"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Tullantılara yeni həyat bəxş edilərsə

Culfa Rayon Mədəniyyət Evinin mədəni-kütləvi tədbirlər üzrə təşkilatçısı Gülnisə Quliyevanın hazırladığı əl işləri emosional təsiri, özünəməxsusluğu ilə elə ilk baxışdan insanı özünə cəlb edir. 

O, əl işləri ilə bağlı düşüncələrini bizimlə paylaşdı. Həmsöhbətimiz dedi ki, onda dekorativ-tətbiqi sənətə həvəs uşaqlıq illərində yaranıb, balaca yaşlarından tikmə, toxuma və digər sənət növləri ilə məşğul olub. Onun dediklərindən: “Uşaq çağlarımda nənəm qonşularla birgə evimizdə xalça toxuyardı. Gözümün önündə cərəyan edən bu proseslər vaxt ötdükcə məndə də bu işə maraq yaradırdı. Nənəm mənim bu işlərə həvəs göstərdiyimi görüb xalça toxumaq haqqında danışar, bəzən ­sülünü mənə uzadıb: “Bala, sən də bir az toxu, görüm bacarırsanmı?” – deyərdi. Təbii ki, işə o qədər bələd olmadığımdan ilmələrin yerini səhv salardım. Sonralar dekorativ-tətbiqi sənətin digər növləri ilə də maraqlandım. Hədsiz həvəsim məndə tullantılarla bağlı nəsə hazırlamaq fikrini ortaya çıxardı. Onu da deyim ki, tullantılardan sənət əsəri yaradan insanlar haqqında kifayət qədər məlumatım var idi. Bu işə yiyələnmək o qədər də asan olmadı.

İlk vaxtlar ətrafımdakı insanlar mənə soyuq münasibət bəslədi. Onlar mənə: “Ay bala, get özünə sənət tap, bu nə işdi axı?” – deyirdilər. Ancaq həvəs və inadım güclü olduğundan bu sözlərə məhəl qoymadım. Ən gözəl çıxış yolu maraqlı əl işləri hazırlayıb deyilən sözlərin yanlış olduğunu ortaya çıxarmaq idi. Elə düşündüyüm kimi də oldu. Düzəltdiyim balaca əl işləri ilə onları təəccübləndirə bildim. Bir vaxtlar bu işə laqeyd yanaşan insanlar indi əl işlərimə heyranlıqla tamaşa edir, hətta alıb evlərinə aparırlar”.

Müsahibim deyir ki, insanların çoxu tullantıya lazımsız əşya kimi yanaşsa da, bəziləri onlara yeni həyat bəxş etməyi bacarır. Əldə etdiyim köhnə metallarla müxtəlif əl işləri yaradıram. Bu, onu göstərir ki, tullantı məhsullarını sənət əsərinə çevirmək insanın öz əlindədir. Artıq illərdir ki, tullantı materialları üzərində çalışır, gözoxşayan işlər görürəm. İstər tablolar, istərsə də suvenirlər hazırlamaq mənə xüsusi zövq verir. Düşünəndə ki, ayaq altında olan hansısa bir daş, çürümüş ağac, atılmaqda olan hər hansı bir əşyanı dəyərləndirir, onu yenidən insanlar üçün faydalı bir əşyaya çevirə bilirsən, öz əl əməyinlə hansısa guşəni gözəlləşdirirsən, bunun özü mənə xüsusi sevinc bəxş edir. Gülnisə Quliyeva bildirdi ki, əl işi yaratmağı öyrənmək üçün ona müraciət edənlər də az deyil. Bu məqsədlə Culfa Rayon Mədəniyyət Evində “Məişət tullantılarından əl işlərinin hazırlanması” dərnəyi təşkil olunub. 

Şagirdləri ilə birlikdə həvəslə çalışan Gülnisə xanım ətraf mühitin mühafizəsi ilə bağlı yeni layihələrlə də çıxış etmək arzusundadır. Biz də ona bu işdə uğurlar arzulayırıq.

 Nail ƏSGƏROV

00181382
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
242
328
3239
8077
181382

Tarix: 19-02-2018
Biz, sosial şəbəkələrdə: