"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“Gənclik” instrumental ansamblının konserti olub

Martın 2-də Babək Rayon Mədəniyyət Evində Naxçıvan Musiqi Kollecinin “Gənclik” instrumental ansamblının konserti olmuşdur.

Qeyd edək ki, kollecdə milli musiqi alətlərimizin və xalq mahnılarımızın yaşadılması, eləcə də klassik və müasir dünya bəstəkarlarının öyrənilməsi, gənc musiqiçi kadrların yetişdirilməsi sahəsində uğurlar əldə edilib. Musiqi Kollecinin məzunları ölkəmizin mədəniyyət müəssisələrində, uşaq musiqi məktəblərində çalışaraq musiqi mədəniyyətimizə xidmət göstərirlər. Kollec təhsil müəssisəsi kimi fəaliyyəti ilə bərabər, həm də respublika üzrə keçirilən mötəbər tədbirlərdə, el şənliklərində konsert proqramları ilə çıxış edir. 40 ildən artıqdır ki, kollecdə müxtəlif musiqi kollektivləri də yaradılıb. “Gənclik” instrumental ansamblı da bu kollektivlərdən biridir. Kollektivin üzvləri Azərbaycan bəstəkarlarının mahnılarından ibarət maraqlı konsert proqramı ilə ictimaiyyət qarşısında çıxış edirlər. Gənc istedadlar musiqi sənətimizi təbliğ etməklə yanaşı, keçirilən müsabiqələrdə də fəal iştirak edirlər. Ansamblda yeni istedadların kollektivə cəlb edilməsi və repertuar zənginliyinə diqqət əsas məsələlərdəndir. Hazırda kollektiv qarşıdan gələn Novruz şənliklərinə yeni repertuar hazırlayır. “Gənclik” instrumental ansamblınınNaxçıvan Dövlət Televiziyasındakı çıxışları da maraqla qarşılanır. Ansamblın bədii rəhbəri Sahil Qasımovdur.

Konsertdə əvvəlcə ansamblın ifasında şən musiqi kompozisiyası səslənmişdir. Sonra ansamblın müşayiəti ilə gənc müğənni Samir İsmayılovun ifasında Nəriman Məmmədovun “Qəlbimdə qaldı hicran”, Emin Sabitoğlunun “Şirin dil”, “Al məndən”, Tofiq Quliyevin “Nargilə” mahnıları konsertin tamaşaçılarında xoş ovqat yaradıb.

“Gənclik” instrumental ansamblının solisti İlkin Abdullayev Ələkbər Tağıyevin “Sənin gülüşün”, Elza İbrahimovanın “Təki sən səslə məni”, İbrahim Topçubaşovun “Nə bəxtiyardır” lirik və şən mahnılarını ifa edib.

Sonda konsert şən və hərəkətli musiqi kompozisiyasını musiqisevərlərə təqdim edib.

Konsert rayon sakinlərində xoş ovqat yaradıb.

00239197
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
54
515
1867
9570
239197

Tarix: 22-06-2018
Biz, sosial şəbəkələrdə: