"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“Ac həriflər” tamaşası Kəngərli rayonunda göstərilib

Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrı görkəmli yazıçı və dramaturq Əbdürrəhim bəy Haqverdiyevin “Ac həriflər” birpərdəli vodevili əsasında hazır­lanmış tamaşanı Kəngərli rayonunun ictimaiyyətinə təqdim edib. 
Tamaşadan əvvəl Şərur Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Əli Qəmbərov çıxış edərək bildirib ki, 1938-ci ildə dram dərnəyi kimi fəaliyyətə başlayan Şərur Rayon Xalq Teatrı 1981-ci ildə xalq teatrı statusu alıb. Kollektiv müxtəlif illərdə “Solğun çiçəklər”, “Vaqif”, “Ölülər”, “Tamahkar”, “Rəhmə gəl, mələyim”, “Müsyö Jordan və Dərviş Məstəli şah”, “Qısqanc ər”, “Yuxu” və başqa səhnə əsərləri ilə tamaşaçıların görüşünə gəlib.

Xalq teatrı 2008-ci ildə Bakı şəhərində keçirilən xalq teatrlarının respublika müsabiqəsində “Müsyö Jordan və Dərviş Məstəli şah” tamaşası ilə II yerin diplomuna layiq görülüb. Teatr bu gün ilk dəfə olaraq Kəngərli Rayon Mədəniyyət Evinin səhnəsində görkəmli dramaturqumuz Əbdürrəhim bəy Haqverdiyevin “Ac həriflər” tamaşasını teatrsevərlərə təqdim edir. 1911-ci ildə yazılan “Ac həriflər” əsəri yetkin məzhəkədir.

Qeyd edək ki, tamaşada hadisələr tipik bir Azərbaycan şəhərindəki yeməkxanada, aşpaz Həsənin yeməkxanasında cərəyan edir. Həsən dayı (Neymət İslam­oğlu) və onun yeməkpaylayanı Zərbəli (Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Elçin Arzumanlı) bura gələn “ac həriflər”in kələyinin qurbanı olurlar. Yeməkxanaya gələn müxtəlif personaj və obrazlar böyük bəstəkarımız Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” komediyasındakı tipləri xatırladırlar. Məşhur komediyadakı qonaqlıq səhnəsindən fərqli olaraq buradakı tiplər yeməkxanada yediklərinin pulunu ödəmək əvəzinə müxtəlif kələk və fırıldaqlara əl ataraq aradan çıxmaq istəyirlər. Bəxtsiz Həsən dayı və Zərbəlinin acizliyi gülüş doğurur. Yeməkxanaya gələnlərin, məsələn, mühərrir Mirzə Mahmud (Məhərrəm Əbilsoy), aktyor Həsən (Nəsimi Məmmədzadə) və başqaları hərəsi bir sənətin sahibidirlər. Onlar yeyib əkilmək istəyirlər, çünki ciblərində pulları yoxdur. Tamaşaçı müxtəlif tiplərin dialoqlarında o dövrün gülüşdoğuran mənzərələrini öz gözü ilə görür. Tamaşada rol almış ak­tyorlar Çakər Məmmədov (Süleyman), Salman Şirəliyev (Əhməd), İlham Quliyev (Rza), Əfsər Novruzov (Lətif) bu tiplərin dinamik canlandırılmasına çalışırlar. “Ac həriflər” tamaşasında kütləvi səhnələrdə Aynur Cəfərova, Nilufər Əhmədova, Gülnar Quliyeva və Uğur Cəfərov rol alıblar. Quruluşçu rejissor Nəsimi Məmmədzadə musiqi və səhnə tərtibatını da öhdəsinə götürərək şən və komik bir tamaşa yaratmağa müvəffəq olub. 
Tamaşa Kəngərli rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.

00365129
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
56
382
1390
4273
365129

Tarix: 16-11-2019
Biz, sosial şəbəkələrdə: