"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Bəhruz Kəngərli yaradıcılığına aid 3 orijinal rəsm əsəri muzeyə təqdim olunub

Bəhruz Kəngərlinin 3 orijinal rəsm əsəri muzeyə təqdim olunubFevralın 2-də Azərbaycan Milli İncəsənət Muzeyi tərəfindən görkəmli rəssam Bəhruz Kəngərli yaradıcılığına aid olan üç rəsm əsərinin Naxçıvan şəhərindəki Bəhruz Kəngərli Muzeyinə daimi olaraq təhvil verilməsi ilə əlaqədar təqdimat mərasimi keçirilib. 

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova bildirib ki, Azərbaycanda realist rəssamlığın əsasını qoyan Bəhruz Kəngərli incəsənətimizdə realist dəzgah boyakarlığının təşəkkülü, portret və mənzərənin müstəqil janr kimi formalaşmasında mühüm rol oynayıb. Onun yaratdığı rəsmlər, portretlər, mənzərələr, natürmortlar, süjetli kompozisiyalar, teatr dekorasiyaları, karikaturalar, qrafik əsərlər bunun gözəl nümunəsidir. Bu əsərlərin sayı 2000-ə yaxın olsa da, bu günə yalnız 500-ə qədəri gəlib çatıb.

Vurğulanıb ki, görkəmli sənətkarın sənət dünyasına, əbədiyaşar yaradıcılığına onun doğulub boya-başa çatdığı doğma Vətənində daim yüksək diqqət və qayğı göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Bəhruz Kəngərlinin adının əbədiləşdirilməsi haqqında” 2001-ci il 15 fevral tarixli Sərəncamına əsasən Bəhruz Kəngərlinin Naxçıvan şəhərindəki məzarüstü abidəsi bərpa edilib, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 1972-ci ildən fəaliyyət göstərən Sərgi Salonuna rəssamın adı verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il 22 may tarixli Sərəncamı ilə Bəhruz Kəngərli Muzeyi yaradılıb. Rəssamın Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılan 200-ə yaxın əsərinin orijinalları və yüksəkkeyfiyyətli surətləri çıxarılaraq muzeyə gətirilib. Hazırda muzeyin fondunda, ümumilikdə, 1214 eksponat vardır ki, bunlardan 384-ü ekspozisiyada sərgilənir. Bu əsərlərdən 58-i orijinaldır. Həmin əsərlərin 33 ədədi sulu boya, 5 ədədi yağlı boya, 4 ədədi tuş, 7 ədədi karandaş, 9 ədədi isə kömürlə çəkilib. 

Nazir çıxışının sonunda qeyd edib ki, Bəhruz Kəngərli Muzeyinin ekspozisiyasının zənginləşdirilməsi məqsədilə görkəmli rəssamın 3 əsəri Azərbaycan Milli İncəsənət Muzeyindən gətirilərək muzeyimizə təqdim edilib. Rəsmlər sulu boya, tuşla çəkilib. Bunlardan 2-si uşaq portreti, digəri isə “Bağda qovaq ağacı” adlı mənzərə janrında olan rəsm əsərləridir. Rəssamın həyatının son illərində çəkilmiş bu əsərlər dəyərli sənət nümunələridir. 

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva “Bəhruz Kəngərlinin həyat və yaradıcılığı” mövzusunda çıxış edərək bildirib ki, Vətəninin başına gətirilən müsibətli hadisələr onun fırçasından kənarda qalmayıb. Rəssamın böyük qəlb ağrısı ilə yaratdığı, “Qaçqınlar” silsiləsinə daxil olan əsərlər bu gün də insanları düşündürür. Bu əsərlərdə mənfur ermənilərin törətdikləri vəhşiliklər sənətkarlıqla təsvir edilib.

Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəli muzeylərə göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə muzey əməkdaşları adından minnətdarlıq edib.

Bəhruz Kəngərli irsinin tədqiqatçısı, sənətşünas Nizami Alıyev Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda saxlanılan Bəhruz Kəngərlinin əsərləri, eyni zamanda muzeyə verilən üç əsər haqqında məlumat verib.

Sonda muzeyin ekspozisiyasına baxış olub.

00225643
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
410
491
901
10240
225643

Tarix: 22-05-2018
Biz, sosial şəbəkələrdə: