qazanıb. Bu turda rəqs kollektivlərinin ifaları yallı və rəqs ifaçılığı olmaqla, iki nominasiya üzrə müvafiq meyarlar əsas götürülməklə on ballıq sistem üzrə qiymətləndirilib və mükafatlandırılıb.

Nazir müsabiqədə iştirak etmiş bütün kollektivlərə və onların rəhbərlərinə öz təşəkkürünü bildirib, qalib kollektivləri təbrik edib, onlara uğurlar arzulayıb. 

Əvvəlcə nazir müsabiqədə ifaları ilə fərqlənən kollektivləri Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm ­Nazirliyinin fəxri fərmanı ilə təltif edib. Müsabiqədə yallı və rəqs nominasiyaları üzrə qalib olmuş kollektivlər diploma layiq ­görülüblər. 

Sonda I yerin qalibləri elan olunaraq səhnəyə dəvət edilib. Rəqs üzrə Culfa Şəhər “Gülüstan” Mədəniyyət Evinin “Gülüstan” rəqs kollektivi, yallı üzrə Şərur Rayon Mədəniyyət Evinin “Şərur qönçələri” uşaq yallı ansamblı I yerlərin diplomuna layiq görülüblər.

Tədbirin bədii hissəsində qalib və fərqlənən kollektivlərin ifasında yallı və rəqslər ifa olunub.

 

00238005
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
258
417
675
8378
238005

Tarix: 19-06-2018
Biz, sosial şəbəkələrdə: