"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Muxtar respublikanın yaradılmasının 94-cü ildönümünə həsr olunmuş konsert olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan mədəniyyət müəssisələri tərəfindən əlamətdar günlərlə bağlı müxtəlif tədbirlərin, konsert proqramlarının təşkil edilməsi davam etdirilir.

Fevralın 9-da Culfa Rayon Mədəniyyət Evində Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin Naxçıvan Muxtar Respublikasının yaradılmasının 94-cü ildönümünə həsr olunmuş konserti təşkil edilib. Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestri konsert proqramı ilə tədbir iştirakçılarına xoş ovqat bəxş edib. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 10 yanvar tarixli Sərəncamı ilə yaradılan bu musiqi kollektivi qısa vaxtda estrada həvəskarlarının rəğbətini qazanıb. Bu musiqi kollektivinin fəaliyyəti üçün lazımi şərait yaradılıb. Orkestrin musiqiçiləri və solistləri üçün geyim dəstləri hazırlanıb, musiqi alətləri alınaraq kollektivin istifadəsinə verilib. Kollektiv rəngarəng repertuarı ilə ictimaiyyət qarşısında müntəzəm çıxış etməkdədir. Orkestrin bədii rəhbəri Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Nizami Məmmədovdur.

Kollektivin tanınmış solistlərindən Azərbaycan Respublikasının əməkdar artistləri Tural Nəcəfov, Gülyanaq Fərzəliyeva, Naxçıvan Muxtar Respublikasının əməkdar artistləri Yaşar Qurbanov, Elçin Nağıyev, Qəribə Həsənova, Azər Cəfərli, gənc müğənni İlkin Abdullayevin ifa etdikləri estrada mahnıları tamaşaçılarda xoş əhval-ruhiyyə yaradıb. Onların ifasında səslənən Tofiq Quliyevin “Sən mənim, mən sənin”, “Badamlı”, “Zibeydə”, Nəriman Məmmədovun “Naxçıvanım”, Emin Sabitoğlunun “Ötən günlərim”, Nəriman Əzimovun “Mənə dəniz verin”, Vasif Adıgözəlovun “Mahnı”, Elza İbrahimovanın “Sən yadıma düşəndə” və başqa estrada, vətənpərvərlik ruhlu “Vətən”, “Gənclik nəğməsi”, “And içirik” mahnıları konsertə gələnlər tərəfindən alqışlarla qarşılanıb.

Konsertdə estrada mahnıları ilə bərabər, Azərbaycan bəstəkarlarından Eldar Mansurovun, dünya musiqisinin görkəmli sənətkarları Vittorio Monti, Skot Choplin və başqalarının marş, vals, caz, rəqs musiqi janrında yazdığı melodiyalar da səsləndirilib.

Konsert Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Elçin Nağıyevin ifasında Səməd Əsgərovun “Ulu yurdum” mahnısı ilə başa çatıb.

Estrada Orkestrinin konserti rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.

 

00250635
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
185
534
1492
7502
250635

Tarix: 19-07-2018
Biz, sosial şəbəkələrdə: