"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Ustad dərsləri davam etdirilir

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində məktəbin müəllim və şagirdləri üçün ustad dərsləri keçilib.

Dərslər başlanmazdan əvvəl Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Leyla Əlimərdanova bildirib ki, bu dərslərin keçirilməsində əsas məqsəd tədrisin keyfiyyətinin yüksəldilməsinə, şagirdlərin bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsinə nail olmaqdır.

Sonra muxtar respublikanın tanınmış müəllim və musiqiçilərindən tar ixtisası üzrə Naxçıvan Muxtar Respublikasının  Əməkdar müəllimi Dünyamalı Abdullayev, fortepiano ixtisası üzrə Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Nərminə Qədimova, qanun ixtisası üzrə Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Məhəbbət Babayeva, kamança ixtisası üzrə Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisiMahirə Məmmədova, skripka ixtisası üzrə Naxçıvan Musiqi Kollecinin müəllimi İlahə Əliyeva, qarmon ixtisası üzrə Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi İsa Əliyev müəllim və şagirdlərə ustad dərsi keçiblər.

Dünyamalı Abdullayevustad dərsdəbildirib ki,tar Azərbaycan xalqının qədim musiqi alətidir. Müəllim tədris prosesində tar musiqi alətində çalmağı öyrədərkən şagirdə təcrübə vərdişlərini də aşılamalı, fərdi xüsusiyyətlərini nəzərə alaraq onlara yaradıcı mövqedən yanaşmalıdır. Müəllim tar tədrisinin metodikasını dərindən bilməlidir.

Fortepiano ixtisası üzrə ustad dərsi aparan Nərminə Qədimova bildirib ki, tədris prosesində əsərlərin ifası zamanı intonasiya, fraza, fikir, obraz, dramaturgiya və başqa bədii ifadə vasitələrini düzgün yerinə yetirmək lazımdır. Pianoçular həm də ifa etdikləri musiqilərin janrları, üslublarına bələd olmalıdırlar.

Qanun ixtisası üzrə ustad dərsi keçən Məhəbbət Babayeva bildirib ki, şagirdin bir musiqiçi kimi yetişməsində ixtisas müəlliminin çox böyük rolu vardır. Müəllimin ən ümdə vəzifələrindən biri də şagirdə seçdiyi aləti sevməyi aşılamaq və onun formalaşmasına diqqət yetirməkdir.

Kamança ixtisası üzrə ustad dərsində Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət artisti Mahirə Məmmədova bu qədim musiqi alətimiz haqqında geniş məlumat verərək onun yaradıcılıq imkanlarını izah etdikdən sonra kamançada ifa olunan əsərlər haqqında şagirdləri məlumatlandırıb. Qeyd edilib ki, bir sıra milli misiqi alətləri kimi kamançada da şagirdə təcrübə vərdişləri aşılamaq və onlara kamança alətinə uyğun əsərlər çaldırmağı aşılamaq lazımdır.

Skripka ixtisası üzrə ustad dərsi keçən İlahə Əliyeva isə bildirmişdir ki, bu dərslərin tədrisi zamanı şagirdlərin kollektiv və ya fərdi ifaya üstünlük vermələri də nəzərə alınmalıdır. Skripka ifası zamanı ifa olunan əsərlər qarşısında qoyulan tapşırıq və tələblər dəqiqliklə yerinə yetirilməlidir. Şagird əsərləri forma, üslub, faktura və ifaçılıq baxımından  təhlil etməyi bacarmalı, notu üzdən oxuma səviyyəsi tələb olunan vəziyyətdə olmalıdır.

Qarmon ixtisası üzrə ustad dərsi aparan İsa Əliyev bildirib ki, qarmon musiqi alətinin özünəməxsus ifa imkanları vardır. Müəllim şagirdə bu musiqi alətinin texniki imkanlarını izah etməklə yanaşı onda musiqi vərdişi də aşılamalıdır.

Ustad dərsləri başa çatdıqdan sonra müəllim və şagirdləri maraqlandıran suallar cavablandırılıb.

00279584
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
159
319
2497
10672
279584

Tarix: 23-09-2018
Biz, sosial şəbəkələrdə: