"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“Naxçıvan qədim oğuz yurdudur” mövzusunda tədbir keçirilib

Martın 9-da Kəngərli Rayon Mədəniyyət Evində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018” devizi altında Kəngərli Rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində olan müəssisələrin gəncləri üçün “Naxçıvan qədim oğuz yurdudur” mövzusunda tədbir keçirilib.

Tədbirdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təhsil müəssisələri ilə iş üzrə baş məsləhətçisi Kənan Tağızadə çıxış edərək bildirib ki, belə tədbirlərin keçirilməsində əsas məqsəd muxtar respublikamızın mədəniyyətini və turizm potensialını gənclərə tanıtmaqdır. Bu tədbirlər həm də gənclərin imkanlarından istifadə etməklə qədim diyarımızın mədəniyyəti, tarixi abidələrini, turizm imkanlarını geniş təbliğ etməkdir.

Qeyd olunub ki, son illər muxtar respublikamızda mədəniyyətin inkişafı, tarix və mədəniyyət abidələrinin bərpası, təmiri, turizmin inkişafı üçün böyük işlər görülüb, mühüm dövlət sənədləri imzalanıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 31 yanvar 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı” bu sahəyə diqqət və qayğının ifadəsi olmaqla qarşımızda geniş imkanlar açır.

Vurğulanıb ki, Naxçıvan şəhərinin 2018-ci il üçün Azərbaycanın Gənclər Paytaxtı seçilməsi də gənclərimizi mədəni və ictimai həyatda fəal olmağa ruhlandırmışdır. Gənclərimiz internetdə reallaşdırılan istənilən mədəniyyət və turizm layihəsini müəyyən olunmuş dəyərlərə istinad edərək həyata keçirməlidirlər. Öz ölkəsinin tarixini, mətbəxini, abidələrini, xalq yaradıcılığını təbliğ etmək mədəniyyətin və turizmin qarşısında duran mühüm vəzifələrdən biridir. Bu sahədə təbliğat işinin düzgün qurulmasında gənclər fəal iştirak etməlidirlər. Qədim diyarımızı təbliğ etmək, tanıtmaq üçün geniş imkanlarımız vardır.

Nazirliyin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzinin direktoru Səyyar Məmmədov “Naxçıvan qədim oğuz yurdudur” mövzusunda çıxışında qeyd edib ki, oğuz tayfaları Azərbaycan xalqının formalaşmasında fəal iştirak etmişdir. Bu günkü dilimiz də türk dillərinin oğuz dilləri qrupuna daxildir. Naxçıvanda qədim oğuzların toponimlərini yaşadan yerlər də mövcuddur. Qədim “Kitabi Dədə Qorqud” dastanlarında adı çəkilən yer adlarına Naxçıvan ərazisində də rast gəlinməsi bunu sübut edir. Son illər oğuz tayfalarının Naxçıvanda yaşaması ilə bağlı maraqlı tədqiqatlar aparılmış və kitablar yazılmışdır. Aparılan tədqiqatlar sübut edir ki, bu ərazidə qədimdən oğuz tayfaları məskunlaşmış və yaşamışlar. Tarixi mənbələrdə oğuzlar haqqında maraqlı mənbələrə rast gəlinir.

Tədbirin sonunda “Sarı gəlin” sənədli filmi nümayiş etdirilmişdir.

00226114
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
464
417
1372
10711
226114

Tarix: 23-05-2018
Biz, sosial şəbəkələrdə: