"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvan Dövlət Filarmoniyasına alınmış yeni avadanlıqların təqdimatı olub

Martın 9-da Naxçıvan Dövlət Filarmoniyası üçün alınmış yeni səs avadanlıqlarının təqdimat mərasimi olmuşdur.

Təqdimat mərasimində Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikasında milli musiqimizin inkişafına hərtərəfli dövlət qayğısı göstərilir. Muxtar respublika mədəniyyəti özünün yeni inkişaf dövrünü yaşayır. Bu yüksəliş fonunda milli musiqi sənətinin də inkişafı təmin edilmişdir. Son illər Naxçıvan şəhərində, rayon mərkəzlərində və kəndlərdə yeni musiqi məktəbləri tikilib istifadəyə verilmiş, Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının, Naxçıvan Musiqi Kollecinin maddi-texniki bazası gücləndirilmişdir.

Qeyd edilib ki,35 ilə yaxın fəaliyyət göstərən muxtar respublikanın ən böyük musiqi kollektivi olan Naxçıvan Dövlət Filarmoniyasının tarixi 1955-ci ildən Naxçıvan Dövlət Radio Komitəsinin nəzdində yaradılmış xalq çalğı alətləri ansamblından başlayır. 1959-cu ildən Naxçıvan Dövlət “Araz” Mahnı və Rəqs Ansamblı kimi fəaliyyətinə davam etmiş, 1983-cü ildən isə “Araz” Mahnı və Rəqs Ansamblının bazası əsasında Naxçıvan Dövlət Filarmoniyası kimi formalaşmışdır. Hazırda filarmoniyada 5 kollektiv fəaliyyət göstərir.Bu gün filarmoniyada geniş ictimaiyyətin rəğbətini qazanmış 200-ə yaxın musiqiçi və sənət adamı fəaliyyət göstərir.

Filarmoniyanın musiqi kollektivlərinin repertuarında Azərbaycan xalq mahnıları və rəqsləri, təsniflər, bəstəkar mahnıları, Azərbaycan klassik bəstəkarlarının musiqi əsərləri, estrada mahnıları, Avropa bəstəkarlarının klassik musiqi əsərləri əsas yer tutur. Bu illər ərzində kollektivlərə istedadlı gənclər cəlb edilmişdir.

Naxçıvan Dövlət Filarmoniyasında çalışan musiqiçi, müğənni, xanəndə və rəqqasların yaradıcılığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, onlar Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, Prezident mükafatlarına layiq görülmüş, əmək haqları artırılmışdır. Naxçıvan Dövlət Filarmoniyasının musiqi kollektivləri, solistləri müxtəlif illərdə bir çox ölkələrdə qastrol səfərlərində olmuş, konsert proqramları ilə çıxış etmişlər.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin diqqət və qayğısı ilə musiqi kollektivlərinə, folklor ansambllarına geyim dəstlərinin, paltarlarının, musiqi alətlərinin, musiqi texnikasının təqdimat mərasimlərinin keçirilməsi ənənəyə çevrilmişdir. Naxçıvan Dövlət Filarmoniyasına son illər ərzində xarici ölkə istehsalı olan müxtəlif Avropa musiqi alətləri və milli musiqi alətləri verilmiş, musiqi kollektivləri və solistləri geyim dəstləri ilə təmin edilmişlər.

Bu gün muxtar respublikanın tanınmış musiqi kollektivlərindən olan Naxçıvan Dövlət Filarmoniyasına 18 adda müxtəlif sayda ABŞ istehsalı olan son texnologiya səs avadanlığı və texnikası təqdim olunur. Bunların içərisində 4 hissəli səs gücləndirici mixer, əlavə səs gücləndirici vasitə, səs dalğalarındakı tezlikləri tənzimləmək üçün avadanlıq, aşağı səs frekanslarını dəqiq çatdırmaq cihazı, müxtəlif növ simli və simsiz mikrofonlar, səs gücləndirici avadanlıqlar, müxtəlif ölçülü və markalı kabellər və başqa avadanlıqlar var.Təqdim olunan bütün bu səs avadanlıqları filarmoniyanın maddi-texniki bazasını möhkəmləndirməklə konsertlərin yüksək səviyyədə keçirilməsinə imkan verəcəkdir

Nazir çıxışının sonunda bu münasibətlə filarmoniya kollektivini təbrik etmiş, onlara yaradıcılıq uğurları arzulamış və göstərilən diqqət və qayğıya görə bütün mədəniyyət işçiləri adından Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Sədrinə dərin minnətdarlığını bildirmişdir.

Tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Əsgərov, Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin bədii rəhbəri və dirijoru, Azərbaycan Respublikasının Xalq artisti Çingiz Axundov, Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və dirijoru, Azərbaycan Respublikasının Əməkdar artisti Elman Əliyev çıxış edərək göstərilən qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə kollektiv adından dərin minnətdarlıq duyğularını  ifadə etmişlər. Çıxışlarda bildirilmişdir ki, filarmoniyaya təqdim olunan bu səs avadanlıqları açıq havada və qapalı konsert salonunda musiqinin tamaşaçıya keyfiyyətlə, həm də səsləndiyi kimi çatdırılmasına kömək edəcəkdir. Bu avadanlıqlar həm də açıq hava konsertlərində musiqi texnikasının asanlıqla quraşdırılmasına imkan verəcəkdir.

00262049
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
51
503
1370
6144
262049

Tarix: 16-08-2018
Biz, sosial şəbəkələrdə: