"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Beynəlxalq Uşaq Kitabı Günü qeyd olunub

Aprelin 2-də M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında “2 aprel – Beynəlxalq Uşaq Kitabı Günü” ilə bağlı tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları uşaq kitablarından ibarət sərgi ilə tanış olublar.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Aygün Hüseynova qeyd edib ki, uşaq ədəbiyyatının inkişafında əvəzsiz rolu olan danimarkalı yazıçı Hans Xristian Andersenin anadan olduğu gün – 2 aprel tarixi 1967-ci ildən etibarən YUNESKO-nun Uşaq və Gənclər Ədəbiyyatı Şurasının təşəbbüsü ilə bütün dünyada “Beynəlxalq Uşaq Kitabı Günü” kimi qeyd olunur. Bildirilib ki, bu günün keçirilməsində məqsəd uşaqların intellektual inkişafında kitabın rolunu göstərmək, kitaba sevgi aşılamaq və diqqəti uşaq kitabının nəşrinə yönəltməkdir.

Bildirilib ki, kitab uşaqların intellektual inkişafında, nitq mədəniyyətinin formalaşmasında, uşaq təxəyyülünün genişləndirilməsində mühüm rola malikdir. Uşaqlarda mütaliə vərdişləri kiçik yaşlardan formalaşdırılmalıdır. Pedaqoqların apardığı araşdırmalar göstərir ki, yaxşı oxuma vərdişinin iki əsas şərti var. Bunlar oxumaq səbri və oxumaq zövqüdür. Oxumaq mədəniyyəti sayılan bu iki vərdiş ailədə və məktəbdə qazanılır. Ona görə də ailə və məktəbdə uşağın bu vərdişlərə yiyələnməsinə diqqət yetirilməlidir. Uşağın oxumaq zövqünə mədəni amillər mühüm təsir göstərir. Uşaqlar arasında kitab oxumağa həvəs fərqlidir. Belə ki, fitri istedada malik uşaqlar daha çox məlumat, bilik əldə etmək məqsədilə normal uşaqlarla müqayisədə iki, yaxud üç dəfə çox kitab oxuyurlar.

Araşdırmalar göstərir ki, uşaqlar əvvəlcə kitaba bir oyuncaq kimi yanaşaraq sadəcə kitabın səhifələrini vərəqləməklə əylənir, 2 yaşından etibarən uşaq rəsmlərdən ibarət olan, bez, yaxud qalın kardondan düzəldilmiş, əlində tuta biləcəyi kiçik kitabları sevir. 3-4 yaşlı uşaqlar isə daha çox onlara rəsmli nağıl kitablarının oxunmasını istəyirlər və beləliklə uşaqlarda kitaba və mütaliəyə maraq formalaşmağa başlayır.

Dünya və Azərbaycan uşaq ədəbiyyatının yaranması, inkişafı və nəşrindən də danışan Aygün Hüseynova deyib ki, XIX-XX əsrlər ölkəmizdə uşaq ədəbiyyatının inkişafı ilə xarakterizə olunur. Ötən əsrin əvvəllərində Mirzə Ələkbər Sabir, Abdulla Şaiq, Abbas Səhhət, Süleyman Sani Axundov, Cəlil Məmmədquluzadə, Sultanməcid Qənizadə və başqa görkəmli sənətkarlarımız həm də uşaqlar üçün gözəl əsərlər yazıblar.

Qeyd olunub ki, bu gün də ölkəmizdə uşaq kitablarının nəşrinə böyük diqqət yetirilir, uşaqlar üçün nəfis kitablar nəşr edilir. Muxtar respublikamızda da son illərdə uşaq kitablarının nəşrinə diqqət artırılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin kitabxanalara, kitab nəşrinə göstərdiyi qayğı muxtar respublikada uşaq ədəbiyyatı nəşrlərinin sayının artmasına səbəb olub. Son illər uşaq kitablarının nəşri ilə bağlı müəyyən işlər görülüb. “Uşaqlar və Günəş” kitabı muxtar respublika rəhbərinin qayğısı ilə işıq üzü görüb və ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Bundan başqa, uşaq ədəbiyyatının nümunələrini əks etdirən bir neçə kitab hazırlanaraq nəşr edilib. Bu sahədə işlər bu gündə davam etdirilir. Uşaqlar üçün hazırlanan kitabların mövzu müxtəlifliyi və tərtibatı da hər zaman yazıçı və şairlərimizi düşündürən məsələdir. Maraqlı illüstrasiyalarla, mövzu rəngarəngliyi ilə zəngin olan kitablar uşaqları daha çox cəlb edir.

Vurğulanıb ki, hazırda muxtar respublikada fəaliyyət göstərən A.Babayev adına Naxçıvan Muxtar Respublika Kitabxanası, eləcə də rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərinin uşaq şöbələri tərəfindən uşaqlarda kitaba marağın artırılması, onlarda mütaliə mədəniyyətinin formalaşdırılması və inkişafı üçün müxtəlif tədbirlər həyata keçirilir. Bu baxımdan Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Nağıl günü" layihəsi çərçivəsində keçirilən tədbirlər xüsusilə diqqəti cəlb edir. Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasına son illər çoxlu sayda uşaq kitabları daxil olmuşdur

Kitabın cəmiyyətdə rolu əvəzolunmazdır. Uşaq kitablarının balacaların əqli inkişafındakı rolu heç bir zaman əhəmiyyətini itirməyəcəkdir.

Tədbir başa çatdıqdan sonra uşaqlar arasında bilik yarışı keçirilib və qaliblər son illər dilimizdə nəfis şəkildə nəşr olunmuş dünya uşaq ədəbiyyatı nümunələrindən ibarət kitablarla mükafatlandırılıblar. Bilik yarışından sonra isə balaca oxuculara M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının hazırladığı “Ələddinin sehrli çırağı” tamaşası göstərilib.

00250845
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
7
388
1702
7712
250845

Tarix: 20-07-2018
Biz, sosial şəbəkələrdə: