"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyində muzey bələdçiləri üçün seminar-treninq keçirilib

Martın 6-da Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyində muzey bələdçiləri üçün seminar-treninq keçirilib.

Nazirliyin sisteminə daxil olan muzeylərin bələdçilərinin iştirak etdiyi tədbirin məqsəd və əhəmiyyətindən danışan nazirliyin mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Əsədova “Muzey bələdçisinin davranış qaydaları” mövzusunda çıxış edərək bildirib ki, muxtar respublikada müxtəlif profilli muzeylər fəaliyyət göstərir. Muzeylərə bu gün xüsusi diqqət göstərilir, onların maddi-texniki bazası gücləndirilir, əməkdaşların peşəkarlıq səviyyəsi yüksəldilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamından sonra muzeylərin ziyarətçilərinin sayında əhəmiyyətli dərəcədə artım müşahidə olunur. Bu isə öz növbəsində muzey işçilərinin, muzey bələdçilərinin daha fəal və daha məsuliyyətlə çalışmalarını, həmçinin eksponatların təqdimatında səlis və anlaşıqlı nitq qabiliyyətinin inkişaf etdirilməsini zəruri edir.

“2015-ci ildən etibarən seminar-treninqlər vasitəsilə muzey bələdçilərinin muxtar respublikanın müxtəlif bölgələrində yerləşən muzeylərlə tanışlığı təmin edilir”, – deyən Qumral Əsədova vurğulayıb ki, ötən illərdə muxtar respublikanın muzey şəbəkələri üçün 30-dan çox belə tədbir təşkil olunub. Bu il keçirilən tədbir isə dördüncüdür. Bu gün keçirilən seminar-treninqdə əsas məqsəd muzey bələdçilərinin peşəkarlığının artırılmasına, onların nəzəri və praktik biliklərinin yüksəldilməsinə metodik köməklik göstərilməsindən ibarətdir.

Qeyd olunub ki, keçirilən seminar-treninqlərdə muzey bələdçiləri vəzifə funksiyalarını dərindən öyrənməyə səy göstərməklə yanaşı, muzey işi haqqında ətraflı məlumat əldə etmiş olurlar. Eyni zamanda, seminar-treninqlər muzey işçilərinin muxtar diyarımızın bütün bölgələrində yerləşən muzeylərlə tanış olmalarına şərait yaratmaq baxımından da əhəmiyyətlidir. Belə tədbirlərdə muzey bələdçilərinə bu sahədə həyata keçirilən yeniliklərdən söhbət açılır, onların sualları cavablandırılır.

Bildirilib ki, muxtar respublikamızda muzey fəaliyyətinin yüksək səviyyədə təşkil edilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Görülən işlər muzey işçiləri qarşısında mühüm vəzifələr qoyur. Bu gün muzeylərimizdə hazırlıqlı, bilikli, xarici dilləri bilən, çalışdığı mədəniyyət ocağı haqqında, oradakı hər bir eksponat haqqında müfəssəl məlumata malik və ekspozisiyada nümayiş etdirilən eksponatların müqayisəli təhlilini apara bilən bələdçilərin olması çox vacibdir. Muzey bələdçisi muzeylərə eksponat toplanması işinə də öz töhfəsini verməyə çalışmalıdır. Bunlarla yanaşı, muzey bələdçisi muzeyi ziyarətə gələn insanlarla davranış qaydalarına ciddi əməl etməli, onlara nəzakət göstərməli, özünün geyim tərzi, intellektual dünyagörüşü ilə muzeyə gələnlərdə xoş təəssürat yaratmalıdırlar. Muzey bələdçiləri muzey işi və muxtar respublikada gedən yeniliklərdən xəbərdar olmalı, ziyarətçilərin suallarını diqqətlə dinləyib elmi əsaslarla və tarixi faktlarla cavablandırmağıbacarmalıdırlar. Bütün bu sadalanan vəzifələrin öhdəsindən layiqincə gəlinməsindətəcrübə mübadiləsinə imkan verən seminar-treninqlərin keçirilməsi böyük əhəmiyyət kəsb etməkdədir.

Tədbirdə Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin direktoru Səyyar Məmmədov “İslam mədəniyyəti və milli dəyərlər” mövzusunda çıxış edərək bildirib ki, qədim Azərbaycan mədəniyyəti islam mədəniyyət ilə sintez təşkil edərək onun bir hissəsinə çevrilmiş, tarix boyu milli və mənəvi dəyərlərin yaşadılmasında əhəmiyyətli rol oynamışdır. Müasir dövrümüzdə mədəniyyətlərarası dialoq, mədəni inteqrasiya daha irəli gedərək nəinki bir-birini tanımaq, eyni zamanda bir-birinin mədəniyyətinə bələd olmaq baxımından xüsusi əhəmiyyətə malikdir. Bu gün ölkəmizdə islam dəyərləri və milli dəyərlər yaşadılır. Eyni zamanda ölkəmizdə multikutural dəyərlərin qorunması istiqamətində də mühüm işlər həyata keçirilir.

Sonra muzeyin ekspozisiyasına baxış olub, ekskursiya müzakirə edilib.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, bələdçi mətninə və bələdçinin etik davranış qaydalarına dair metodik tövsiyələr verilib.

00279593
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
168
319
2506
10681
279593

Tarix: 23-09-2018
Biz, sosial şəbəkələrdə: